Rus xalqı haqlıdır, yoxsa rus rejimi?!

20-09-2014, 14:36   
Rus xalqı haqlıdır, yoxsa rus rejimi?!Kamil Vəli Nərimanoğlu

Insan həqiqətin yanında olanda güclü olur. Təbii ki, həqiqətin yanında olan rus xalqı güclüdür. Haqlı güclülük məntiqini qəbul etməyə məcburuq. Rus xalqı Ivan Qroznının öz doğma balasını öldürə biləcək səviyyədə qəddarlığına dövlətçilik prizmasından baxanda haqq qazandırırsa, burada səbəblə nəticənin sürüşmüş mövqeyini düzgün qiymətləndirmək gərəkdir.

Ondan üç əsr öncə dahi Andrey Rublyovun rəngləri, rəsmləri fonunda tatar-monqol işğalı yüz illər boyu lənətləndi və nəhayət, qanın, ölümün, qırğının, köçün fonunda bəsbəlli bir dəyər ortaya çıxmışsa, bu dəyəri Y.Dolqoruki də, Ivan Qroznı da, hətta I Pyotr da yüksək qiymətləndiribsə, tatar-monqol dövlət şinelindən çıxan qarışıq qanlı rus dövlətinin hansı tarixi modeldən əmələ gəldiyini unuda bilmirik, unutmağa haqqımız da yoxdur. Vergisindən sərhəd xidmətinə, gömrüyündən təhlükəsizliyinə, hərbi müdafiə sistemindən ideoloji baxışlar sisteminə qədər bütöv bir sistemin sadə bir adı var - dövlət və dövlətçilik.

I Pyotr millətin aldığı qanları nəzərə aldı. Avropa-Asiya sintezinin kimyasını və əl-kimyasını da diqqətə aldı və modern rus dövlətinin təməlini ata bildi.

Sələflərindən və xələflərindən görünən, bilinən I Pyotr və ya Dəli Petro (yada Koroğlunun qəhrəman dəliləri düşür...) milləti dövlətə daşımaqla mistik qanunçu, zəhmətkeş, sadə rus xalqının yeni bir rəsmini çəkə bildi. Dünya indi Rusiya adlı zamanı və məkanı I Pyotrun timsalında tapır.

Haqlı və güclü olduğu məqamlardan danışanda bir neçə adın üstündən yan keçmək olmaz. Dildə və ədəbiyyatda Puşkin, L.Tolstoy, F.Dostoyevski, Qoqol, Çexov, Lermontov - bir sözlə, qızıl dövrün qızıl adamları.

Sonra gümüş dövrün gümüş adamları: A.Blok, A.Belıy, V.Xlebnikov, daha sonra Pasternak, Svetayeva, Mayakovski, M.Bulqakov, Petrov və daha kimlər, kimlər...

Musiqi - Çaykovski, Qlinka, Borodin, Şostakoviç...

Memarlıq, elm, mədəniyyət sahələrini, dünyaca məşhur rusları sadalamaqla bitməz. Bunlar hamısı gözəl. Heç kəs inkar etməz ki, Sovet rejimi rus xalqının təbii ifadə şəkli deyildi.

Postsovet rejimi arayışları da rus xalqının stixiyasını, tarixi missiyasını ifadə edə bilməməkdir.

Və yenə də yazının başlığındakı suala dönürük: Əcəba, rus xalqı həmişə haqlıdırmı?

Ukrayna xalqının iradəsinə, əzminə qarşı gerçəkləşdirilən hər cür zorakılıq və zorbalıq rus xalqına yaraşmaz.

Slavyan xalqlarının tarixi birliyinə heç yaraşmaz.

Ukraynaya, Krım türklərinə münasibətdə rus xalqının iradəsi deyil, rus rejiminin iradəsi ön planda tutulmuşsa, tutulursa, hansı ədalətdən, hansı haqdan söhbət gedə bilər?

Azərbaycan torpağının beşdə birini işğal edən Ermənistan deyil, Rusiyadır.

Qarabağ problemini yaradan da, sürdürən də rus rejimi deyilmi?

Gürcüstana istiqlal və demokratiya yolunda min bir problem çıxaran da Rusiya rejimidir. Hər dəfə V.Putin asıb kəsdikcə, rus ayısının saldırqanlığını, qorxu və vahiməsini istifadə etdikcə insan rus şəfqətinə, ədalətinə, Dostoyevski insansevərliyinə, Tolstoy humanizminə inamını bir az da itirir.

Putin Rusiyası Soljenitsın Rusiyasını, Saxarov Rusiyasını yeyib bitirdikcə istər-istəməz düşünürsən: rus xalqı haqlıdır, yoxsa rus rejimi?!

Rus xalqı həqiqətin yanındadırmı?!
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.