Yeni və qəribə “Rus dünyası”!

20-09-2014, 14:55   
Yeni və qəribə “Rus dünyası”!Rusiyanın xarici siyasəti bütünlüklə Putinin hakimiyyətdə qalmaq çabalarına xidmət edir

1939-cu ilin oktyabrında Uinston Çörçill radio ilə çıxışında, sonradan aforizmə çevriləcək belə bir cümlə işlətmişdi: “Rusiya - mistik örtüklü, içi müəmma dolu sandıqdır”. Bu çıxış Polşanın Stalin və Hitler arasında iki hissəyə bölünməsi haqda paktın qəbulu zamanına təsadüf edirdi və yəqin, ilk növbədə həmin hadisə ilə bağlı söylənmişdi. Həmin çıxışda müəllif daha bir ifadə işlətmişdi: “Amma, çox güman ki, sandığın açarı vardır və bu, Rusiyanın milli maraqlarıdır”.

Diktatorun şəxsi maraqları

Dahi ingilis öz gümanında yanılmışdı. Ikinci Dünya müharibəsinin stalinist planı heç bir “rus milli marağından” irəli gəlmirdi. Həmin plan on milyonlarla rusun məhvinə - faciəyə səbəb oldu ki, Rusiya onun zərbəsindən hələ də sağala bilməyib. Rus xarici siyasətinin başa düşülməsinə açar həqiqətən vardır. Amma o, Rusiya tarixində milli maraqlarla deyil, ölkənin başında dayanan diktatorun şəxsi maraqları ilə müəyyən olunub çox zaman.

1939-cu ildə SSRI-nin xarici siyasəti müstəsna olaraq I.V.Stalinin əməli idisə, 2014-cü ildə başqa bir adamın - V.V.Putinin əməlidir. O dövrdə olduğu kimi, indi də Rusiyanın xarici siyasəti bir adamın mentallığının, həyat prioritetləri sisteminin, qarşıya qoyduğu məqsədlərinin girovuna çevrilib. Putinin əməllərinin təməl prioriteti şəxsi hakimiyyəti ömürlük əldə saxlamaqdır. H.Mübarək və xüsusən M.Qəzzafi kimi həmkarlarının aqibəti ona möhkəm dərs olub. Odur ki, Rusiyanın xarici siyasəti bütünlüklə Putinin hakimiyyətdə qalmaq çabalarına xidmət edir.

Miskin KQB fəlsəfəsi

Ukrayna ilə ləng hibrid müharibə Krımın ilhaqı ilə deyil, daha əvvəl, keçən ilin ortalarından başlamışdı. Həmin dönəmdən etibarən Putin təzyiq, şantaj, ələalma yolu ilə Ukraynanı Avropa Birliyi ilə Asossasiya sazişindən çəkindirməyə çalışırdı. Putin başa düşürdü ki, bu sazişin imzalanması Ukraynada ilk növbədə oyun qaydlarının dəyişməsinə səbəb olacaq. Ukraynanın Avropaya “hə” deməsi, kriminal kapitalizmin postsovet modelinə 90 faiz “yox” deməsi ilə . Avropa inkişaf modelini seçmiş Ukraynanın uğuru putinizmin - adi mebel mağazalarına “krışalıq” etməkdən tutmuş, neft şirkətləri gəlirlərinin sümürülməsinədək bütün iqtisadi sistemi əl altında saxlamağa yönəlmiş miskin KQB fəlsəfəsinin - Kaşşeysayağı ölümü deməkdir.

Ukrayna misalı rus cəmiyyət üçün qorxunc yoluxucu effekt verə və putinist rejimin yaxın tarixi perspektivdə labüd süqutu ilə nəticələnə bilərdi. Buna görə, Putinin fikrincə, Ukrayna ya həmişəlik postsovet rus ağalığının təsirində qalmalı, ya da parçalanmalıdır. Krımın ilhaqı bu hökmün icrası istiqamətində ilk addım idi. Putinin martın 18-də etdiyi çıxışı Kreml üçün maksimal sərfəli şərtlərlə Krımı ələ keçirməyə yönəlmiş təbliğatçı təqdimat idi. Həmin çıxışdan hiss olunurdu ki, Krımın ilhaqı Ukrayna inqilabını boğmaqdan daha çox, Putinin şəxsi problemlərinin həllinə hədəflənən bir əməldir.

Kremlin mif yaradıcıları

Ən qəddar avtoritar rejimlər belə, müstəsna olaraq qaba gücə arxalana bilməz. Belə rejimlər həmişə hansısa təməl miflər qurmağa çalışırlar ki, bununla əhalinin əksər hissəsini həqiqətlərdən azdırmaq, öz arxasınca aparmaq mümkün olsun. Və budur, qarşımızda yeni torpaq yığıcısı - Vladimir Tavriçeski barədə ruh yüksəldici, gözqamaşdırıcı mif ucaldılır. 18 martadək Kiyev üzərində nəzarət məqsəd, Krımın ilhaqı isə bu məqsədə nail olmağın əsas vasitələrindən biri idi. 18 martdan sonra torpaq yığıcılığı - keçmiş Sovet Ittifaqı (faktiki olaraq keçmiş Rus imperiyası) nəzarətində olmuş bütün ərazilərin “krımlaşdırılması” - Kremlin mif yaradıcıları tərəfindən cəmiyyətə mistik ali məram kimi, diz üstündən ayağa qalxmış rus milli ideyasının ali məğzi kimi sırınmağa başladı. Aydındır ki, bütün bunların iç üzündə “Rus dünyası” əbasını geymiş Putinin ömürlük hakimiyyətini legitimləşdirmək məqsədi təcəssüm olunur.

Televiziyalardakı isteriyadan və ictimai rəy sorğularının nəticələrindən belə qənaətə gəlmək olur ki, bizim vaxtilə Karpat dağlarından aşağı düşüb Rus istehkamlarından Kaliforniyayacan dünyanın yarısına yayılmış unikal genetik kodlu ari tayfamız ruhyüksəldici mifi böyük fərəhlə qarşılayıb.

“Çar həqiqi deyilmiş!”

1999-cu ildə Putin Astanada terrorizmlə mübarizəyə yönəlik “moçit v sortire” şüarını irəli sürəndə də eyni qəbil isteriya yaşanmışdı. Odur ki, Putin kütlələrin romantik əhvalına yaxşı bələddir. Belə əhval Putin üçün həm də o baxımdan sərfəlidir ki, avtomatik olaraq xaricdə düşmən, daxildə milli satqın obrazları yaradır və deməli, ölkə iqtisadiyyatının hazırkı bərbad və bundan sonra daha pis vəziyyətə salınacaq vəziyyətinə, habelə onunla eyni mövqedə olmayanlara qarşı qəddar təmizləmə işlərinə bu başdan və həmişəlik kütlənin gözündə bəraət qazandırır. Əslində, Kreml hakimiyyətini möhkəmlətmək üçün onun başqa yolu qalmayıb daha.

Lakin, eyni zamanda, Putin yeni qəhrəmanlıq mifi ilə ürəklərini fəth etdiyi rusların girovuna çevrilib. Bu mifin təbliğatçı istismarında ciddi təhlükə gizlənir. Mifik məntiq “Rus dünyasının” dönmədən genişləndirilməsini, əldə saxlanılmasını tələb edir. Bir balaca durğunluq, xarici düşmən qarşısından bircə addım geri çəkilməyə işarət edən hər şey ən çılğın tərəfdarlar arasında belə, qorxulu şübhə doğurasıdır: “Çar həqiqi deyilmiş!” Indi o, hakimiyyətinin son gününədək Həqiqi Vladimir olmağa, öz ari tayfasına yalan danışmağa, hər cür pisliyə qol qoymağa məhkumdur.

Patriotizm bayrağı altında...

Onun çətinlikləri sürətlə çoxalır. Krım triumfu ilə kütlənin gözünə kül üfürərkən Putin üç vacib məqamı nəzərdən qaçırdı.

Birincisi, doğulmaqda olan Ukrayna milli ideologiyasının “Rus dünyası” müstəmləkə ideyasına ciddi müqavimət göstərəcəyini qabaqcadan görə bilmədi. Hələ mart nitqlərində o, qızışmış ari tayfasını Novorossiya ideyası ilə məmnun etməyə çalışdı (bununla bolşeviklərin guya, qanunsuz olaraq Ukraynaya verdiyi səkkiz vilayəti nəzərdə tuturdu). Lakin çox keçmədən məlum oldu ki, bu səkkiz vilayətin altısında heç kafi sayda başıxarab ağbirçək də yoxdur ki, əllərinə bayraq, yaxud Putin ikonaları verib hansısa kütləvi akt təşkil etmək mümkün olsun. Iki vilayətin bəzi şəhərlərində dişdən-dırnağa silahlanmış FSB və QRU polkovnikləri, MMM (Sergey Mavrodi tərəfindən 1990-ların əvvəllərində yaradılmış, 2011-də yenidən dirçəlmiş qeydiyyatsız təşkilat) onbaşıları, RMB (Rus Milli Birliyi) faşistləri, cinayətkarlar, kadırovçular, kazak sayağı geyimlilər, otuz beş illik əfqan-qafqaz müharibələrinin havalanmış veteranları mövqe tuta biliblər. Onların Ukrayna ərazisində qovulmasının qarşısını almaq üçün, orada tanklar, ZTR-lər, “Qrad” qurğuları, Malaziya laynerinə də atəş açmış “Buk” zenit-raket kompleksləri ilə silahlanmış nizamlı rus ordusunun olması gərəkdir. “Böyük Novorossiya” layihəsi Donetsk və Luqansk vilayətlərinin bəzi rayonlarınadək kiçilib artıq.

Ikincisi, ABŞ və Avropa Birliyi sanksiyalarının buna qədər də tənəzzül yaşayan rus xammal iqtisadiyyatına ciddi təsir edəcəyi Kreml üçün gözlənilməz oldu. Qərbin ilkin reaksiyası xeyli yumşaq idi: belə təəssürat yaranmışdı ki, Krımın ilhaqına hardasa göz yuma bilərdilər, lakin əgər Moskva eyni vaxtda “Novorossiya” layihəsini və xüsusən də “Rus dünyası” meqakonsepsiyasını işə salmasaydı. Sonuncunun realizə olunması yönümündə xırda bir cəhd belə, NATO üzvü olan azından iki dövlətin ərazi bütövlüyünü təhdid edir. Obama və Rasmussenin mövqeyi Ukraynaya aiddir ki, bu ölkə NATO üzvü deyil, ona görə ABŞ və Alyansın məsələyə hərbi müdaxiləsi istisnadır. Latviya və Estoniya məsələsində isə belə olmayacaq.

Başında başqa, reallıqda yaşayan bir adamın dayandığı nüvə dövləti ilə mümkün hərbi toqquşma NATO üzvü olan ölkə liderləri üçün vahiməlidir. Onlar taleyin belə bir oyununa girməyi qətiyyən istəməzlər, buna görə də, hazırda bütün iqtisadi və siyasi alətləri işə salacaqlar ki, Rusiyanın özü və ona qonşu ölkələr üçün aşırı təhlükə mənbəyi olan “Rus dünyası” ximerası məhz Donbasda məğlubiyyətə uğradılsın və həmişəlik unudulub getsin.

Üçüncüsü, sanksiyalar üzündən artıq baş vermiş və gələcəkdə sərtləşməsi gözlənilən iqtisadi problemlər putinist rejimin yuxarı eşalonunda təmsli olunan iki qrup - qlobal kleptokratlar və milli kleptokratlar (kleptokratiya - oğrular hakimiyyəti) arasında münasibətləri kəskin ziddiyyət halına gətirdi. Öz “biznesi” və istehlak tərzi ilə Qərbə sıx bağlı olan qlobal kleptorkatlar nəhəng maliyyə itkiləri ilə üzləşiblər, getdikcə daha çox narahat olurlar. Milli kleptokratlar Rusiya daxilində patriotik oğurluğa davam etməyi, gəzintiyə isə Krıma, Ərəb Əmirliyinə getməyi yetərli sayırlar və yaranmış bu vəziyyətdə öz rəqibləri olan, Yeltsindən miras qalmış oliqarxları tamamilə sıradan çıxarmaq üçün tarixi fürsət görürlər. Avrasiya ideoloqu Duginin illər öncə dediyi kimi: “Şərait yaradılmalıdır ki, rus patriotları (yeni ”iqtisadi opriçniklər") atlantistlərin oğurluq sərvətini öz aralarında bölüşdürsünlər, onu kiçik opiriç paylarına (postoliqarxik vauçerlərə) parçalasınlar, beləliklə, oğurlanmışı gizlətmək problemi aradan qalxsın".

Kremlin palazı altına yığışmış bu köpəklərin mırıltısı son vaxtlar kütləvi hal almış “analitik” məqalə və intervülərdən aydın şəkildə hiss olunur. Onlar patriotizm bayrağı altında, bürokratiya və burjuaziyanın daha təhsilli və səmərəli təbəqələrini sıxışdırmağa çalışırlar. Onların arasında, hakimiyyəti yuxarı eşalonuna qoşula bilmiş, özünü hətta “prezidentin dostu” adlandıran Qirkin-Strelkov kimiləri də vardır.

Acgöz oliqarxlar və gicbəsər imperiyaçılar

Bir zamanlar Kerenski bolşeviklər və Kornilov arasında, sonra Qorbaçov Yeltsin və QKÇP (1991-də yaranmış Fövqəladə vəziyyət üzrə dövlət komitəsi) arasında qalıb əzildiyi kimi, hazırda Putin onun siyasətindən hərəsi öz maraqlarınca narazı olan iki böyük qrupun arasında sıxılır: acgöz oliqarxlar və gicbəsər imperiyaçılar; altıncı kalon və altıncı palata. Onların hər ikisi hələlik itaətkarcasına prezidentə, ali arbitr kimi, müraciətlər etməkdədir. Amma onların hər ikisinin səbri tükənir, vəziyyətə uzun müddət tab gətirmələri qeyri-mümkündür.

Andrey Piontkovsi, siyasi ekspert Mənbə: http://www.svoboda.org/content/article/26585685.html
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.