Tehran rejimi ölkəmizdə axtarışda olanların iştirakı ilə “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın açılışına hazırlaşır; diplomatik danışıqlarda “buzların əriməsi” ərəfəsində mollakratiya yenə iş başındadır - ekspertlərin fərqli şərhi
Hüquq-mühafizə orqanlarının İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə əməliyyatları davam edir.
Bu prosesin həlledici hadisələrindən biri İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verilməsinin deşifrə olunması idi və 4 əməkdaşı ölkəmizdən qovuldu. Ekspertlərə görə, İran xüsusilə 90-cı illərdə Azərbaycanda kütləvi şəkildə casus cəlbetmə ilə məşğul olub. Bu siyasəti uzun illər İranın İnformasiya Nazirliyi üzərindən həyata keçirirdilər. Azərbaycan xüsusi xidmət orqanlarının gördüyü davamlı işlər nəticəsində bunların sayı aşağı düşüb. Buna baxmayaraq, onlar hələ mövcuddurlar. “Bu gün Azərbaycanda İrana bağlı olan casus şəbəkəsində, yatmış hücrələrdə nə qədər vətəndaşımız” var sualına birmənalı cavab vermək çətindir. Amma onların hələ də mövcud olduğu şübhə doğurmur, çünki yenə də qeyd edək ki, İran 30 il ərzində bu istiqamətdə ciddi və sistemli iş aparıb.
O səbəbdən İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxribatlar hazırlamaqda davam edir. Molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib. Rejimə xidmət edən və SEPAH-ın nəzarətində olan teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir. Tehran rejimi “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın yeni mərkəzinin açılışına hazırlaşır. Bu təşkilatın yaradılmasında Azərbaycanda axtarışda olan və İrana sığınanların iştirak etdiyi bildirilir. Bu həm də o deməkdir ki, İrana bağlı hücrələr hələ də qalır və Tehran indi heç olmasa, onların “təşkilatlanmasını” həyata keçirmək istəyir. Halbuki diplomatik danışıqlarda müəyyən impuls müşahidə edilməkdədir. İran XİN rəsmisi Nəsir Kənani demişdi ki, danışıqlarda nisbi uğur əldə olunub. Son zamanlar xarici işlər nazirləri səviyyəsində telefon söhbətləri olub və buzların bir qədər əriməsi ehtimalı var.
Bununla belə, mollakratiya ideoloji təbliğat maşınını bizə qarşı yenə də istifadə etməkdədir və Tehran-Bakı arasında hər nə qədər diplomatik müstəvidə müzakirələr getsə də, göründüyü kimi, “Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı” yaratmaqla yenə prosesin pozulması getməkdədir. Burada xüsusən SEPAH rol oynayır. Sanki İranda hökumət əlaqələri bərpa etməyə çalışır, İslam İnqilabı Keşikçiləri Korpusu gərginliyi körükləyir...
Sadiq İsabəyli
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin İdarə Heyətinin üzvü Sadiq İsabəylinin bildirdiyinə görə, İranın Azərbaycan dövlətçiliyinə münasibəti düşmənçilik səviyyəsindədir. Onun fikrincə, Tehran hakimiyyəti ideoloji, siyasi və sosial müstəvidə öz bazasını qurmaqdadır: “Bu gün narkobaron şəbəkəsi, terror dəstəsi və ideoloji zəmində casus qrupları hazırlayır. Sonra onlardan gələcəkdə təhdid üçün istifadə edir. Bu resurslar Azərbaycanın həm daxilində, həm xaricində yaradılır. 13-14 yaşında uşaqların Qum, Məşhəd şəhərlərinə aparılması faktları var. Sən hansı icazə ilə dini mərkəzlərdə bu uşaqlara ideoloji dərs keçirsən? Sonra bu təbliğatdan terror, cinayət istiqamətində istifadə edir. Bu illərdir ki, davam edən prosesdir. Sadəcə, bu gün hadisələr təhdid müstəvisinə keçib”.
S.İsabəylinin fikrincə, İranın addımlarını həm sərhədlərimizdə, həm Ermənistan üzərindən aparılan siyasətlə, o cümlədən daxildə terrorla görmək mümkündür: “Millət vəkili Fazil Mustafaya terror, səfirliyimizə hücum təhdid etmək anlamı daşıyır. Yəni Azərbaycan düşməndir və onu təhdid etdiyimi bilməlidir. Amma Azərbaycan cavab verdi və dedi ki, bizimlə təhdid dilində danışa bilməzsiniz. Prezident son çıxışında da dedi ki, Ermənistan üzərindən kimsə bizi təhdid edə bilməz. Bu o demək idi ki, ey İran, sənin cavabını verəcəyik. Yalnız bundan sonra xarici işlər nazirləri səviyyəsində danışıqlar oldu, guya Tehran aranı yumşaltmaq istəyir. Əslində İranın diplomatik oyunlarıdır, İsrail bəhanəsi də siyasətin bir parçasıdır. Fakt İran bizim üçün real təhdiddir”.
Siyasi ekspert Çingiz Göytürkün fikrincə, İranın Azərbaycana düşmənçiliyi yeni məsələ deyil: “Ölkəmizin müstəqilliyinin ilk illərindən bu siyasət yürüdülür. Sadəcə, altdan və gizli şəkildə bu siyasət var idi. Vətən müharibəsindən sonra düşmənçiliyi ölçüsüz və açıq formada qabartdı. Bu da Azərbaycanın regionda güclənməsi və yeni layihələr icra etməsi ilə əlaqəlidir. Əvvəla, düşmənçiliyin kökündə yatan ilk amil 40 milyonluq soydaşımızın İranda varlığıdır. Bu, Tehran rejimi üçün təhlükədir. Onlar Azərbaycanın varlığını bu kontekstdə təhdid sayırlar. İkincisi, Zəngəzur dəhlizinin işə düşməsi İranı ciddi narahat edir. Onlar yaxşı görür ki, enerjinin tranziti bağlana bilər və yeganə gəlir mənbəyi olan neft-qazını satmaqda çətinliyi yaranacaq. Eləcə də tranzitdən əldə etdiyi gəlirdən məhrum olacaq. Amma bu problemi özündə axtarmaq yerinə Azərbaycanda axtarır. Hərçənd dünyanın İrandan imtinasının yeganə səbəbi bu ölkənin Qərbin Çinlə nəqliyyat qovşağı üçün güvəniləcək tranzit olmamasıdır. Ən etibarlı yol Zəngəzur koridorudur. Ona görə Azərbaycana olan bu düşmənçilik Ermənistana sevgidən qaynaqlanmır, məhz Zəngəzur dəhlizinin açılmasına görə bizi təhdid edirlər”.
Asif Nərimanlı
Siyasi şərhçi Asif Nərimanlı isə İranda yeni anti-Azərbaycan təşkilatının yaradılması ilə yanaşı fars rejiminin sərhəddə xüsusi radar sistemləri yerləşdirməsinə də diqqətli cəlb edir. Onun sözlərinə görə, SEPAH-ın Qüds qanadına bağlı Teleqram kanalı məlumatı bu qeydlə yayımlayıb: “İran-Azərbaycan əlaqələri gərginlik yaşadığı dönəmdə. İran ölkənin şimal-qərbində bir sıra çoxməqsədli mərhələli radarlar yerləşdirib”. Bakı-Tehran xəttində gərginlik yaxın günlərə qədər davam edirdi. Xarici işlər nazirləri səviyyəsində qurulan təmaslardan sonra müəyyən yumşalmaların yaranması ilə müşahidə edilsə də, gərginliyin arxada qaldığını demək çətindir. Bu baxımdan, radarların da yaxın dövrdə sərhəddə yerləşdirildiyi və hələ də orada olduğunu demək mümkündür. Burada diqqətçəkən bir neçə məqam var: Birincisi, radarlarla bağlı məlumatın niyə tirajlanmasıdır; Bakı ilə müəyyən təmaslar qurulsa da, Tehranın Azərbaycan-İsrail münasibətlərinə dair mövqeyi dəyişməyib və İsrailin xarici işlər naziri Eli Kohenin Bakıya səfəri də cənubda narahatlıqla izlənilir. Kohenin Bakıya gəldiyi gün Azərbaycanla sərhəddə radarların yerləşdirilməsi informasiyasının tirajlanması “Azərbaycan-İsrail münasibətləri İrana qarşıdır” iddiasından əl çəkməyən İranın “güc nümayişi” sərgiləməsi kimi başa düşülə bilər".
Təhlilçi hesab edir ki, ikincisi, bu radar sistemlərindən hansı məqsədlər üçün istifadə edilməsidir: “İranın radar sistemləri ilə bölgədə kəşfiyyat işləri apardığı və toplanan məlumatların Ermənistana da ötürüldüyü istisna deyil. 44 günlük müharibədə İranın Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları quraşdırdığı, Azərbaycan Ordusunun hərəkət trayektoriyası, danışıqları, əməliyyat şəraiti və döyüş təyyarələrinin hava hərəkəti haqda məlumatlar toplayaraq, Ermənistanın Baş Qərargahına ötürdüyü bəllidir. Ermənistan sərhədlərini "qırmızı xətti" elan edən Tehranın sərhədimizdəki radarlarla eyni işi davam etdirdiyi versiyası güclüdür. Hətta təcrübə bunun şübhəsiz belə olduğunu da deməyə əsas verir".
Emil SALAMOĞLU
“Yeni Müsavat”