“RUSİYADA YENİ KEÇƏL RƏHBƏR PEYDA OLACAQMI?” – “Priqojin nəzarətdən çıxan bədheybətə çevrilir”

27-05-2023, 10:07   


Baxiş sayı: 910
Dərc olunub: 27/05/2023 - 08:45
Bölmə: Manşet

“Vaqner”-in rəhbəri Yevgeni Priqojinə separatçı jurnalist Konstantin Dolqova verdiyi müsahibədə “xüsusi hərbi əməliyyat”ı müharibə adlandırdığı üçün Rusiya qanunvericiliyinə əsasən cəza düşür, amma təbii ki, buna görə Priqojini heç kim həbs etməyəcək. Öz çıxışları ilə sadə rusiyalıların xoşuna gəlməyə çalışan və buna müəyyən dərəcədə nail olan Priqojin tədricən paralel güc və təsir mərkəzinə çevrilməkdədir. Belə görünür ki, onun öhdəsindən gəlmək heç də asan olmayacaq.

Priqojinin Rusiyanın indiki vəziyyəti ilə 1917-ci il arasında oxşar cəhətlərin olmasını vurğulaması maraqlı və diqqətçəkən nüansdır. Tarixdən də bəllidir ki, Rusiyada mərkəzi hakimiyyət və ümumi dövlət nizamı zəiflədikcə inqilabi əhval-ruhiyyə baş qaldırır. Hiyləgər və məlumatlı şəxs olan Priqojin Rusiyanın hansı istiqamətə sürükləndiyinin əlamətlərini yaxşı hiss edir.

“AzPoltika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” saytı “Avroranın daha bir atəşi: Rusiyada yeni bir keçəl rəhbər peyda olacaqmı?” başlıqlı məqaləsində Priqojin mövzusuna toxunub. Həmin məqaləni təqdim edirik: 

“”Vaqner” hərbi birləşməsinin rəhbəri Yevgeni Priqojin jurnalist Dolqova bir saatdan artıq müsahibə verib. Rusiya qanunvericiliyinə əsasən Priqojin öz söylədiklərinə görə gərək 15 il azadlıqdan məhrum olunsun. Çünki o, Putinin “xüsusi hərbi əməliyyatı”nı müharibə adlandırıb (Rusiya Federasiyasında bunun müharibə adlandırılması qadağan edilib). Bundan başqa o, Rusiya rəhbərliyinin qarşısına qoyduğu məqsəd və tapşırıqların reallığına şübhə ilə yanaşdığını bildirib. Priqojin Ukraynanın demilitarizasiyası (hərbsizləşdirilməsi) haqqında deyib: ”Əgər xüsusi əməliyyata kimi şərti olaraq onların 500 tankı vardısa, indi onların beş min tankı var. Əgər o zaman 20 min nəfər döyüşməyi bacarırdısa, indi 400 min nəfər döyüşür. Biz onları necə demilitarizasiya etmişik? İndi biz əksinə, Ukraynanı hərbləşdirmişik”.



Priqojin denasifikasiya (nasizmdən təmizlənmə) barəsində isə bildirib: ”Kobudcasına bütün ərazini çəkmələrimizlə tapdalayaraq nasistlər axtardıq. Nasistlər axtararkən kimi gəldi məhv etdik. Kiyevə yaxınlaşdıq, sonra isə “batırdıq” və geri çəkildik”.

Priqojin “Vaqner” qrupunu və Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətini yükəsk qiymətləndirməklə yanaşı, Rusiya ordusunun işə yaramadığını bir daha önə çəkərək, Müdafiə naziri Sergey Şoyqunun aliəsini söyüb, onun kürəkənini “Ərəb Əmirliklərində oturan əclaf” adlandırıb.

Bundan əlavə, Rusiya elitasının uşaqlarını müharibəyə yollamağa çağırıb və xəbərdar edib ki, əks təqdirdə ölkədə inqilabi vəziyyət meydana gələcək. O, deyib: ”Elitanın uşaqları krem sürtüb özlərini internetdə göstərdikləri bir vaxtda, sadə adamların övladlarının cəsədləri parçalanmış halda sink tabutlarda gəlir və ana öz oğlu üçün göz yaşı tökür. Bu ikiyə bölünmə 1917-ci ilin inqilabı kimi qurtara bilər. Elitanın övladlarının piylənməsi bitəcək, insanlar onları yabaya keçirəcəklər”.

Priqojinin sözləri hamını silkələyib və son zamanlar “Vaqner” rəhbərinin aşkarlıq və maksimum açıq fikirliliyi taktikası nəticə verib. Hazırda Rusiyada informasiya bazasını Putin yox, məhz Priqojin yaradır. Onun birbaşa, söyüşlə danışması və qarşısındakı oponenti yerində oturtmaq bacarığı Rusiya əhalisinin xoşuna gəlir.

Rusiya qaraguruhu çətin həyat şəraitindən yuxarıya dırmaşa bilən adamları xoşlayır (xatırladaq ki, Priqojin bir neçə il həbsdə olub). Varlıları “yabaya keçirmək” söhbəti isə yoxsullaşmış rusların canına yağ kimi yayılır.

Həqiqətən də “Vaqner”in fəaliyyəti Rusiya cəmiyyətində ağır izlər buraxıb. Baxmut uğrunda döyüşlərdə “ət maşınındakı” fəlakətli qurbanlardan başqa, (Priqojin öz xüsusi kontingentindən 20 min nəfər itki verdiyini bildirib) keçmiş dustaqlar “Vaqner”in sıralarından azadlığa çıxaraq, yenidən cinayət törətməyə başlayıblar.

Belə ki, Novosibirskdə “Vaqner” şevronunu daşıyan naməlum biri, 4-cü və 5-ci sinif məktəblilərini zorlayıb, Krasnodarda isə 28 aprel tarixində iki animator aktyor - 37 yaşlı Kiril Çubko və 19 yaşlı Tatyana Mostiko öldürülüb. Şübhəli bilinənlərdən biri “Vaqner” sayəsində azadlığa çıxan keçmiş dustaqdır.

Priqojin bu faktları şərh edib. Onun cavabının ümumi leytmotivi belədir: ”Əlbəttə, bu, çox pisdir”. Amma o, heç bir məsuliyyət daşımır. Keçən yay ”Vaqner”in dustaqlar hesabına gücləndirilməsi səfərbərliyə alternativ variant kimi başlamışdı. Buna baxmayaraq, Rusiyada səfərbərlikdən qaçmaq mümkün olmadı, hələ üstəlik elə alındı ki, Priqojinin muzdluları Rusiyanın nizami ordusundan yaxşı döyüşdü. ”Vaqner” Soledarı və Baxmutun böyük hissəsini, yaxın kəndləri tutduğu halda, Rusiya ordusu praktik baxımdan heç nəyə nail olmayıb. Priqojin belə bir vəziyyətdə öz rolunu çox uğurla oynadı və öz yaradıcısının nəzarətindən çıxan bir bədheybətə dönüşdü. İndi onun arxasında populyarlıq və ictimaiyyətin inamı var. Bundan başqa, onun böyük olmasa da, döyüşlərdə bərkimiş və yaxşı təchiz edilmiş ordusu var.

Belə bir şəraitdə Yevgeni Priqojinin inqilabi vəziyyət barəsində danışmasından Kreml rəhbərliyi ehtiyat etməlidir. Yüz il bundan öncə də belə olub, o vaxt da uğursuz müharibə, qabiliyyətsiz komandanlıq, çoxsaylı qurbanlar, cəmiyyətin apatiyası hökm sürürdü. Sosial bərabərliyə, ədalətə çağrış “Avrora” kreyserinin atəş açmasına gətirib çıxardı. Hələ ki, vəziyyət oxşardır və deyəsən hər şey təkrarlanır, yalnız Leninin soyadı başqa cürdür...”

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.