«Bakı şəhər və Yasamal rayon icra hakimiyyətlərinin məmurları əlbir olaraq, sakinlərin yaşamaq hüququnu pozur»
Bakının Yasamal rayonu, Şərifzadə küçəsindəki 162 və 166 saylı binaların sakinləri “Azadlıq”a göndərdikləri məktubun surətini Prezident Administrasiyasından tutmuş, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər Icra Hakimiyyəti, Yasamal rayon Icra Hakimiyyəti də daxil olmaqla, ən müxtəlif dövlət strukturlarına da ünvanlayıblar. Narazı sakinlər məktubda yazır:
“2014-cü ilin may ayında Fəxrəddin Paşayev adlı şəxs yaşadığımız ünvana gələrək, inadla ərazinin ona məxsus olduğunu bildirdi. Dedi ki, bu əraziyə Yasamal rayon Icra Hakimiyyəti tərəfindən verilmiş sərəncama sahibdir. Onu da bildirdi ki, ərazidə 10 metr hündürlüyündə 4 mərtəbəli obyekt tikəcək. Halbuki, bu şəxsin tikinti aparacağı ərazidə boş sahə yox idi. Ərazidə binaları təmin edən qaz boru xətləri, su-istilik təchizat xətləri, metronun havalandırma sistemi, metroya aid kabel xətləri və insanların oksigenə olan tələbatını ödəmək üçün çoxlu sayda ağaclar var. Sözügedən sahənin kənarından sakinlər magistral yola və metroya getmək üçün istifadə edirlər. Ən əsası da odur ki, evlərimizə düşən günəş işığının və havanın qarşısı alınır. Orada aparılan tikinti işləri hər iki binaya ciddi ziyan vura bilər.
Biz 20 iyun 2014-cü ildə Bakı Şəhər Icra Hakimiyyətinə muraciət etdik. Icra Hakimiyyətindən bizə bildirdilər ki, Fəxrəddin Paşayevin o ərazidə tikinti aparmaq üçün icazəsi yoxdur. Ancaq bu şəxs icazəsi olduğunu bildirərək, öz əməlindən əl çəkmək istəmədiyini, hansı yolla olursa-olsun, tikintini həyata keçirmək niyyətində olduğunu bildirdi.
Bakı Şəhər Icra Hakimiyyətindən əraziyə nümayəndə gəlməsinə nail olduq. Nümayəndə sənədlərə baxış keçirərkən aydın oldu ki, Bakı Şəhər Icra Hakimiyyətinin baş memarı Akif Abdullayev tərəfindən verilən sənəddə 164 saylı binanın ətrafı göstərilib. Yasamal Rayon Icra Hakimiyyəti tərəfindən verilmiş sərəncam da 164 saylı binanın ətrafına aid olan ünvana verilib. Bizim ünvan isə 162 və 166-dir. Hətta ona verilmiş torpaq sahəsi də 164 saylı binanın ətrafı sayılır. Nümayəndə ona bildirdi ki, sizin layihədə göstərilən ünvan bura deyil, Fəxrəddin Paşayev isə söylədi ki, onsuz da mən bu ərazidə obyektimi tikəcəm.
Bir neçə gündən sonra Yasamal Rayon Icra Hakimiyyətinin memarı Bağırov Eyvaz 2013-cü ildə təsdiqlənmiş layihədə göstərilmiş 164 rəqəmini texniki səhv adlandıraraq, 162 etməklə, bu sərəncamı Fəxrəddin Paşayevin xeyrinə həll etmək istədi. Hətta bizə çatan məlumatlara görə bu məsələ baş memar Akif Abdullayevlə də razılaşdırılıb. Akif Abdullayev mətbuatda bildirib ki, yeni tikililər bir-birinə yaxın məsafəli olduğuna görə söküləcək. Bəs necə olur ki, həmin Akif Abdullayev sahəsi kiçik olan ərazidə tikiləcək obyektlə bina arasındakı məsafəni 1 metr qoymaqla obyekt tikilməsinə razılıq verir?
Fövqəladə Hallar Nazirliyindən gələn nümayəndə əraziyə baxış keçirərkən bildirdi ki, tikiləcək bina ilə arasındakı məsafə 9 metr olmalıdır. Yəqin ki, baş memar bunları bilməmiş olmaz. Dəfələrlə baş memarın qəbuluna düşmək istədik, ancaq buna imkan vermədilər.
Yasamal Rayon Icra Hakimiyyəti və Bakı Şəhər Icra Hakimiyyətinin məmurları əlbir olaraq sakinlərin yaşamaq hüququnu pozur.
Fəxrəddin Paşayev sakinlərlə hər söhbətində bildirirdi ki, metronun havalandırılmasının da icazəsini alıb. Ona verilən icazə 164 saylı binanın ətrafı üçün verilib, bu icazə 2013-cü ildə Tağı Əhmədov işlədiyi müddətə aiddir. Məsələyə aydınlıq gətirmək üçün metropolitenə ərizə ilə müraciət etdik. Ərizəmizə cavab olaraq metropolitenin hüquqşünası Ramil adlı bir nümayəndə bizim əraziyə gəldi. O, Fəxrəddin Paşayevə yaxın olan sakinin vasitəsilə telefon əlaqəsi saxladı və sənədlərlə birgə yanına gəlməyi tapşırdı. Iki gün sonra Ramil müəllimin əlində fotoaparatla ərazinin şəklini çəkdiyini gördüm. Ona yaxınlaşıb işin nə yerdə olduğunu soruşdum, o da məsələnin araşdırıldığını dedi. Fəxrəddin Paşayevin sənədinə baxarkən Tağı Əhmədovun zamanında işləmiş keçmiş rəisin imzası və möhürü ilə təsdiqlənmiş qeyd gözümə sataşdı. Orada göstərilirdi ki, havalandırmanın yanından kabel xətləri keçir, Ramil müəllim isə inadla bildirdi ki, buradan heç bir kabel xətti keçmir ve keçmiş rəis səhv edib imza atıb.
Yasamal Rayon Icra Hakimiyyətindən bizə göndərilən məktubda isə bildirilir ki, yaşadığımız evlərin həyətində ağacların kəsilməsi və qanunsuz tikinti aparılmasına cəhd göstərilməsi barədə şikayətimiz araşdırılıb. Icra Hakimiyyəti iddia edir ki, yaşıllaşdırma idarəsi həyətdə iki quru ağac kəsərək götürüb və hazırda həmin sahədə heç bir tikinti işi aparılmır. Halbuki, orada nəinki quru ağac, yaşıl ağaclar məhv edilib. Bu məsələnin araşdırılaraq tədbir görülməsini xahiş edirik".