Hökumətin xalq içində niyə etimadı yoxdur? - Baş nazir üçün o "cihaz" tapıldı...

21-04-2023, 10:00   





Azərbaycan hakimiyyətinin 2018-ci ildən götürdüyü yeni idarəetmə kursu və komandanı gəncləşdirmə siyasəti heç də demək olmaz ki, geridə qoyulan 4 ildə tamamilə hədəflərinə çata bilib. İqtidarda onillərlə kök salmış nazirlər yola salınmasına baxmayaraq, sistemdə və idarəçiliyin fəlsəfəsində  fundamental dəyişikliklər olmayıb. Bu gün sahibkarından tutmuş təqaüdçüsünə, qazisindən fermerinə qədər cəmiyyətin bütün zümrələrində yenə də narazılıq var. Niyə? Çünki fiqurlar dəyişir, yanaşma kəskin surətdə fərqlənmir: iş adamı həmin monopoliya olan gömrüklə üzləşir, aztəminatlı ailə sosial müdafiə sahəsində müavinət üçün min bir bəhanə ilə qarşılaşır, icbari tibbi sığortaya keçid etsək də, xəstəxanalar rüşvətdən qanqrena verir, təhsil, vergi, bank-maliyyə, aqrar sektorlarda kosmetik refreş əhalinin həyatına ciddi şəkildə pozitiv təsir etməyib. Bu mənada parlamentin üzvü, cəmiyyətin siyasi-iqtisadi və sosial sifarişlərini dərindən təhlil edən Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Orucun ötən ay Milli Məclisdə hökumətin xalq içində etimadının yüksək olmadığını söyləməsi həqiqətləri əks etdirir. Zahid Oruc və onun rəhbəri olduğu STM mütəmadi olaraq analizlər aparır, ən müxtəlif mövzularda sorğular keçirir, cəmiyyətin hakimiyyətdən istək və arzularını öyrənir, xalqın gözləntilərini dəqiqləşdirir və iqtidara təmin edir. Bu zaman zərgər dəqiqliyi ilə bilmək olur ki, xalqın bu iqtidara münasibəti necədir, hansı sahələrdə qeyd-şərtsiz islahatlar aparılmalıdır, nə kimi boşluqlar və axsaqlıqlar mövcuddur. Kəsəsi, Zahid Oruc və  təhlilçi komandası yamaq vurmadan, malalamadan Azərbaycan hakimiyyətinə, onun ayrı-ayrı qollarına, Nazirlər Kabinetinə həyəcan təbili çalır: xalq sizdən nə istəyir, nədən narazıdır, ən çox şikayət hansı sahələrdəndir... Eləcə də siyasi sorğular, milli məsələlər, Qarabağ və digər taleyüklü mövzularda cəmiyyətin gözləntiləri öyrənilir. Və aparılan əhatəli analizlər və hesablamalar, ictimaiyyətə təqdim edilən sorğuların faizləri göstərir ki, bəli, hökumətin yeni idarəetmə kursu götürməsinə rəğmən, hələ də xalq içində etimadı yüksək deyil. Lakin deputat Zahid Oruc bu fikri parlamentdə səsləndirəndə baş nazir Əli Əsədov gözlənilmədən qəribə reaksiya, hətta deyərdik replika verdi. Sitat: "Hansı cihazla müəyyənləşir ki, xalqın arasında hökumətin nüfuzu aşağıdır? Zahid Orucdan xahiş edəcəm ki, hansı cihazdırsa, gətirsin, görək, xalqın arasında hökumətin nüfuzunu necə ölçürlər?”
Əvvəla, baş nazirin replikası və ritorikası kifayət qədər məktəbli tərzini xatırladır. Bu sayaq fikir bildirmək, "hansı cihazdır, gətirsin" söyləmək baş nazir leksikonuna yaraşmayan stilistikadır. Ə.Əsədov hər hansı "cib siyasətçisi", yaxud hərşeyşünas ekspertlərdən deyil ki, bir millət vəkilinə, xüsusən önəmli sahələrdə tədqiqatlar aparılması birbaşa Prezident tərəfindən ona tapşırılan siyasi xadimə bu şəkildə cavab versin. Adətən "bulvar siyasətçiləri" qalmaqal və gündəm olmaq üçün ritorikasında yüngül atmacalara üstünlük verir. Amma söz baş nazirin olanda, Əli Əsədov kifayət qədər sanballı təhlilləri, intellektual bazası olan deputata çəkisinə, statusuna uyğun səviyyədə reaksiya verməliydi. O ki qaldı, həmin "cihaza", həmin yoxlama aparatı elə STM-dir. Əgər yuxarıda sadaladığımız problemlərin Z.Oruc və komandası tədqiqatını aparırsa, sorğular keçirərək ictimai rəyi hökumətə təqdim edirsə, bunun özü elə baş nazirin maraqlandığı cihazdır. Məhz bu sorğular, ictimai rəyin öyrənilməsi ölçü cihazıdır ki, hökumətin xalqın içərisində etimadının olub-olmadığı müəyyən edilir. Nəticə də göz qabağındadır: baş nazir başda olmaqla, hökumətin, yəni Nazirlər Kabinetinin əhali arasında nüfuzu yüksək deyil. Faktiki olaraq, Nazirlər Kabineti funksionallıq baxımdan effektiv fəaliyyət göstərmir. Əslində baş nazir hökuməti tez-tez çağırmalı, açıq müzakirələr getməli, cəmiyyəti narahat edən məsələlər publik şəkildə dilə gətirilməli, nazirlərdən hesabat istənilməli, hər ay bu diskussiyalar olmalı, o cümlədən elə hər ay da bütün nazirlər ayrı-ayrı bölgələrə getməli, vətəndaşlarla görüşməlidirlər. Söhbət qabaqcadan icra strukturları tərəfindən təlimat almış vətəndaşlardan getməməlidir, şikayətçi olanların, hüququ pozulanların nazirlərlə birbaşa açıq təması olmalıdır. Onlar bilməlidirlər ki, yerlərdə narazılıq nədəndir, hansı sahələrdə şikayətlər çoxdur. Bu səhiyyə nazirinə də, təhsil nazirinə də, Gömrük rəisinə də, digər qurum rəhbərlərinə də şamildir. Amma baş nazir və nazirlərin xalq içində hökumətin etimadının olub-olmadığını onların əvəzinə Z.Oruc və STM sosial sorğularla təyin edə bilir. Yaxşı olar ki, cənab Əli Əsədov həmin cihazı axtarmaq yerinə, xalqın istəkləri ilə maraqlansın, o zaman hər şey gün işığına çıxacaq...

Azər Talıbov

Anaxeber.info



 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.