SON DƏQİQƏ! Bütün gözlər TÜRKİYƏDƏ - Hər şey Ərdoğanın bir kəlməsinə bağlıdır

1-06-2023, 12:35   


İyulun 11-12-də Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO Sammitində tamhüquqlu üzv kimi masa arxasında oturmağa ümid edən İsveçin gözü Türkiyədədir. Hələ də Stokholma yaşıl işıq yandırmayan Ankara bu gün qüvvəyə minəcək terrorla mübarizəni gücləndirən qanun kontekstində konkret addımlar görmək istəyir.

Musavat.com xəbər verir ki, İsveçin baş naziri Ulf Kristersson Financial Times qəzetində dərc edilən məqaləsində yazıb ki, yeni qanun Türkiyənin İsveçin NATO-ya üzvlüyünə dəstəyini təmin edən razılaşmanın “son fəslini” təşkil edir.

"İsveçin NATO-ya üzvlük müraciətini ciddi şəkildə nəzərdən keçirməyin vaxtı çatıb. Ölkəmizin NATO-dan təcrid olunmasından yalnız Vladimir Putin faydalanacaq", - Kristersson bildirib.

İsveçin zirvəyə qədər üzv olmasını mümkün hesab etdiyini deyən NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bu məsələni müzakirə etdiklərini bildirib: “Mesajım budur ki, bunu etmək olar. Hazırda fürsət var. Buna mümkün qədər tez nail olmaq üçün çox çalışırıq”.

6477c4024e3fe115908a58f0.jpg (78 KB)

ABŞ Dövlət Katibi Antoni Blinken eyni fikirdədir. “İndi irəliləmək vaxtıdır. Biz bunun Vilnüs Sammitinə qədər baş verməsini istəyirik”, - deyə o bildirib.

Ağ Evdən verilən açıqlamada Türkiyənin İsveçin NATO-da iştirakını təsdiqləməsinin ABŞ-ın Türkiyəyə F-16 satması üçün şərt olmadığı açıqlanıb. Mətbuat katibi Karine Jean-Pierre gündəlik mətbuat konfransında ABŞ prezidenti Co Baydenin Türkiyəyə F-16-ların satışını dəstəklədiyini çoxdan açıq şəkildə ifadə etdiyini və İsveçin NATO-ya üzvlüyünün bunun üçün şərt olmadığını bildirib.

Ankara İsveçin NATO-ya üzv olmasına razı olsa belə, təqvimlə bağlı məsələnin gündəmə gəlməsi ehtimalı var. Türkiyə Böyük Millət Məclisi (TBMM) vəzifəyə başladıqdan sonra məsələnin yeni yaradılan Xarici Əlaqələr Komitəsinə çıxarılması, müzakirəsi və təsdiqlənməsi lazımdır. Daha sonra Türkiyə Böyük Millət Məclisinin Ümumi Yığıncağının və prezident Ərdoğanın təsdiqi lazımdır. 

İsveç Türkiyə kimi Macarıstanın da təsdiqini gözləyir.

Musavat.com 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar