“Paşinyan əlbəttə ki, qorxmalıdır. Ermənistanda revanşist güclər geniş vüsət almaqdadır. Eyni zamanda erməni terror düşüncəsi də hər zaman bu cəmiyyətdə at oynadıb. 100 ilə yaxındır ki, erməni terroru dünyada tanınır”.
Bu fikirləri Musavat.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
Politoloq xatırladıb ki, 1999-cu ildə Ermənistan parlamentində Qarabağla, Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə bağlı digər fikirdə olanlara qarşı amansız, qanlı olay törədilib:
“Məhz həmin parlamentdə, yaxud digər yerdə Paşinyana qarşı da bu və ya digər qüvvələr amansızlıq nümayiş etdirə bilər. Bunun bir neçə amili var. Birincisi, Nikol Paşinyanın Azərbaycan və Ermənistan arasındakı sülh prosesində düşüncəsi Ermənistanın digər siyasi partiyalarının düşüncəsindən fərqlənir. İkincisi, Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətlərdə maraqlıdır. O, Levon-Ter-Petrosyanın yolunu getmək istəyir. İlk dəfədir ki, Ter-Petrosyanın ardıcılı hakimiyyəti ələ alaraq bunu real olaraq həyata keçirə bilər. Vaxtilə Levon-Ter-Petrosyan qeyd edirdi ki, ətraf rayonları Azərbaycana qaytarmaq lazımdır, yoxsa Ermənistan gələcəkdə uduzacaq. Həmin dövrdə onu topa tutdular, hakimiyyətdən kənarlaşdırdılar. Amma zaman göstərdi ki, Ter-Petrosyan düz deyirdi.
Bu dəfə Paşinyan qeyd edib ki, 29 min kvadratkilometrlik ərazimizə təhlükəsizlik təminatı verilsin. Bu dəfə də onun sözlərinə istehza ilə yanaşırlar. Amma zaman göstərəcək ki, erməni cəmiyyətinin məqsədini 29 min kvadratkilometrlik ərazidə qorumaq lazımdır, nəinki Azərbaycan torpaqlarına iddia irəli sürmək. Azərbaycan torpaqlarına iddia Ermənistan dövlətinin süqutu ilə nəticələnə bilər. Üçüncüsü, Ermənistan qərbyönlü siyasət seçib və Rusiya ilə münasibətlər birmənalı şəkildə yaxşı deyil. Bu və digər təhdidlər, regionda ciddi şəkildə geosiyasi konfiqurasiyanı dəyişə biləcək proseslər, Paşinyanın verdiyi qərarlar ona qarşı terroru gücləndirir. Buna görə də onun qorumalarının sayı artıb. Hətta parlamentdə hər fraksiya nümayəndələrinin kənarında Paşinyanın qorumaları onun təhlükəsizliyi ilə məşğul olur”.
Aytən Novruz
Musavat.com