Paşinyan niyə “Azərbaycanla razılaşmaq mümkün olmadı” dedi? - Sensasion açıqlama

22-05-2023, 11:47   


“Ermənistanın Baş naziri Nikol Paşinyanın prinsipial məsələ adlandırdığı elə Qarabağ məsələsidir”. 

Bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Yenisabah.az-a açıqlamasında deyib.

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən həftə partiyadaşları ilə görüşündə səsləndirdiyi fikirlərə toxunub. 

Xatırladaq ki, erməni nazir açıqlamasında söyləyib ki, İrəvan üçün prinsipial məsələlərdə heç nəyə nail olmaq mümkün deyil və Azərbaycanla razılaşmaq mümkün olmayıb. 

Öz növbəsində, F.Şəfiyev əlavə edib ki, bu gün ermənilər üçün Qarabağ məsələsi indi də gündəmdə qalır: 

“Doğrudur, bunlar deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və s. Hətta Şarl Mişelin bəyanatında ərazilərimizi göstərməklə də faktiki olaraq Azərbaycanın Qarabağ üzərindəki suverenliyini onlar qəbul edirlər. Amma burada biz görürük ki, digər cəhdlər və Qarabağ məsələsi haqqında yeni bir mexanizmin yaradılması təşəbbüsləri var. Düzdür, bu, ATƏT-in Minsk qrupu formasında olmasa belə, erməni tərəfi təkid edir ki, Bakı və Xankəndi arasındakı dialoq beynəlxalq çərçivədə getsin, hansı ki, bu da bizim üçün qəbuledilməzdir”.

Analitikə görə, ikinci məsələ isə yenə də ərazilər - anklav məsələsidir:

“Onlar iddia edirlər ki, guya biz 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrındakı əməliyyatlar nəticəsində yeni ərazilər əldə etmişik və s. Bu məsələnin həll olunması da delimitasiya prosesində həll olmalıdır. Anklavlarımız da 1991-ci ildə işğal olunub. Qısası, biz yenə də ərazi iddialarına qayıdırıq və ermənilər tərəfindən ərazi iddiaları qalır, sadəcə formalar dəyişir”.

“Mənim Ermənistan və Azərbaycan arasındakı sülh prosesi ilə bağlı araşdırmam var. Orada mən 3 mərhələni qeyd etmişəm: birincisi uğursuz “Miatsum” hərəkatı idi; sonra ermənilər müstəqillik dövründə xalqların öz müqəddəratını seçməyi prinsipini irəli sürdülər - onu da biz 2020-ci ildəki 44 günlük müharibədə darmadağın etdik; üçüncü mərhələ isə xilas naminə ayrılmadır. Ermənilər belə bir prinsipi uydurub ortaya atıblar ki, guya Qarabağ ermənilərini soyqırımı gözləyir. Ona görə də bu və ya digər formada bunu irəli çəkirlər”, – deyə müsahibimiz fikirlərini bölüşüb.

“Bu günlərdə Ermənistan yenə də Laçın dəhlizi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib. Bütün bu iddialar da bu məqsədə xidmət edir. Ona görə də bu məsələlər gündəmdə qalır. Mən buna pessimist yanaşmıram, çünki müəyyən proseslər baş verir, danışıqlar gedir. Deməzdim ki, sülh sazişi sənədinin perspektivi yoxdur”, - o, yekunlaşdırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.