Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Zahid Orucdan yeni seçki taktikası anonsu: hansı sürprizlər ola bilər? - rəylər

1-06-2023, 14:53   


Deputat, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, qardaş Türkiyədəki seçkiləri təhlil edərkən maraqlı fikirlərlə yanaşı, dövlətin məlumatlı şəxslərindən biri kimi, mühüm informasiyalar da vermiş olub.

“Qardaş ölkədəki seçkilərə cəmiyyətimizin yüksək diqqəti 2025-ci ildə Azərbaycanda keçiriləcək prezident və parlament seçkilərinə hazır olduğumuz kimi də dəyərləndirilə bilər” deyən mərkəz sədri vurğulayıb ki, Prezident İlham Əliyev 2018-ci il seçkilərinin ardınca Ulu Öndərin 100 illiyində yeni hakimiyyət quruculuğunu əzmlə davam etdirir: “Mərkəzi və yerli idarəetmə orqanlarında inqilabi dəyişikliklər, yeni partiyalar sistemi, neftə alternativ - "yaşıl" enerji iqtisadiyyatı, yeni siyasi elitanın formalaşdırılması Vətən müharibəsində Qələbədən sonra daha da güclənib. Türkiyədə 90 faizə yaxın seçicinin gələcək taleyini özü müəyyən etməsi ölkəmizdə də aktiv seçki mühitinə təkan verir və partiyalardan kənarda qalan, qeyri-siyasi topluma aid edilən və kənar təsirlərə həssas təbəqənin siyasi proseslərə fəal cəlbini tələb edir".

Millət vəkilinin sözlərinə görə, xüsusilə “Azərbaycan 100 ili” adlı yeni konsepsiyanın, o cümlədən 2-ci Qarabağ müharibəsində qələbəmizin tək lideri İlham Əliyevin gələcək seçkilərdə haqlı legitim qələbəsi, “yol xəritəsi”nin hazırlanması bir nömrəli məsələdir: “Konstitusion islahatların zərurəti, eləcə də Xankəndidə məskunlaşan ermənilərlə birgəyaşayış və inteqrasiya siyasi hüquq və azadlıqlara həssas yanaşmanı şərtləndirir. Siyasi partiyaların ideoloji kimliklərinin müəyyənləşməsi, dini və milliyyətçi yönlü, separatizmə qarşı birləşdirici ideologiyaların hazırlanması da son dərəcə vacibdir. Azərbaycanda növbəti seçkilər müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün təminatı və azad torpaqlarda keçiriləcəkdir. Ona görə də Zəfərimizə geridönməz xarakter vermək, Böyük Qayıdışın bütün hədəflərinə çatmaq, möhkəm ailə və dini dəyərləri, eləcə də milli təhlükəsizliyi qorumaq üçün Türkiyədə seçkilərdəki Qələbəni 2025-ci ildə ölkəmizdə davam etdirməliyik!”.

Zahid Oruc bu açıqlamaları ilə konkret nəyin anonsunu verdi? Referendumda nələr olacaq? Bunun ardınca formalaşacaq parlamentin indikindən tamamən fərqlənəcəyini gözləyəkmi?

Tural Abbaslı (@TuralAbbasli) / Twitter

Tural Abbaslı: “Siyasi səhnənin peşəkarlaşmasına doğru addımların atılacağı barədə işarələr var”

AĞ Partiya başqanı Tural Abbaslı “Yeni Müsavat”a bildirdi ki, Zahid bəyin mövqeyi kifayət qədər diqqət çəkir: “Biz əvvəl də deyirdik ki, Türkiyədəki seçkilərin atmosferi istər-istəməz həm Azərbaycan siyasi səhnəsinə, həm də Azərbaycan cəmiyyətinə təsir edəcək. Çünki biz Türkiyə ilə çox bağlıyıq, mədəni, iqtisadi, tarixi baxımından. Siyasi məsələlərdə də təbii ki, fərqli deyilik. Təbii ki, türk insanının siyasi yanaşması bizə daha çox sirayət edir, nəinki kənar ölkələrə. Bəli, doğru qeyd edib ki, cəmiyyətin 90 faizə yaxınının seçki prosesində iştirak etməsi və konkret cəmiyyətin partiyalar ətrafında birləşməsi bir dövlətin təhlükəsizliyi üçün bir qarantiyadır. Çünki vətəndaşlar öz dövlətlərinə sahib çıxırlar. Orada bir ifadə işlədilib ki, siyasi partiyada cəmləşməyən digər vətəndaşlar kənar qüvvələrin təsirinə açıqdırlar. Biz də nəzərə alsaq ki, qonşularımız bir tərəfdən İran, başqa tərəfdən Rusiya, digər tərəfdən Ermənistandır, o zaman insanların, siyasi, ideoloji partiyalar ətrafında birləşməsi cəmiyyətin möhkəmliyinə gətirib çıxaracaq. Bu mövqedən belə anlamaq olur ki, dövlət artıq təsadüfi insanların siyasətə gəlməsinin, təsadüfi insanların dövlət idarəçiliyinə ayaq basmalarının, strateji dövlət məsələlərində təsadüfi insanların həlledici fiqura çevrilməsinin qarşısını almaq istəyir. Artıq bilinən düşərgələrdən bilinən insanların siyasi səhnədə yer alması istənilir. Belə anlamaq olur ki, iqtidar çoxpartiyalı sistemi möhkəmləndirmək istəyindədir. Təbii ki, bu sistemi möhkəmləndirməyin də ilkin şərtlərindən biri, ən əsası proporsional seçki sisteminin bərpasıdır. Çünki majoritar seçki sistemində bir çox hallarda təsadüfi, imkanlı insanların parlamentə düşməsi daha münbitdir, nəinki proporsional seçki sistemində. Siyasi səhnənin peşəkarlaşmasına doğru addımların atılacağı barədə işarələr var. Təbii ki, proporsional seçki sisteminin qaytarılması konstitusiya dəyişikliklərindən keçir. Bu da o deməkdir ki, yaxın zamanlarda cəmiyyətin də, bizlərin də gözlədiyi kimi konstitusiyada dəyişiklikləri ilə bağlı referendum ola bilər. Çox böyük ehtimalla yeni konstitusiyaya da uyğun şəkildə parlament təzədən formalaşacaq. Təbii ki, yeni mühitə uyğun seçki qanunu dəyişməlidir. Artıq seçki qanununda partiyaların mövqeyi gücləndirilməli, çəkisi artırılmalıdır. Hər halda, Zahid bəyi təsadüfi insan hesab etmək doğru deyil. Özü də qeyd edir ki, mən məlumatlı adam, məmur kimi bu məsələləri qeyd edirəm. Bu o deməkdir ki, bunlar tək analiz deyil, həm də məlumatdır. Təki deyilənlər olsun. Biz çoxdan deyirik ki, çoxpartiyalı sistemin inkişafı çox önəmlidir, dövlətin bu günü, gələcəyi, həm də təhlükəsizliyi üçün. Burada da təbii ki, partiya institutunun möhkəmləndirilməsində olan rol artırılmalı, qanunvericilik bazası gücləndirilməli, iqtisadi tərəflər öz həllini tapmalıdır. Artıq partiyaların qeydiyyat məsələləri getdikcə başa çatmağa doğru gedir. Bu prosesdən sonra qalan partiyalarla bu istiqamətdə işlər gedəcək. Sonda nəhayət ki, Azərbaycan çoxpartiyalı, demokratik bir cəmiyyətə qovuşacaq. Buna ümid edirik, inanırıq”. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev: “Parlament seçkilərinin 2024-cü ildə keçiriləcəyini demişəm”

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev əminliklə gələn il Azərbaycanda parlament seçkilərinin keçiriləcəyini vurğuladı: “Parlament seçkiləri ilə bağlı mənim proqnozum var. Gələn il seçkilərin baş tutacağı gözlənilir. Çünki indiki qanunvericiliklə 2025-ci ildə həm prezident, həm də parlament seçkiləri keçirilməlidir. Bu da mümkünsüz görünür, ona görə ki, həmin ilin fevralında parlament, aprelində prezident seçkiləridir. Hətta həmin ilin dekabrında həm də bələdiyyə seçkiləri vaxtıdır. Son olaraq, parlament buraxıldığı, növbədənkənar seçkilər keçirildiyi üçün bu dəfə də bunun baş tutması mümkündür. Mən hələ sizin qəzetə iki il öncədən parlament seçkilərinin 2024-cü ildə keçiriləcəyini demişəm”.

Akif Nağı və xanımı “Yeni klinika”ya yerləşdirildi

Akif Nağı: “Onun dediklərini rəsmi açıqlama kimi qəbul etməliyik”

Azad Vətən Partiyasının sədri Akif Nağı STM rəhbərinin dediklərini kifayət qədər ciddi proseslərin başlanacağının anonsu kimi qəbul edir: “Partiyamız Qarabağ Azadlıq Təşkilatının (QAT) bazasında yaranıb. QAT-ı Azərbaycan cəmiyyəti üçün nümunəvi ictimai qurum olaraq ortaya gətirdik. Elə bir təşkilat Azərbaycanda olmadı, yoxdur və yəqin ki olmayacaq. İndi həmin təcrübəyə söykənərək, nümunəvi partiya yaratmaqla məşğuluq. Artıq kifayət qədər nəticəyə nail olmuşuq. Bu gün sosial bazasına, təşkilatlanma coğrafiyasına, idarəetmə strukturlarına görə bizim partiya ilə YAP-dan başqa heç bir partiya müqayisə oluna bilməz. Biz bu işlərimizi yeni şəraitə, müasir şərtlərə, sağlam partiyalaşma tələblərinə uyğun olaraq aparırıq. "Siyasi partiyalar haqqında" Qanuna, seçki sisteminin yenilənəcəyinə dair bəzi məlumatları nəzərə alaraq, işlərimizi qururuq. Hesab edirəm ki, bu dəyişikliklər sağlam partiyalaşma prosesinə şərait yaradacaq. Partiya "tik-tok effekti", “bloger bacarığı”, xarici mərkəzlərin xahişi və ya sifarişi ilə yaradıla bilməz. Bu cür partiyalar sabun köpüyü kimi dağılıb gedəcək. Oturuşmuş partiyalar yaradılmalıdır. Amerika, Avropada hərəsində 2-3 partiya olmaqla dediyimiz sistem formalaşıb. Türkiyə də bu prosesə indi start verir. Bu vaxta qədər Ana Vətən, Doğru Yol kimi partiyalar müəyyən uğur qazanıb, amma oturuşmuş partiyaya çevrilə bilməyib, sıradan çıxıblar. Ən ideoloji partiya olan MHP siyasi gücə çevrilə bilməyib, hətta Alpaslan Türkeşin vaxtında da hakimiyyəti götürməyi bacarmayıb. CHP ilkin Atatürk ideoloji bazasından uzaqlaşıb, 30 ildir ki, hakimiyyətə gələ, oturuşmuş partiyaya çevrilə bilmir. AKP oturuşmuş partiyalardan biri ola bilər. Son təcrübə bunu göstərdi. Biz, əlbəttə, Türkiyənin son seçki təcrübəsindən yararlanmalıyıq. Amma təqlid etmək yox, nəzərə almalıyıq. Zahid Orucun dediklərini rəsmi açıqlama kimi qəbul etməliyik. Görünür, yaxın vaxtlarda ciddi siyasi hadisələr baş verəcək. Partiyaların cəmiyyətdə, dövlətin idarə olunmasında rolunun artırılması nəzərdə tutulur. Partiyalar da öz məsuliyyətini başa düşməlidir. Əksər partiyalar hakimiyyətə gəlməyi, deputat olmağı qarşılarına məqsəd olaraq qoyurlar. Amma anlamalıdırlar ki, bunlar məqsəd deyil, məqsədə çatmaq üçün vasitələrdir. Bunu anlayanların sayı artdıqca, işlərimiz irəliyə gedəcək. Onda parlamentimiz də, partiyalarımız da bambaşqa olacaq. Adamlarımız parlamentə bacadan, pəncərədən, dal qapıdan deyil, normal şəkildə düşüb, iş görmək, millətə xidmət etmək həvəsi ilə çalışacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar