Xəbər verdiyimiz kimi, Türkiyə öz hava məkanını Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin üçüncü ölkələrə uçuşu üçün bağlayıb. Dünyanın 8-dən çox ölkəsinə uçuşlar həyata keçirən “FlyOne” şirkətinə məxsus təyyarələrin sərnişinləri Kişinyov, Moskva, Verona, Parma, Paris, London, Dublin, Lissabon istiqamətlərinə uçuşlardan mərhum olub.
Maraqlıdır ki, az sonra Birləşmiş Ərəm Əmirliyi də erməni aviaşirkətinin öz ölkəsinə ucuşlarını məhdudlaşdırıb. Dubayın aviasiya xidməti laynerin Əl-Məktum hava limanına enişinə icazə vermədiyindən “Fly One Ermənistan” geri dönərək İranın Şiraz hava limanına məcburi eniş edib. Oradan isə sərnişinlərini İrəvana geri qaytaramağa məcbur olub.
Axar.az Faktyoxla.az-a istinadla Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin təyyarələrinin həm Türkiyə, həm də BƏƏ tərəfindən qadağalara məruz qalmasının səbəblərini təqdim edir.
“FlyOne Ermənistan”nın rəhbəri Aram Ananyan Ankaranın bu qərarının heç bir əsası olmadığını bildirib. Onun sözlərinə görə, qadağadan sonra aviaşirkətin təyyarələri faktiki olaraq blok vəziyyətindədir və şirkət öz müştəriləri qarşısında öhdəliklərini necə həyata keçirmək üçün yollar axtarır, Türkiyənin qərarını dəyişəcəyinə ümid edir.
Aram Ananyan baş vermiş hadisənin səbəbləri barədə özünü bilməzliyə vursa da, əslində Ermənistan tərəfi uçuşların dayandırılmasının nədən baş verdiyini yaxşı anlayır. Çünki Türkiyənin Xarici İşlər Nazirliyinin bəyanatı hər şeyi çılpaqlığı ilə ortaya qoyur, xarici işlər naziri Mövlud Çavuşoğlu bu hadisəyə dəqiqi aydınlıq gətirib. XİN rəhbəri bildirib ki, Ermənistan təyyarələri üçün hava məkanının bağlanmasının səbəbi aprelin sonlarında İrəvanda Türkiyənin və Azərbaycanın mülki vətəndaşlarının, diplomatik şəxslərinin qətliamını həyata keçirmiş terrorçuların “xatirəsinə” ucaldılmış “Nemezis” abidəsinin açılışı ilə bağlıdır: “20-ci əsrin 20-ci illərində vətəndaşlarımızı və diplomatlarımızı, eləcə də azərbaycanlı qardaşlarımızı qətlə yetirmiş terrorçulara onların ucaltdıqları bu abidə həmin terrorçuları vəsf edir. Onlar (ermənilər) deyirlər ki, meriya abidənin qoyulmasına icazə verdi, mən belə bəyanatları həqiqətə uyğun olmayan hesab edirəm, xoşməramlılıq nümayiş etdirmirlər. Bu hadisə ilə əlaqədar olaraq biz Ermənistan təyyarələri üçün hava məkanını bağladıq”.
Mövlud Çavuşoğlu bu cür düşüncə ilə yaşayan Ermənistanın digər aviadaşıyıcılarını da analoji sərt məhdudiyyətlərin mümkünlüyü haqda xəbərdarlıq edib:
“Biz təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq, lakin Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik”.
Xatırladaq ki, aprelin 25-də İrəvanın mərkəzində, Alek Manukyan küçəsində ucaldılmış “Nemezis” abidə-məqbərəsinin təntənəli açılışı həyata keçirilib və mərasimə şəhər bələdiyyəsinin rəhbərliyi ilə yanaşı, İrəvanda hökumətin yüksək vəzifəli şəxsləri də qatılıb. Bu isə Ermənistanda terrorun ideologiya kimi birbaşa dövlət tərəfindən himayə edilməsi, terroçuların rəsmi dövlət səviyyəsində müdafiə olunduğunu və adlarının əbədiləşdirilməsini təsdiqləyir. Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Aşot Melkonyanın açılış mərasimində “Nemezis” əməliyyatını erməni xalqının həyatında “şərəfli” hadisə adlandırması və ləyaqət rəmzi kimi təsvir etməsi bu təcavüzkar ölkənin birbaşa Azərbaycan və Türkiyəyə qarşı hələ də dayanmaq bilməyən terrora çağırış ruhundan, dövlət siyasətindən xəbər verir.
Göründüyü kimi, Ermənistanın adıçəkilən aviaşirkətinin beynəlxalq uçuşlardan təcrid edilməsi təkcə “Nemezis” və Türkiyənin buna qarşı cavab tədbirləri və s. məsələlərlə bağlı deyil. Burada başqa suallar meydana çıxır. Nədir bu suallar?
Suallara ardıcıllıqla “FlyOne Ermənistan” şirkətinin əməkdaşlıq etdiyi aviaşirkətlərlə işbirliyi və uçuş coğrafiyalarının son 2 ildəki istiqamətləri bir sıra ipucları verir.
Öncə qeyd edək ki, Ermənistanın “FlyOne Ermənistan” şirkəti 2021-ci ildə Moldovanın “FlyOne” aviakampaniyasının törəməsi kimi yaradılıb. Aviaşirkət 8 Avropa və Yaxın Şərq ölkəsindən 14 fərqli istiqamətə uçuşlar həyata keçirib və uçuşlar üçün əsas istiqamət kimi Türkiyə hava məkanıdır.
Şirkətin son bir ildə ən çox uçuşları Parisə istiqamətlənib, Fransanın Ermənistana son aylarda təkcə ərzaq və geyim, məişət əşyaları ilə yanaşı, silah və s. hərbi təyinatlı məhsullar göndərməsi istisna deyil. Çünki Prezident Makron səviyəsində etiraf edilib ki, Ermənistana lazım olan dəstəklər veriləcək. Paris son günlərdə açıq şəkildə bəyan edir ki, İrəvandakı səfirliyinə hərbi attaşe təyin etmək niyyətindədir və hərbi dəstəyini artırmaqda israrlıdır. Yeni hərbi attaşenin məqsədi Ermənistana müasir Fransa silahlarının verilməsidir.
Bütün bunlar Fransanın Ermənistanı silahlandırmağa çalışmaq cəhdlərindən xəbər verir. Silah və s. mallar isə əsas etibarilə hava məkanı ilə daşına bilər. Demək, qardaş Türkiyənin hava məkanını bağlanmasının arxasında bu cür açıqlanmayan məqamlar da var.
İndi Birləşmiş Ərəb Əmirliyinin Ermənistan aviaşirkətinə qarşı tətbiq edilən qadağaya toxunaq.
Məlumat verildi ki, Dubayın aviasiya xidməti erməni təyyarəsinin Əl-Məktum hava limanına enişinə icazə vermədiyindən “Fly One Ermənistan” geri dönərək İranın Şiraz hava limanına məcburi eniş edib. Oradan isə sərnişinlərini İrəvana geri qaytaramağa məcbur olub.
Ermənistan tərəfi uçuş sənədlərinin tam qaydasında olduğunu və Dubay hava limanının rəhbərliyinin bu addımının başadüşülən olmasını iddia etsə də, bəzi mənbələr bunu “FlyOne Ermənistan” aviaşirkətinin təyyarənin adını və uçuş nömrəsini dəyişərək “Mongolian airways” kimi uçması ilə əlaqələndirir. Bunu erməni mənbələri özləri də etiraf edir.
Digər tərəfdən Livanda və Yaxın Şərqdəki terror düşərgələrində təlim keçmiş terrorçuların Ermənistana axınları sirr deyil. Yaxın Şərqdə “FlyOne Ermənistan” şirkətinin əsas uçuş dayağı isə Dubaydır. Bu məsələdə də hansısa məxfi məlumatların olmasını istisna etmək olmaz.
Başqa bir amil qanunsuz daşınmaların və qaçaqmalçılığın mümkünlüyü versiyasıdır. Ermənistanın aviakampaniyalarının Yaxın Şərq, Rusiya və s. bölgələrə qanunsuz daşınmalara həyata keçirməsi, hətta terror nöqtələrinə mal daşıması barədə ən mötəbər səviyyələrdə informasiyalar var. Misal üçün, İranın “Mahan Air” şirkəti Uzaq və Yaxın Şərq, Mərkəzi Asiya və Avropaya həyata keçirdiyi beynəlxalq uçuşlarda əsas marşrut kimi bütün xətləri Ermənistanın üzərində cəmləşdirib. “Mahan Air”in Ermənistandakı ticarət nümayəndəliyi mövcuddur ki, bu şirkət demək olar ki, Ermənistanın əksər aviaşirkətlərinin Yaxın Şərq və s. istiqamətlər üzrə uçuşlarının koordinatorluğunu yerinə yetirir. “Mahan Air” özəl turizm və aviakompaniyasının törəməsi kimi Ermənistanda 2018-ci ildən fəaliyyət göstərən “Flight Travel MMC” aviaşirkəti isə çox geniş sferalarda (turizm, xidmət, səyahət, daşımaçılıq, logistika və s) xidmət göstərməkdədir.
“Niyə Ermənistanın aviaşirkətləri, niyə “Flight Travel" MMC?” sualı yaranır.
ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Departamenti hələ 2019-cu il yanvarın 24-də dərc etdiyi bəyanatda bildirib ki, əcnəbi vətəndaşlardan ibarət silahlı şəxslər “Mahan Air” ilə Suriyaya daşınır. Bölgədəki erməni və digər qrupların maliyyə dəstəyi ilə “Mahan Air” müxtəlif təlim keçmiş heyətlərin, yeniyetmə və azyşlıların düşərgəyə daşınmasında, silahların bölgəyə çatdırılmasında fəal rol oynayır. Bütün bu proseslərdə isə İrəvanda yerləşən “Flight Travel” MMC “Mahan Air”in partnyoru olub.
Departament 2022-ci ildə “Mahan Air” aviaşirkətinin İrəvandakı rəsmi nümayəndəsi olan Ermənistanın “Flight Travel LLC” şirkəti Suriya ərazisinə terrorçuları və silahları çatdırmaqda təqsirli bilərək sanksiya siyahısına salıb.
Beləliklə, yuxarıdakı əsaslı amillər Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin digər xarici və yerli aviadaşıyıcılarla birgə əlaqələri sayəsində qanunsuz daşınmalara cəlb olunduğunu istisna etmir. Bu və digər şübhələr də məhz həmin şirkətin Türkiyə və Birləşmiş Ərəb Əmirliyinin hava məkanlarının üzünə bağlanmasına çox ciddi əsaslar verir.