İsrail mediasında "Fransa Qafqazdakı döyüşə qoşulur - İsrailin müttəfiqi Azərbaycan üçün təhlükə" başlıqlı analitik yazı dərc edilib.
Musavat.com xəbər verir ki, bu barədə "i24.tv" saytında bildirilib.
Məqalədə qeyd edilir ki, İran döyüş sursatlarının modernləşdirilməsi və təkmilləşdirilməsi hazırda bu ölkənin müharibəni qızışdırmasına qarşı çıxanların hamısı, o cümlədən İsrail üçün daha böyük təhlükə olacaq.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindəki (BKİ) mənbələr bildiriblər ki, israrlı vədlərdən sonra Fransa Ermənistanı öldürücü silahlarla təchiz etməyə qərar verib.
Nüfuzlu "AZfront" Teleqram kanalının məlumatına görə, 50 zirehli transportyorun ilk partiyası yaxın vaxtlarda Ermənistana gələcək: "Ukraynanın xüsusi xidmət orqanları 2022-ci ilin ortalarından Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətə nəzarət edir. Kiyev Ermənistana verilən Qərb hərbi texnikasının ruslar tərəfindən istifadə oluna biləcəyindən, o cümlədən mübarizə üsul və vasitələrinin təkmilləşdirilməsindən ehtiyat edir".
Saytda dərc edilən yazıda qeyd edilir ki, İrəvanla Moskva arasında sıx hərbi əməkdaşlıq, o cümlədən ölkədəki iki Rusiya hərbi bazası nəzərə alındıqda, bütün bu ehtimallar olduqca ağılabatandır:
"Fransa ilə Ermənistan arasında birbaşa hərbi əməkdaşlığa başlamaq qərarı Ermənistanın müdafiə naziri Suren Papikyanın 2022-ci ilin sentyabrında Parisə səfəri zamanı qəbul edilib. Müxtəlif mənbələr bu sahədə tərəfdaşlığın gələcək irəliləyişini açıqlayıb, xüsusən də ABŞ-ın beynəlxalq təhlükəsizlik üzrə analitik orqanı bu əməkdaşlıqla bağlı bir sıra irəliləyişlərin olduğunu bildirib".
Bundan başqa, "Global Security Review" jurnalı Fransanın Ermənistana silah tədarükü ilə bağlı yazıb: "Fransa prezidenti Emmanuel Makronun ermənipərəst ritorikası hava hücumundan müdafiə ilə bağlı razılaşmaya gətirib çıxara bilər. Ermənistanın Fransanın "Mistral" zenit-raket kompleksləri ilə təchizatının mümkünlüyü də jurnalın hesabatında qeyd olunub".
Gilbert-Luc Devinaz
Ötən ay Fransa məxfi xidmətinin tanınmış ruporu "Intelligenceonline.fr" öz hesabatında qeyd edib ki, Paris İrəvana silah ixracı üçün sistem qurmağa hazırlaşır. Eyni zamanda, "Fransa-Ermənistan Dostluq Qrupunun" rəhbəri Gilbert-Luc Devinaz qarşıdan gələn silah tədarükünü açıqlayıb: "Biz Ermənistana imkan verməliyik ki, öz sərhədlərinin təhlükəsizliyini təmin etsin, yəni biz onların silahlanmasına kömək etməliyik".
Məqalədə bildirilir ki, bu ayın əvvəlində Rusiyanın REX nəşri Fransanın Ermənistana çatdırmağı planlaşdırdığı hərbi yardımın "ilkin mərhələdə öldürücü silahlardan ibarət olduğunu" bildirmişdi. İranın "Yazeco" informasiya xidməti isə qeyd edib ki, yeni hərbi attaşe Fransanın Ermənistana silah tədarükünə cavabdeh olacaq.
"Ermənistana silah göndərilməsi ilə bağlı Parisin hərbi-siyasi qərarının əsas dəstəkçisi prezident Emmanuel Makronun özü olub", - deyə "Yazeko" əlavə edib.
Ermənistana silah tədarükünün başlanması Fransanı İsraillə toqquşma kursuna çıxarıb: "Qüdsün rəsmi siyasətinə görə, yəhudi dövləti özünü Azərbaycanın strateji tərəfdaşı hesab edir və onun müdafiə qüvvələrini bütün tələblərinə uyğun olaraq silahla təmin edən əsas dövlətlərdən biridir. Ərdoğanın Türkiyədəki seçkilərdə uduzacağı təqdirdə, Tehranın mütəmadi olaraq təhdid etdiyi Bakının yeganə strateji müttəfiqi İsrail ola bilər.
Cənubi Qafqaz arenasında Fransa-İsrail ziddiyyətləri hələ ötən ilin dekabrında açıq şəkildə özünü büruzə verib. İsrail parlamentinin onlarla naziri və deputatı Azərbaycan Milli Məclisinə məktub yazıb.
"Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnaməsi bizi təəccübləndirir. (Bu qətnamədə Avropa İttifaqı tərəfindən Azərbaycana embarqo qoyulması tələb edilmişdi). Bu qərar Azərbaycanı zəiflətməkdə maraqlı olan İranın əlinə keçib. O, hazırda mütərəqqi (şiə) müsəlman əhalisi olan, İsrail və Qərb dünyası ilə sıx əlaqələr saxlayan ölkəyə nümunədir", - deyə məktubda qeyd edilmişdi.
Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini tələb edən qətnaməsi bizi təəccübləndirir. (Bu qətnamədə Avropa İttifaqı tərəfindən Azərbaycana embarqo qoyulması tələb edilmişdi)
Türkiyədə keçirilən prezident seçkiləri ərəfəsində fransızların İrəvana silah tədarük etməyə başlaması daha bir təxribatın göstəricidir. Ərdoğan son üç ildə Makronun həm Şərqi Aralıq dənizi ilə, həm də Cənubi Qafqazla bağlı siyasətini dəfələrlə tənqid edib. Bu, xüsusilə iki il əvvəl, Azərbaycanın İkinci Qarabağ müharibəsində Türkiyə və İsrailin dəstəyi ilə qazandığı qələbədən sonra özünü büruzə verib.
Toğrul İsmayıl,
Musavat.com