“Şərurlu İsfəndiyar”ın oğlu kimi dərsə yüz minlik avtomobillərdə gələn xeyli tələbə var
Ərəb şeyxlərinin oğlanları ən nüfuzlu Britaniya məktəblərində təhsil alırlar. Amma təhsil hələ işin birinci yarısıdır. Şeyx oğulları Britaniyada tələbə yataqxanasında yox, dəbdəbəli saraylarda qalırlar. Tələbə ərəb şeyxlərinin avtomobilləri də ingilislərinkindən fərqlənir. Londonda əgər qızıldan “Range Rover”, yaxud 3 milyon avroluq idman avtomobili görsəniz, şübhəniz olmasın ki, bu, ərəb əsilli tələbəyə məxsusdur. Belə ki, Qətərdən, Küveytdən, Səudiyyə Ərəbistanından Britaniyaya uçan təyyarəyə tələbənin avtomobili də yüklənir. Avtomobili təyyarə ilə aparmaq şeyxlər üçün qəpik-quruşa başa gəlir - cəmi 33 min dollara.
Amma təkcə ərəb şeyxlərinin ali təhsil alan övladları belə fantastik qiymətdə olan maşınlarda gəzmirlər. Rəhmətlik Mirzə Ələkbər Sabirin “əcnəbilər ayda balonlarla gəzir, biz hələ avtomobil minməyiriz” sözü artıq qüvvədən düşüb.
Çünki azərbaycanlı “şeyx”lərin də tələbə övladlarının belə həyat tərzi sürdüyünü görmək olar. Onların arasında dövlət vəzifəsi tutan da var, məmurlara bağlı və bizneslə məşğul olanlar da var. Bugünlərdə Dövlət İqtisad Universiteti yaxınlığında 650 min dollarlıq qiyməti olan avtomobilin görüntülənməsi də belə faktlardan biridir.
Məlum oldu ki, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun tələbə oğlu əsl Britaniyadakı ərəb şeyxlərinin övladları kimi hərəkət edir. Tələbə olan Allahverdi Axundovun 650 min dollarlıq “Lamborghini”yə sahib olması onu şeyx övladından fərqləndirmir. “Şərurlu İsfəndiyar” əvvəlcə oğluna aid belə maşın olmasını inkar etsə də, növbəti açıqlamasında təsdiqləmişdi.
Bu faktdan çıxış edərək tələbələrimizin ali məktəblərə gedərkən hansı minik vasitəsindən istifadə etdiyini öyrənmək qərarına gəldik. Bu məqsədlə səhər saatlarında ölkənin nüfuzlu ali təhsil ocaqlarının qarşısında müşahidələr apardıq.
Əvvəlcə, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) qarşısına baxış keçirdik və məlum oldu ki, universitetin qarşısında şlaqbaum qoyulub, kənar şəxslərin maşınlarının ali məktəbin həyətinə buraxılması qadağandır.
Bu qərar ADİU-da təhsil alan tələbələrə də şamil olunub. Yalnız universitet rəhbərliyinin, dekan - müəllim heyətinin avtomobilləri ərazidə saxlanıla bilər. Tələbələr isə maşınlarını yolun əks tərəfində ara yollarda saxlayırlar.
Universitetin mühafizəçisi bizə tələbələrin maşınlarını harada saxladıqlarını göstərdi. Tələbələr avtomobillərini Axundov bağına gedən küçələrdə saxlayırlar. Onların arasında “Prado”, “BMW”, “Lexus” “Mercedes S Class” və başqa bahalı maşınlar var.
Həmçinin Bakı Dövlət Universitetinin önündə onlarla bahalı maşınlar var idi. Onların sırasında tələbələrin də maşınları var. BDU-nun həyətində geniş bir ərazi var ki, maşın park etmək üçün nəzərdə tutulub.
Ancaq bu icazə də ADİU-də olduğu kimi müəllimlərə şamil edilib. Tələbələr isə dövlət qulluqçusu olmadığı, işə yox, dərsə gəldikləri üçün onlara belə bir imtiyaz verilməyib. BDU ilə üzbəüz Memarlıq və İnşaat, o cümlədən Texniki Universitetin binaları qarşısında maşınlar var idi.
Onların ali məktəblərin həyətinə girişi qadağandır. Adətən bahalı avtomobili olan tələbələr dərsin ilk saatlarında məktəbdə olurlar, qalan vaxt isə məktəbdən kənarda vaxt keçirirlər. Bahalı avtomobil sürən tələbələrdən kimisi prokuror, kimisi gömrük rəisi, kimi polis rəisinin övladıdır.
Bu kateqoriyalı tələbələr içərisində “Şərurlu İsfəndiyar” kimi bizneslə məşğul olanların övladları da var. Bundan əlavə, dərsə bahalı maşında gələnlər arasında qız tələbələr də var. Mühafizəçilərin sözlərinə görə, bu cür imkana sahib tələbələri hər kəs tanıyır və barmaqla göstərilirlər.
Mühafizəçilər deyirlər ki, dəfələrlə ali məktəbin qarşısına qiyməti yüz min dollarla ölçülən maşınlarda tələbələr gəlib, avtomobildən düşüb, gözündə eynək, əlində açarı fırladaraq məktəbə daxil olub. Kimsə də onlarla problem yaşamaq, mübahisə etməyə can atmır.
Onların dediyinə görə, özünə vurğun olan belə tələbələr imkanlı valideynlərinə arxayındır. Ona görə də sükan arxasına keçəndə sürət həddini də aşırlar, qəza vəziyyəti yaradırlar. Söhbət etdiyimiz bəzi tələbələrin isə ümumi rəyi belə oldu ki, onlar “papanın gül balalarıdır” və istədikləri kimi yaşayırlar: “Onları nə dərs maraqlandırır, nə imtahan. İmkanlarına güvənirlər. Bilirlər ki, həll ediləcək. Universitetə də özlərini göstərməyə gəlirlər, qoy hamı bunların maşınlarını görsün. Amma bilmirlər ki, elə tələbə var, nə təhsil haqqını ödəməyə imkanı çatır, nə kirayədə qalmağa. Əksəriyyəti də restoranlarda ofisiant işləyir”.
E.SALAMOĞLU