“İndiyə qədər vaxtın uzadılmasından Ermənistanın Baş naziri Nikol Paşinyan daha əlverişli vəziyyəti əldə etmək üçün istifadə edib. Hətta müəyyən məqamlarda da buna nail olub”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.
O, Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh danışıqları ilə bağlı səsləndirdiyi pessimist fikirlərə münasibət bildirib.
Onun sözlərinə görə, vaxtın uzadılması məsələsində Nikol Paşinyanın Rusiyanın tam təsiri altında olmasını söyləmək mümkündür:
“Rusiya da vaxtın uzadılmasının tərəfdarıdır, xüsusilə də Qarabağ ermənilərinin taleyi məsələsində Rusiya vaxtın uzadılmasının bir nömrəli tərəfdarıdır.
Demək olar ki, Nikol Paşinyanın 9 mayda Qələbə Paradında iştirak etməsi və Vladimir Putinlə müəyyən danışıqlar aparması onun bilavasitə yenidən Rusiyaya yaxınlaşması və meyllənməsinin bir göstəricisidir”.
“Tərəddüd etmədən deyə bilərəm ki, sərhəddəki qanlı toqquşma da Rusiyanın beyninin məhsulu idi. Üstəlik, sülh danışıqları ilə bağlı 1 həftə bundan əvvəl optimist danışan erməni Baş nazirin birdən-birə öz mövqeyini dəyişib, “sülh müqaviləsinə hələ xeyli var” var deyərək, yaxın görüşlərdən, xüsusilə də Brüsseldən nəticələr gözləmədiyini söyləməsi onu göstərir ki, Rusiya bütövlükdə ABŞ və Avropa Birliyinin sülhyaratma prosesinə əngəl törətmək, təşəbbüsü ələ almaq istəyir və Qarabağdakı mövqeyini uzatmaq üçün prosesə əngəl olmağa çalışır”, - o, əlavə edib.
“Yazıqlar olsun ki, Rusiyanın bu niyyətinə Ermənistan Baş naziri tərəfindən dəstək gəlir. Qısası, Nikol Paşinyanın birdən-birə qütb dəyişdirməsinin səbəbini məhz Rusiya amili ilə bağlamaq lazımdır”, - müsahibimiz yekunlaşdırıb.