Qərb iqtidarı niyə sıxmağa başladı?

20-09-2014, 12:09   
Qərb iqtidarı niyə sıxmağa başladı?Gözlənildiyi kimi də oldu. Azərbaycan yeni təzyiqlərlə üzləşdi. Bu dəfə sərt tənqidlər Avropa Parlamentindən gəldi. Avropa Parlamentinin üzvləri Azərbaycan hakimiyyətini ölkədə insan hüquqlarının sistematik və kobud şəkildə pozulmasına görə pisləyən qətnamə qəbul etdi. Xüsusən qeyri-hökumət təşkilatlarının, siyasi fəalların və müstəqil mətbuat nümayəndələrinin təqibinə görə.

Qətnamədə hüquq müdafiəçiləri Leyla və Arif Yunus, İntiqam Əliyev, Həsən Hüseynli və Rəsul Cəfərovun dərhal azad edilməsi haqqına dəqiq tələb ifadə olunub. “Aİ-nin Azərbaycanla əməkdaşlığı hərtərəfli olmalı və insan hüquqlarının müdafiəsini də əhatə etməlidir”,- deyə qətnamədə vurğulanır.

Qeyri-rəsmi məlumatlara görə, hüquq müdafiəçilərinin təqibinə son qoyulmasa, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi təhlükəsi var.

Bundan başqa, Avropa Parlamenti Beynəlxalq Olimpiya Komitəsini Azərbaycandan 2015-ci il Avropa Oyunları çərçivəsində söz azadlığını təmin etməyi tələb etməyə çağırıb.
Söz azadlığı təmin edilmədiyi təqdirdə Avropa Parlamenti, həmçinin Avropa Şurası Azərbaycana qarşı sanksiyalar ehtimalına baxacaq.

Avropa Parlamentinin bu qərarı ciddi siqnallardan xəbər verir. Azərbaycan ətrafında hansısa planların qurulduğu və onların həyata keçmək ərəfəsində olduğu ehtimalları yüksəlməkdədir. Bu gün araşdırmaçıları belə bir sual düşündürür - Azərbaycandan nə istəyirlər?

Bütün bunların başvermə səbəbinin yalnız Azərbaycanda insan haqlarının vəziyyətinin acınacaqlı durumda olması ilə məhdudlaşması inandırıcı deyil. Belə olan təqdirdə, yenə eyni sual yaranır: Bakıya hansı təkliflər edilib ki, ondan imtina bu dərəcədə aqressiya yaradıb?! Yəqin ki, bu suala cavab verə bilməkdən ötrü Azərbaycan ətrafında yaranan geosiyasi durumu təhlil etmək gərəkdir. Bu “soyuq müharibə”nin arxasında Amerika Birləşmiş Ştatlarının dayandığını nəzərə alsaq, məsələ bir qədər sadələşir. Yəqin ki, söhbət ABŞ üçün Azərbaycan cəmiyyətinin demokratikləşməsindən daha vacib məsələdən gedir.

Xəzər dənizinin ABŞ geosiyasətində olduqca mühüm rol oynadığını əlavə şərh etməyə ehtiyac yoxdur. Son zamanlar Vaşinqton bu bölgədə daha da möhkəmlənmək üçün konkret addımlar atmaq niyyətindədir. Enerji layihələri ilə zəngin olan Xəzər hövzəsi amerikalı ideoloqların qənaətinə görə, Rusiya və İran üçün bağlı olmalıdır. Amerikanın Xəzər hövzəsində NATO bazasını yerləşdirmək cəhdləri Vaşinqtonu daha fəal gedişlər etməyə sövq edir. Bu baxımdan, ABŞ hərbi bazalarının Xəzərə qısa bir zamanda buraxılması tələb olunan məsələlərdən ola bilər.

Azərbaycan “cızığından çıxacağı” an ABŞ hansısa demokratik qüvvəyə dəstək verə bilər. Belə bir hakimiyyətlə isə ABŞ əməkdaşlığa hazırdır.

Avropa Parlamentinin qərarı Azərbaycana təzyiq kimi dəyərləndirilə bilər. Qərb Bakıya həm İran məsələsində NATO ilə əməkdaşlıq, həm də Rusiya məsələsində birmənalı qərbpərəst mövqe tələb edir.

Son qərar Azərbaycana birmənalı qərbyönlü diplomatiyaya üstünlük verməsinə çağırış kimi də dəyərləndirilə bilər. Əks təqdirdə, təzyiqlər daha da artacaq. Ehtimal etmək olar ki, bu zaman ABŞ əsas katalizator rolunu oynaya bilər.

Avropa Yay Oyunlarına qədər Azərbaycana təzyiqlərin çox olacağı birmənalı şəkildə ehtimal oluna bilər.

Rəsmi Bakının Qərblə şantaj dilində danışması fəsadlar törədir. Avropa Parlamentinin son qərarı Azərbaycan hakimiyyətinə verilən şans kimi də dəyərləndirilə bilər.

Siyasi məhbus problemi, Qərbin nüfuzlu təşkilatlarının ölkədən faktiki olaraq qovulması “qırmızı xətt”lərin keçirilməsi idi. Bu xətti keçmək yanlış idi. Bunun bədəli ağır ola bilər. Rəsmi Bakını qarşıda daha sərt tənqidlər gözləyə bilər...

Azər RƏŞİDOĞLU
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.