Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Əliyevin Qarabağla bağlı amnistiya təklifini alqışladı

1-06-2023, 08:27   


“Aqressiv ritorika yalnız keçmişin zorakılığını əbədiləşdirə bilər”

Mayın 30-da ABŞ Dövlət Departamenti Kişinyovda Ermənistan və Azərbaycan arasında gözlənilən danışıqları dəstəkləməyə hazır olduğunu bəyan edib.

Departamentin mətbuat katibi Metyu Miller Bakı və Yerevan arasında danışıqların davam etməsindən məmnunluğunu ifadə edib.

Dövlət katibi Blinkenin dediyi kimi, Cənubi Qafqazda sülhə nail olmaq mümkündür”, – deyə Miller əlavə edib.

Məlumatı “Turan” yayıb.

Dövlət Departamenti bu yaxınlarda sülhə sadiq olduğuna görə Ermənistanın Baş nazirı Nikol Paşinyana təşəkkürünü bildirib.

Dövlət Departamenti həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin amnistiya açıqlamasını alqışladığını bəyan edib:

“Biz amnistiya məsələsinə baxılması ilə bağlı prezident Əliyevin son fikirlərini alqışlayırıq”.

Metyu Miller. Foto: Twitter

“İyunun 1-də Ermənistan və Azərbaycan liderləri Kişinyovda avropalı tərəfdaşlarımızla görüşəcəklər. Ümid edirik ki, bu, zorakılıq yolu ilə yox, danışıqlar masası arxasına oturmaqla həmin məsələlərin həlli istiqamətində məhsuldar addım olacaq”, – bəyanatda deyilir.

ABŞ, eyni zamanda, tərəfləri eskalasiyadan çəkinməyə çağırır:

 “Aqressiv ritorika yalnız keçmişin zorakılığını əbədiləşdirə bilər. Konstruktiv dialoq həm ictimai, həm də özəl dialoq kimi sülh, imkanlar və ümid yarada bilər. Hər iki tərəfin davamlı və layiqli sülh sazişinin bağlanması üzrə səylərini dəstəkləməyə hazırıq”, –  Miller fikrini tamamlayıb.

Mayın 28-də Laçında İlham Əliyev Qarabağın separatçı rəhbərlərini istefaya getməyə və Azərbaycanın qanunlarını tanımağa çağırıb.

Ölkə başçısı deyib ki, belə olduğu halda, onlar amnistiyaya ümid edə bilər.

Dünən Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Kişinyovda müzakirə edəcəkləri məsələləri açıqlayıb.

Şarl Mişel bildirib ki, tərəflər arasında suverenliyə və ərazi bütövlüyünə hörmət qarşılıqlı şəkildə təsdiq edilməlidir:

Bakı və keçmiş DQMV-də yaşayan ermənilər arasında onların hüquqları və təhlükəsizliyi haqqında dialoq hazırda həlledici əhəmiyyətə malikdir. Maksimalist mövqelərdən uzaq durmaq və dialoq qurmağa çalışmaq vacibdir. 30 ildən çoxdur ki, davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlara ehtiyac var”.

Mayın 14-də Brüsseldə Azərbaycan və Ermənistan liderləri Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə görüşüblər.

Görüşdən sonra bəyanat yayan Şarl Mişel Brüssel danışıqlardan məmnun qaldığını ifadə edib.

Bəyanatda qeyd olunur ki, liderlər Cənubi Qafqazda sülhün bərqərar olmasına hazırlığı müzakirə ediblər.

ABŞ-da sülh müqaviləsi ilə bağlı son müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qəti addımların atılması üçün səylər saxlanılmalıdır”, – Şarl Mişel deyib.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar