Ərazilərimizə qanunsuz hərbi daşınmaların həyata keçirildiyi Həkəri körpüsünün bağlanması və Laçın-Xankəndi yolunun başlanğıcında (Ermənistanla sərhəddə) sərhəd-buraxılış məntəqəmizin qurulması Ermənistan və separatçıları təşvişə salıb.
Teleqraf.com xəbər verir ki, gəlişmədən dərhal sonra separatçıların başçısı Araik Arutyunyan “təhlükəsizlik şurasının iclası”nı keçirib.
“İclas” başladığı kimi - dərhal bitib, boş söz-söhbətlərlə yekunlaşıb.
Baş verənlərə növbəti reaksiyalar İrəvandan gəlməyə başlayıb.
Ermənistan parlamentinin seputatı Tiqran Abramyan bununla ermənilərin Qarabağa separatizm xülyasının bitdiyinə eyham vurub.
“Azərbaycan Ermənistanı Qarabağla birləşdirən yolun keçid məntəqəsinin quraşdırılması üçün bağlandığını açıqladı. Bu o deməkdir ki, Azərbaycan Ermənistanı Qarabağla birləşdirən mühüm qovşaqda nəzarət-buraxılış məntəqəsi yerləşdirir. Azərbaycan bütün prosesi gücləndirilmiş qüvvələrlə, əsasən daxili qoşunların cəlb edilməsi ilə həyata keçirir. Sadə dillə desək, Azərbaycan müvafiq yoxlama və rejimlə Ermənistandan Qarabağa və əksinə nəqliyyatı öz nəzarəti altına alır”, - Abramyan bildirib.
Əlbəttə, istər Ermənistan siyasilərinin, istərsə də separatçıların etiraz və digər hədyanları əbəsdir. Çünki Azərbaycan öz suveren ərazilərində təhlükəsizliyi naminə istədiyi addımları atır – buna heç kim mane ola bilməz. Xüsusən də beynəlxalq hüquq baxımından haqlıykən.