Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

HEYDƏR ƏLİYEVİN BÖYÜK QAYIDIŞI - O, Azərbaycan 100 ilinin ən parlaq qalibiyyət simvoludur

8-05-2023, 19:54   



Heydər Əliyevi canlı edən onun hakim partiya, hökumət və dövlət birincisi olması deyil, sadə xalqın Öndəri olmasıdır...

100 yaşlı Heydər Əliyev və Türkiyənin Cümhuriyyət dövrünü özündə əks etdirən və hazırki seçkilərin parlaq şüarına çevrilən “Türkiyə yüz ili” vahid tarixi fenomen kimi səsləşir. Əslində şəxsi həyatı olmayan, siyasi tərcümeyi-halı dövlətimizin və millətimizin son bir əsrlik bioqrafiyasına hopan və onunla kristallaşan ikinci bir siyasi lider yoxdur.

“Azərbaycanın 100 ili” ən azı üç formasiyanı əhatə edir. Biz çarizmin süqutu ilə milli ucqarlara verilən hüquq və azadlıqların bolşeviklərin hakimiyyəti ilə yeni bir imperiyaya və sərt mərkəzləşən üsul-idərəyə daşındığının hələ də işğal, yoxsa inkişaf gətirən ittifaq olduğuna vahid qiymət verə bilməmişik. Lakin Lenin və Stalin tandemində üzə çıxan və ikinci dünya müharibəsinə qədər davam edən yeni iqtisadi-siyasi sistemin, onun əzəmətli qırmızı bayrağının altına toplaşan, sayı bir neçə milyon təşkil edən kiçik xalqların həyatının keşməkeşli olduğu inkaredilməzdir. Azərbaycan qədər Moskva və Kremlin yuxarı eşalonlarında torpaq, səlahiyyət və ödədiyi vergilər əvəzinə mərkəzi büdcədən alacağı pay uğrunda mübarizə aparan ikinci millət olmayıb. Xüsusilə də savadsızlığın tüğyan elədiyi cəmiyyətlərdə siyasi məqsədləri uğrunda savaşa yalnız kütlələrin qaldırılması arzulanan nəticəni vermir. Xatırladaq ki, 1918-ci ildə Cümhuriyyəti təsis edəndə cəmi 418-nəfər ali təhsilə qədəm qoyan insanımız vardı və yalnız 1919-cu ildə, İtaliya və Britaniyadan on, Fransadan 9, Rusiyadan 4 əsr sonra milli universitetimizi qurmağa nail olduq.



Heydər Əliyevin ilk təhsili və sonrakı karyera inkişafı çekist sistemində ona qədərki Xalq Komissarları Sovetinin-NKVD adı ilə məşhurlaşan və Feliks Edmundoviçin əfsanəvi obrazı ilə simvollaşan xəfiyyə orqanında baş vermişdi və burada yuxarı pillələrə qalxmaq üçün təkcə bilik və zəka deyil, eləcə də sağ qalmaq üçün fiziki dəyanət, mətinlik, qorxmazlıq və cəsarət, intizam və özünü peşəsinə həsr etmə tələb olunurdu.Təəssüf ki, o dövrün məlumat bazasında azərbaycanlıların gələcəkdə Sovetlər Birliyinin yuxarı ierarxiyasına və müttəfiq respublika birinciliyinə gedənlərin sayı haqqında mötəbər bilgilər saxlanmayıb. Hər halda kütləvilik təşkil etmədiyi bəlliydi, çünki Stalinin bütün millətləri vahid sovet elitasına çevirmək naminə müəyyənləşdirdiyi kvotalara Şərq xalqlarının çox da can atmadığı 50-ci illərdən sonra tam aydın olmuşdu.



Bütün sovetlərdə inqilabi tədbirlərə qarşı çıxan mətbu orqanların, kiçik sabotajçı iqtisadi qrupların, əksinqilabi firqə və təşkilatların ram edilməsi, total cinayətkar elementlərə qarşı mübarizədə qələbədən sonra alman faşizmini məğlub edən sovet xəfiyyəsi SMERŞlərə-“casuslara ölüm” şüarı ilə satqınları bir sinif kimi ləğv edib nəhəng Dövlət Təhlükəsizliyi Komitəsinə çevrildi. Heydər Əliyevin Stalinin ölümü və İranla mübarizə xəttinə keçməsi KQB-nin və idarəçilikdə tranformasiyanın ən dramatik dövrünə düşdü. Çünki özündən əvvəlki azərbaycanlı rəhbərlərin, o cümlədən, Nərimanovun və Bağırovun taleyini görəndən sonra milli ucqarlarda xidmət keçənlərin öz qorxuları vardı.

Heydər Əliyevin çoxmillətli, lakin daha çox rusların və ermənilərin zəka, mental, kültür yaxınlığı və dini olmasa da ənənələrdən gələn birliyi fonunda karyera pillələrində irəliləməsi gerçəkdən əfsanəvi hadisəydi. Bəlkə də əmək cəbhəsinin digər sahələrindən Azərbycanın rəhbərlik sükanına keçən Ruhulla Axundovun, Mircəfər Bağırovun, İmam Mustafayevin və Vəli Axundovun hakimiyyət olimpində uzun müddət qalsalar da son talelərinin acınacaqlı olması onların daha sərt sistem olan “Çekist Şineli”ndən keçməmələrində axtarıla bilər.



Heydər Əliyevin Azərbaycanın sovet rəhbərliyinə gəlməsi-14 iyul günü Sovetlər Birliyinin təqvimində yeni eranın başlanğıcı idi. Söhbət ondan gedirdi ki, Mərkəz heç vaxt bir formasiyanın və totalitar quruluşun bel sütunu sayılan orqandan yerli respublikalara başçı təyin etmirdi. Faktiki olaraq, bu nadir hadisəydi. Ona görə də cəmi 14 il içində Azərbaycanın inkişafı İttifaqın bütün periferiyalarını ötüb keçəndə, hətta mərkəzi subyektləri qabaqlayanda onu Kremlə çağırdılar. Əslində Andropov yaxşı bilirdi ki, bütün dünyaya vahimə saçan bir Sistemin rəhbərliyindən Baş katibliyini möhkəmləndirən və ona arxa duran yalnız Əliyev olacaq. Belədə Azərbaycan artıq onun başçılığı altında həmin yolu çoxdan keçmişdi. Lakin Andropovun səhhəti ambisiyalı planları yarımçıq qoydu. Əks halda növbəti qərar Stalindən sonra qeyri-rus millətlərinin imperiya birincisi olmaq hüququnu və imkanlarının rəsmiləşdirilməsi ola bilərdi. Mixail Qorbaçovun taxt-taca yiyələnməsi bütün ssenariləri pozdu. “Əliyev baharı”nın növbəti fəsli məhz onda başlandı. Patriarxın payızı üçün Stalindən, istiləşmə və bəraət onilliklərindən, Brejnev durğunluğunda Azərbaycanı irəli aparan beşilliklərdən sonra ötən əsrin 80-ci illərinin ortaları və sonu ölüm-qalım dilemmasıydı.



O mənada, Azərbaycanın Əliyevlə enən və böyük xaosa yuvarlanan 87-90-cı illəri sübut edir ki, lidersiz millətlər yalnız toplumun gücü ilə xilas ola bilmirlər. Axı ona qədər belə sınaqlar çox olmuşdu. Əliyev rəhbərliyində onun xalqına qarşı qurulan onlarla ərazi, səlahiyyət müdaxilələri və etnik-milli konfliktlər uğurla həllini tapmışdı. Ona görə də “Əliyev xətti” qırılan kimi azərbaycanlıların sovet coğrafiyasının bütün ərazilərində dışlanması, məğlubiyyəti, qovulması, kütləvi köçü və məhvi başlandı. Halbuki alternativ yollar təklif edənlər vardı. Sovetlərin süqutu yeni milli elitanı meydana çıxarmışdı. Əliyev bütün həyatını həsr etdiyi böyük kadr korpusunun mütləq əksəriyyəti təkcə ona deyil, ölkəsinin taleyinə ən yaxşı halda biganəlik, ən pis halda xəyanət etdilər. 1982-ci ildə rəhbərin kabineti qarşısında onu Kremlə yola salmaq üçün növbəyə duranlardan cəmi iki il sonra 1-cə faizi onun istefası zamanı müdafiəsinə qalxsaydılar, bir milyona qədər insanın doğma evindən didərginliyi baş verməz, Ermənistan-Azərbaycan konfliktinin qanlı müharibəyə keçidinin qarşısını alınardı. Lakin konformizm-yəni, vəzifə kreslolarının hər şeydən üstün tutulması və sabit sima, sədaqət və etibarın itirilməsi fonunda nə milli kommunistlər, nə də onların inkarçıları-cəbhəçilər Əliyevin sonadək qurucu komandası ola bildilər.



Azərbaycanda Əliyev və Elçibəy birliyi ətrafında qurulan bütün əsatirlər yalnız bir məqsədə-xalqın xilaskarı ilə milli oyanış və dirçəliş hərəkatında yeri olan bir adamı hansısa gizli sövdələşmələrdə əlaqələndirmək, məxfi platformada birləşdirmək, vahid əməl və ideyada eyniləşdirmək niyyətinə xidmət edir. Halbuki, ilk baxışda, on illərdir üz-üzə qoyulan fərqli miqyasları, baxışlar sistemini və qüvvələri barışdırmaq istəyənlər bir mühüm cəhəti unudur-son bir əsrlik Azərbaycan tarixində milli dövlət quruculuğu Tək Bir İnsana-Heydər Əliyevə məxsusdur. İnqilabçıların rolu tarixdə müxtəlif ola bilər. Bəli, Polşada Lex Valensa, Çexiyada Vatslav Havel nümunələrini əlbəttə, kimlərsə irəli sürə bilər. Lakin sovetlərin süqutu ölkəmiz üçün nə qədər dağıdıcı olmuşdusa, ondan sonrakı iki il də eyni dərəcədə fəlakət gətirdi. Faktiki olaraq, 3 dəfə hakimiyyət dəyişən qüvvələrin Əliyevin yenidən birinciliyə qayıtmasının qarşısını almağa imkanları vardı. Ondan ötrü gərək milli mənafeləri düzgün dərk edə, regional və beynəlxalq siyasəti peşəkarlıqla bilə, onu inamla həyata keçirərdilər. Əvəzində bir ölkənin siyasi qərarvericiləri qədim tarixdə olduğu kimi savaşda deyil, səbatsızlıq və qeyri-peşəkarlıq ucbatından döyüşsüz böyük heyətlə düşmənə əsir düşə bilərdilər. Ölkənin bütün coğrafiyasını sarsıdan və yerindən oynayan hər bir vətəndaşın həyatı tarixdə xalqların “böyük köçü” kimi xarakterizə olunan, Abşeron yarımadasına qədər uzanan hunların yürüşlərini xatırladırdı. Əliyevin taxta gəlişi əslində “Böyük Qayıdış” oldu və hadisələri bir az irəliyə daşıyıb deyək ki, 2022-ci ildə Vətən savaşından sonra öz yurdlarına qayıdan bir xalqın-19 iyulda gerçəkləşən dönüşü eyni siyasi-hərbi hadisənin məntiqi nəticəsidir. Yəni, 15 iyun tarixi yalnız 90-cı illərin xaosundan Qurtuluş deyildi, Azərbaycanın gələcəkdə Zəfər hərəkatı adlandırdığı 44-günlük müharibənin prelüdiyası və işğaldan qurtuluş idi, daxili cəbhələrin və savaşların bir nömrəli xarici düşmənə qarşı birləşdilməsi idi və Əsil “Böyük Qayıdış” Heydər Əliyevdir.





Dövlətin siyasi təqvimini tərtib edərkən hakimiyyət ideoloqları bu amili unutmamalıdılar.

Əgər ata ƏliyevinBöyük Qayıdış”ı gerçəkləşməsəydi, 2003-cü ildə hakimiyyət estafetini xilaskarlıqla qəbul edən oğul Əliyevin müqəddəs davası, 17 illik mübarizədən sonra gerçəkləşən Qələbəsi, ardınca millətin doğma torpaqlara qovuşması mümkün olmayacaqdı. Sadə bir həqiqət var ki, siyasət təsadüflərin və onun gətirdiyi yeksənəkliyin məcmusu deyil. Fərdlərdən fərqli olaraq, millətlərin və dövlətlərin gələcəyi ardıcıl və məqsədyönlü fəaliyyətin məntiqi yekunudur. Əliyev o dövrün bütün qəsdlərini və təxribatlarını ram edib dövləti sabit bir relsə daşımasaydı, sonrakı illərdə sürətlə xaricdən idxal olunan rəngli inqilablar, yaxud balans siyasətindən imtina edib bloklara qoşulmaq məcburiyyəti, məsələn Gürcüstan və Ukrayna kimi, ölkəmizin dövlət maşınını yıxacaqdı. Əliyev böyük oyunu inamla qazandı və sübut etdi ki, onun haqqında uzun illər deyilən “Sistem adamı” ifadəsi nə qədər həqiqət olsa da O, Öz Sistemi olan adamdır.


Bir vaxtlar parlament dumanında ayağı və başı ilə Heydər Əliyevə etiraz edən qocaman kommunist Xeyrulla Əliyevin xalqa xitabən “iki dövrün qəhrəmanı olmaq mümkün deyil” ibarəsini ona karyera və imtiyaz bəxş edən Lider alt-üst etdi. Bütün formasiyalarda yalnız bir ideala-millətə xidmət amalına söykəndiyi üçün Əliyev iki dövrün qəhrəmanı oldu. Lakin onun ruhi ömrünün növbəti baharı bir vaxtlar qarşısında çıxış etdiyi Naxçıvanski müdavimlərinin döyüş meydanlarında məğlub etdirilmiş heyəti qarşısında parlaq çıxışından başlayırdı.Tribunaya salınmış köhnə xalçanın ilmələri arasında dolaşıq düşən Azərbaycanın aydın gələcəyi-qalibiyyət gətirən hərbi “Dəmir Yumruğu” əslində Heydər Əliyevə məxsus idi. Horadiz əməliyyatı ilə başlayan, etnik-milli konfliktləri daxildə zərərsizləşdirən və hərbi müxalifəti tərksilah edən, daha sonra atəşkəslə neft savaşını udan elə həmin Yumruqdur. 

Üstündən 30 il keçəcək, öz xalqının faciəli lideri Levon ter Petrosyan tarixi sirrin üzərindən dəmir pərdəni götürüb deyəcək ki, ATƏT-in Lissabon sammiti qarşısında onun Xarici işlər nazirinin qorxu və həyəcanla dediyi “Əliyev Amerika elitasından istədiyi qərarı alıb” mesaj; illər boyu bu uğuru ləkələməyə çalışanların üzərində mühakimə hökmüdür. Göründüyü kimi, məhz həmin siyasi dönüş imkan verdi ki, Azərbaycan Xəzər neftini Qarabağ müharibəsinə daşıya bilsin. Əks halda, yenə bir neçə on il sonra Rusiya nefti və qazını öz coğrafiyasında boğaraq, embarqolarla onu məğlub etməyə çalışanlar Azərbaycanın enerji resurslarını da hərbi və siyasi silaha çevirməyə qoymazdılar.




Heydər Əliyevin İlham Əliyev üzərinə qoyduğu tarixi missiya onun bioloji övladı olmaqdan çox siyasi varisi kimi son dərəcə ağır bir tapşırıq idi. Üstəlik, 21-ci əsrin çağırışları o qədər mürəkkəb oldu ki, İlham Əliyev yüz dəfələrlə mürəkkəb beynəlxalq şəraitdə nəinki Ustadından aldığı dərsləri əla öyrəndiyini nümayiş etdirdi, eləcə də bir sıra hallarda öz Müəllimini ötüb keçdi. Əks halda, necə izah oluna bilər ki, xarici düşməni məğlub etmək hadisəsi məhz İlham Əliyevə nəsib oldu. Oğul Əliyevin bütün 17 illik mübarizəsi təkcə bioloji atasının deyil, həm də Azərbaycanın Birinci döyüşçüsünün və Xüsusi Təyinatlısının-Heydər Əliyevin onun qarşısına qoyduğu ali vəzifəni yerinə yetirmək öhdəliyi idi. Əliyev kursu qalib gəldi.

Ona görə də “Azərbaycan yüz ili” son bir əsrin ən azı 3 formasiyasını özündə birləşdirən və ondan uğurla keçən Heydər Əliyevin parlaq avtobioqrafiyasında elə daşlaşıb ki, dövlət adlı bir abidəyə çevrilib. Qərbin demokratiya idxalçıları hamını heykəllərə və böyük siyasi irslərə qarşı savaşa sürükləyərək özləri “otsı osnavateli” deyə cefersonlara, vaşinqtonlara, ruzveltlərə, çörçillərə tunc heykəllər, abidələr və mifik əsərlər həsr edirlər. Lakin Heydər Əliyevə münasibət artıq tarixi kateqoriyadır, yəni, subyektlərin iradəsindən asılı deyil.




Doğrudur, Heydər Əliyevi təkcə şərdən, qara ittiham və hücumlardan deyil, həm də on illərin məruzələrini müxtəlif tribunalara daşıyan və növbətçi tədbirlərlə millətin zövqünü korşaldanlardan, təkrarçı və növbətçi kitablardan, saxta və mənfəətcil təriflərdən də qorumaq gərəkdir. Çünki Onun adı qarşısında xüsusi idarəçilərə və ibarələrə ehtiyac yoxdur. Xalq öz oğlunu yaxşı tanıyır və onunla ruhi bağlarını əbədi qoruyub saxlayır. Əlavə tərcümana gərək duyulmur. “Əliyev milləti”nin dili və gövdəsi vahid orqanizmdir. Dedik axı, şəxsi və ictimai sərhədlər çoxdan itib.

Beləliklə, O qalibiyyət tablosudur. Azərbaycan nəfəsimdir” deyən Tək Lider Odur. Heydər Əliyevi canlı edən onun hakim partiya, hökumət və dövlət birincisi olması deyil, sadə xalqın Öndəri olmasıdır. Əks halda, zaman çarxı onu çoxdan udardı. İndi isə əksinə,100 yaşlı Əliyev öz Uca mərtəbəsində Azərbaycan 100 ilinin ən parlaq qalibiyyət simvoludur. Bütün tarixi torpaqlara qayıdış onun azad ruhunun, xilas edilən yurdlarda Qurculuğun bir nömrəli çağışına çevrilib. Gürcülərin əsrləri boyu Davidə verdiyi epiteti tamamilə millli liderə qarşı işlədə bilərik. “Qurucu Əliyev” Qafqazda daşları evə, yaşayış məskənlərinə çevirməyin simvoludur. Zəfərin birinci müəllifi Odur!

Heydər Əliyev haqqında son sözü deməyə çalışmaq, əbəsdir, çünki alınmayacaq. Hamı onu “başa düşdüyü qədər” danışır. Ulu Öndəri sonadək dərk etmək mümkün deyil. Əks halda, O, Əliyev olmazdı. Ona görə də hörmətli Mehriban xanımın son dərəcə dəqiqliklə söylədiyi “arzuladığı kitabı hələ oxumaması” bütün zamanlar üçün doğru təyinatdır.

Hər yeni il, hər fərqli baxış bucağı və təzə nəsil ona münasibətdə daha zəngin və qeyri-adi xüsusiyyətləri görəcək. Əliyevi bütün əsrlərin adamı edən də budur.



Əliyevin mübarək yaşının təntənəsinə Şərqə xas kədər qatanlar, Qələbəmizin müqəddəsliyini və sevincini Bir Nömrəli Dövlət Adamının 100 illiyi ilə bir vəhdətdə qəbul edərək, möhtəşəm bayram statusunda atəşfəşanlıqla onu qeyd edə bilərlər.

Dövlət və Millət bayramı kimi!

Heydər Əliyevin və Azərbaycanın 100 ili mübarək olsun!


Zahid Oruc,

Sosial Tədqiqatlar Mərkəzi İH sədri

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar