2014-cü il iyunun 29-da çox simvolik hadisə baş verdi. İraqın Mosul şəhərində “İslam xilafəti”nin yarandığı elan olundu. Abbasilər sülaləsinin 1258-ci ildə Bağdadda monqol qılıncı altında məhv olmasından 756 il sonra yeni ərəb xilafəti yenidən bərpa olunudu. Düzdür, “İslam dövləti” terror təşkilatının hərbi uğurları fonunda yaranan dövlət hələ ki Suriyanın Hələb şəhərindən İraqın Diyala vilayətinə qədər uzanır. Xatırladaq ki, iyun ayında qəfil həmlə ilə qonşu Suriyadan İraqa hücum edən qruplaşma çox böyük uğurlar qazanıb. İyunun 10-da İraqın 2-ci ən böyük şəhəri Mosulu ələ keçirən “islamçılar” bundan 3 həftə sonra isə nəzarət etdikləri ərazilərdə xilafət yaratdılar.
“İslam dövləti” dünyada fəaliyyət göstərən yüzlərlə digər terror təşkilatından fərqli olaraq 2 cəbhədə — həm Suriyada Bəşər Əsəd hakimiyyətinə, həm də İraqda mərkəzi hökumətə qarşı tammiqyaslı uğurlu hərbi əməliyyatlar həyata keçirir. Paralel olaraq, ələ keçirdiyi ərazilərdə şiələrə, xristianlara, yezidi kürdlərinə və digərlərinə qarşı “təhlükəli elementlər” kütləvi edam və deportasiya siyasəti yürüdür. Bununla da kifayətlənməyən “İslam dövləti” ABŞ kəşfiyyatının məlumatına görə, Qərbi Avropa və ABŞ-da terror aktları planlaşdırır. Bunun sübutu olaraq ötən gün Belçika polisinin qruplaşma ilə bağlılığı olan 2 Türkiyə vətəndaşını həbs etməsini misal göstərmək olar. Onlar Avropa Parlamentinin inzibati binasını partlatmağı planlaşdırırdılar. Məhz bu “çoxprofilli” fəaliyyətinə görə, ABŞ prezidenti Barak Obama “İslam dövləti”ni qlobal təhlükə adlandırıb. Ötən həftə Parisdə və Səudiyyə Ərəbistanının Ciddə şəhərində “İslam dövləti”nə qarşı beynəlxalq koalisiyanın yaradılması üçün önəmli addımlar atıldı. Kolalisiyaya ABŞ-la yanaşı, İraq, Misir, Livan, İordaniya, Körfəz dövlətləri daxil olub. Suriya və İraq isə koalisiyaya dəvət almadı. Maraqlıdır ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu beynəlxalq koalsiyaya qoşulmaqdan imtina etdi. Halbuki, Şimali İraqda Türkiyənin birbaşa sərhədlərində yerləşən “İslam dövləti” öz ekstremist ideologiyası ilə nə zamansa rəsmi Ankaraya da təhlükə törədə bilər. Türkiyənin yeni baş naziri Əhməd Davudoğlu koalisyaya yalnız loqistik və kəşfiyyat məlumatları ötürə biləcəklərini söylədi. Ola bilsin ki, Şimali İraqdakı kürd muxtariyyətinin güclənməsini istəməyən rəsmi Ankara “İslam dövləti” təhlükəsinin regiondan dəf olmasını istəmir. Digər bir məsələ isə “İslam dövləti”nin Türkiyəyə uzun müddətdir neft məhsulları satması ilə bağlıdır.
“İslam dövləti”ni özündən əvvəlki qruplaşmalardan fərqləndirən cəhət – onların özlərini maliyyələşdirməsidir. Sirr deyil ki, ənənəvi zəkat vergisi və qarətlə yanaşı, qruplaşama neft satışı ilə də öz büdcəsini formalaşdırır və mücahidlərə maaşlar verir. İstər İraq, istərsə də Suriyada “İslam dövləti” neft zavodlarına və anbarlara nəzarət edir.
Londonda yerləşən “Surioya İnsan hüquları monitorinqi mərkəzi”nin hesbatlarından da bunu görmək ümünküdür.
“Mücahidlərinə və ayrı-ayır tayfaların nəzarətindəki ərazilərdə sutkada 60 min barel neft çıxarılır. İslam dövləti ümumilikdə, Suriya neftinin 60 faizini əlində saxlayır”, — hesabatda deyilir.
“Brookings Doha Center” araşdırmalar mərkəzinin tədqiqatçısı Luay əl-Xatibi isə İraqda “İslam dövləti”nin hər birində 50-60 neft buruğu olmaqla 5 neft yatağına nəzarət etdiyini bildirir. O, hesab edir ki, çıxarılan neftin əsas hissəsi Türkiyəyə ötürülür: “Onlar çox mürəkkəb vasitəçilər sistemindən istifadə edirlər. Bu prosesdə İraq neft şirlətlərinin əməkdaşları da aktiv iştirak edir”. Xatibi Türkiyənin cənub-şərqindən keçən qanunsuz neft qaçaqmalçılığının dayandırılmayacağı fikrindədir. Xüsusən, iyulun əvvəllərində Suriyanın ən böyük neft yatağı olan əl-Ömər ələ keçirildikdən sonra hər gün Türkiyəyə 200 sistern neft daşınır. Bu sisternlər iki ölkə sərhəddindəki Mənbic məntəqəsindən Türkiyəyə daxil olur.
Suriya Kürdüstanında jurnalist fəaliyyəti ilə məşğul olan Fəhim Taştəkin isə bu qanunsuz ticarətin bəzi detalları ilə bağlı araşdırma aparıb. Onun sözlərinə görə, Türkiyə İraq və Türkiyə-Suriya sərhəddi boyu neft ticarəti ilə bütöv ailələr məşğul olur. Bəzi türk kəndlərində sakinlərin 80 faizi bu işə cəlb olunub.
Taştəkin sözlərinə görə, Suriya nefti Türkiyəyə kustar üsulla hazırlanan, 10-15 sm diametrə malik plastik borular vasitəsilə ötürülür. Neft həm öz axarı ilə, həm də primitiv nasoslar vasitəsilə axıdılır. Adətən, belə “neft kəmərləri” torpağın üst qatına yaxın olur və mütləq yaşayış məntəqələrinə yaxın ərazidə yerləşir.
Fəhim Taştəkinin müşahidələrinə əsasən, Suriya tərəfdə “islamçılar” neftin Türkiyəyə axınına başlayanda öz müştərilərinin telefonunda siqnal mesajı atırlar. Onlar isə öz növbəsində 100 litrlik çənlərə nefti dolduraraq ucuz qiymətə satış həyata keçirirlər. Neft qaçaqmalçılığı və ticarəti o qədər gəlirli sahə hesab olunur ki, kustar borular bahalı yapon boruları ilə əvəzlənir.
Kürd jurnalistinin fikrincə, rəsmi Ankaradan göstəriş gələn kimi sərhədyanı bölgələrdə qaçaqmalçılığa qarşı mübarizə başlanır. Lakin bu daha çox görünüş yaratmaq üçün olur. Taştəkinin fikrincə, Türkiyə hakimiyyətindəki bir çox nüfuzlu şəxslər Suriya və İraqla neft ticarətini himayə edirlər. “İslam dövləti” ilə ən çox mübarizə aparan bölgə kimi Hatay vilayəti göstərilir. Burada ordu nəinki yeraltı neft borularını məhv edir, həm də sərhəddə əlavə nəzarət postları yaradır.
Türkiyə Cümhuriyyət Xalq Partiyasının deputatı Mahmud Tnaal hər ay Suriyanın Rakka neft yatağında çıxarılan 4 min ton neftin Türkiyəyə satıldığını iddia edir. Onun sözlərinə görə, “İslam dövləti” bu biznes sazişindən 15 milyon dollar gəlir əldə edir.
İqtisadçı ekspert Çəlavəttin Yavuzun fikrincə, neft ticarəti hər iki tərəf üçün sərfəli biznesdi:
“Neft borularını gecələr yox, artıq gündüzlər də çəkirlər. Əgər polis buna mane olmaq istəyirsə, sərhədyanı kəndlərin sakinləri traktorlarla yolları bağlayırlar. İslam dövləti bu qaçaqmalçılığa nəzarət etsə də, birbaşa deyil, professional qaçaqmalçıların xidmətlərindən istifadə edirlər. Qruplaşma qiyməti 1,85 dollar olan dizel yanacağını türklərə 0,7 dollara satır”. Türkiyənin “İslam dövləti” əleyhinə koalsiyaya qoşulmamasının bir səbəbini də məhz bunda axtarmaq alzmdır. Digər yandan, “İslam dövləti” qruplaşmasının sıralarında 1000-3000 arasında türk silahlısının vuruşması da faktdır. Bu günlərdə Mosuldakı Türkiyənin baş konsulluğunun 49 əməkdaşının azad olunması ilə bağlı xəbər də bir çox suallar doğurur. Türkiyə rəhbərliyi xüsusi əməliyyatla girovlları azad etdiyini söyləsə də, bununla bağlı heç bir sübut ortaya qoyulmayıb. Əvəzində “İslam dövləti” liderləri (xəlifə) Əbu Bəkr əl-Bağdadinin əmri ilə girovları azad etməsi daha inandırıcı variant kimi görünür.
“İslam dövləti”dən neft alan digər dövlət isə təəccüblü olsa da, Suriyadır. Suriya müxalifətinin məlumatına görə, “islamçılar” ölkənin şərqini tamamilə nəzarətə götürdükdən sonra Əsəd hakimiyyəti ilə neft alqı-satqısı barədə razılaşma əldə olunub. Suriya aviasiyasının hava zərbələri endirməməsi şərtilə qruplaşma ərazisində çıxardığı nefti Suriya neft emalı zavodlarına verir. Hər 1 barelə görə Əsəd hökuməti terrorçulara 15-20 dollar pul ödəyir.
İraqın Kərkük şəhərindən cənubda yerləşən Əcil və Həmrun-2 neft yataqları ələ keçirildikdən sonra “İslam dövləti” neft satışını daha da artırıb. Kəşfiyyat mənbələri terrorçuların bareli 62 dollara olmaqla hər gün 100 neft satdığını bildirir. Əsas satış marşrutları İraq Kürdüstanının, Türkiyənin, Suriyanın neft emalı zavodlarıdır.
Beləliklə, neft satışından sutkada 3 milyon dollar gəlir əldə edən “İslam dövləti” özünü maliyyələşdirə bilən güclü struktura çevrilib. İstər Suriyada Bəşər Əsəd qüvvələrinə, istərsə müxalifət düşərgəsindən olan köhnə müttəfiqləri “Əl Nüsrə Cəbhəsi”nə, istərsə də İraq hakimiyyətinə qarşı vuruşan “İslam dövləti” “əl-Qaidə”nin nail ola bilmədiyi təhlükə dərəcəsinə çatıb. Sentyabrın əvvəllərindən başlayaraq ABŞ aviasiyasının hava zərbələrinə məruz qalan qruplaşma bununla belə, öz hücum əməliyyaltarını davam etdirir.
Türkiyənin və Körfəz dövlətlərinin (xüsusən Qətər) loyal yanaşdıqları “İslam dövləti” yaxın illərdə regional təhlükə mənbəyi olaraq qalacaq.
Modern.az