Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Sülh sazişinin imzalanmasında gecikmə Moskvanın region dövlətlərinə təhdidindən irəli gəlir”

3-06-2023, 09:20   


Fərhad Məmmədov: “Moskva Qərb vasitəçiliyində olan prosesin iflasa uğramasını istəyir”

Moldovanın paytaxtı Kişinyov şəhərində Avropa Siyasi Birliyinin II Zirvə toplantısı çərçivəsində Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan arasında müxtəlif formatlı görüşlərin nəticələri ilə bağlı özündə ümumi sözləri ehtiva edən bəyanatlar səsləndirildi.

Bəyanatlardan göründüyü kimi konkret nəticələr əldə edilməyib, hər-hansı bir sənəd imzalanmayıb.

Detalları açıqlanmayan danışıqların nəticələrinə əsasən, tərəflər razılığa gəliblər ki, iyulun 21-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə daha bir görüş keçirsinlər. Buna qədər isə Azərbaycan və Ermənistan XİN rəhbərləri Vaşinqtonda danışıqlar aparacaqlar.
Digər bir anonsa əsasən isə Şarl Mişel İlham Əliyevlə Nikol Paşinyana oktyabrda İspaniyada keçiriləcək Avropa Siyasi Birliyinin növbəti zirvə toplantısında iştirak edib, daha bir beştərəfli (Azərbaycan, Ermənistan, Aİ, Almaniya və Fransa) görüşün keçirilməsini təklif edib.

Kişinyov görüşü. Foto: president.az

Görüşlərin keçirilməsi ilə bağlı elan edilən coğrafiya onu deməyə əsas verir ki, kollektiv Qərb Rusiyanı tam olaraq danışıqlar prosesindən çıxarmaqda israrlıdır.

Xatırlatmaq yerinə düşər ki, Kişinyov görüşünə qədər Azərbaycan və Ermənistan XİN başçıları bir neçə gün Vaşinqtonda danışıqlar aparmışdı. Moldova görüşü ərəfəsində isə Kreml təcili olaraq İlham Əliyev və Nikol Paşinyan görüşünü təşkil etməyə çalışdı. Moskvada Avrasiya İqtisadi Birliyinin iclasına Azərbaycan prezidenti dəvət olundu. Rusiyanın həmin cəhdinin iflasa uğraması bütün dünyanın gözü qarşısında oldu. Əvvəl Azərbaycan və Ermənistan liderləri Avrasiya İqtisadi Birliyinin iclasında açıq söz duelinə çıxdılar. Daha sonra Rusiya Prezidenti Vladimir Putinin təşkil etdiyi qapalı üçtərəfli görüş isə cəmi 20 dəqiqə çəkdi və yekun bəyanat olmadan bitdi.

“Qərb dövlətləri regionda qlobal təhlükəsizliyin təminatı ilə bağlı dəqiq fikrə gələ bilməyiblər”

Danışıqlarda təşəbbüsün Qərb tərəfində olub-olmaması məsələsini Meydan TV üçün şərh edən, siyasi icmalçı Rauf Mirqədirov 100 faizlik belə bir nəticəyə gəlməyin tərəfdarı olmadığını bildirib. Onun sözlərinə görə, bir neçə məsələni nəzərdə saxlamaq lazımdır ki, bunlardan da birincisinin, Rusiyanın hər iki dövlətə təsir imkanları olması və Moskvanın istənilən vaxt onlardan istifadə edə bilməsidir.

Qarabağda sülhməramlı administrasiya Bakıya və Yerevana təzyiq imkanlarını artırır. Ermənistanda da Rusiya qoşunları var, orada “5-ci kolon” çox güclü olduğundan Paşinyan hökumətini daim təzyiq altında saxlayırlar”, – politoloq deyib.

Onun fikrincə, ikinci bir səbəb isə Qərb dövlətlərinin, Rusiyanın əleyhdarlarının regionda qlobal təhlükəsizliyin təminatı ilə bağlı dəqiq fikrə gələ bilməməsidir.

Ekspert deyib ki, bu təhlükəsizlik təminatı Ermənistan üçün çox vacibdir.

Onlar üçün Azərbaycan və Türkiyə təhlükəsizlik məsələsidir. Azərbaycan əsas təhlükəni Rusiya və İrandan görə bilər. İkincinin hansısa aktiv addımlar atacağını gözləmək lazım deyil. Rusiya haqqında isə bunu demək olmur. Hələlik bu məsələlərdə aydınlıq qlobal qarşıdurmanın nəticələrinə bağlıdır”, – o qeyd edib.

Rauf Mirqədirov hesab edir ki, bütün hallarda bir şeyi dəqiq demək olar ki, Rusiya yeganə moderator deyil, hazırda danışıqlar prosesində əsas moderator da deyil.
O vurğulayıb ki, əgər əvvəllər Rusiya mütəmadi görüşlər təşkil edirdisə, indi əksinədir, Qərbin vasitəçiliyilə keçirilən görüşlərə cavab olaraq Moskvada görüşlər baş tutur:

Həmçinin, Qərb konkret qrafik üzrə görüşlər keçirir və bu, yalnız dövlət başçıları, nazirlər səviyyəsində yox, həm də ekspertlər səviyyəsində olur. Moskva görüşündən gözləntilər olsa da, əslində o fiasko idi. Biabırçılıq ondan ibarət idi ki, mətbuat üçün açıq olan görüşdə tərəflər qarşılıqlı atışdılar. Ancaq diplomatik qaydalara görə belə görüşlərdə tərəflər bir-birinə hücumlar etmirlər, çünki bu, vasitəçiyə qarşı hörmətsizlikdir. Hətta Putinin mübahisəni dayandırmaq cəhdi alınmadı. Fikir verdinizsə, Brüsseldə həmin səhnə yaranmadı”, – Rauf Mirqədirov bildirib.

Foto: Rauf Mirqədirovun şəxsi arxivindən

Politoloq Fərhad Məmmədov isə bəyan edib ki, əslində təşəbbüs Azərbaycanın əlindədir.

“Hazırda Azərbaycan məcbur edir və elə şərait yaradır ki, danışıqların intensivliyi artsın. Bu intensivliyə Qərb vasitəçiliyi daha çox cavab verir, nəinki Rusiya. Əgər bir neçə ay əvvəl gündəlikdə bir neçə məsələ var idisə, Azərbaycan birtərəfli addımlarla artıq bu məsələləri qapadır. Misal üçün, Laçın yolunda sərhəd buraxılış məntəqəsinin quraşdırılması. Belə olan halda onlar da fəallaşır və vasitəçilikdə təşəbbüsə yiyələnmək istəyir”, – politoloq bildirib.

Fərhad Məmmədov vurğulayıb ki, danışıqlar prosesi Qərbdə getsə də, Rusiyanın onlardan bir addım öndə olduğu nəzərə alınmalıdır.

Çünki Rusiya bölgədədir. Ona görə hər hansı irəliləyişə nail olsaq, hansısa mərhələyə çatsaq, müəyyən məsələlərdə Rusiyanın yeri var”, – o bildirib.

Rusiyanın bununla bağlı növbəti addımlarının proqnozlaşdırılmasına gəlincə, Rauf Mirqədirov qeyd edib ki,
ya xoşbəxtlikdən, ya bədbəxtlikdən Rusiyanın başı Avropaya qarışıb, Putin üçün Ukraynada və Moldovada ciddi problemlər yaranıb.

Məncə, sülh sazişinin imzalanmasında gecikmə Moskvanın region dövlətlərinə təhdidindən irəli gəlir. Yəqin ki, Bakı və Yerevan sülh sazişini imzalamağa hazırdılar, sadəcə, cəzarətləri çatmır, – o bəyan edib.

Fərhad Məmmədov da hesab edir ki, Rusiya hazırda sülh müqaviləsinin imzalanmasına qarşıdır.

Moskva prosesi Qərb vasitəçiliyində dayandırmaq və iflasa uğramasını istəyir. Ona görə fəal şəkildə prosesə qoşulmur. Çünki Rusiyanın aləti var, bu da Qarabağ ermənilərinin rəhbərliyindəki hərbi diktatura rejiminin aparıcı simalarıdır. Araik Arutunyan və onun dəstəkçiləri. Moskva onun vasitəçiliyilə sülh müqaviləsinə maneçiliklər törədir”, – politoloq bildirib.

Fərhad Məmmədov. Foto: Meydan TV

“Azərbaycan və Ermənistan sərhədində çadır qurub, sülh müqaviləsini orada imzalamaq lazımdır”

2023-cü ilin Azərbaycan və Ermənistan arasında münaqişənin son ilinin olması ehtimalına gəldikdə isə Rauf Mirqədirov vurğulayıb ki, çox şey yaxın aylarda Ukraynada nələrin baş verəcəyindən asılıdır.

Bununla belə, onun fikrincə, münaqişənin son ili ifadəsi bir qədər korrekt deyil.

Əgər söhbət sülh sazişinin imzalanmasından gedirsə, sənədin mətni hazırdır və bununla bağlı ciddi fikir ayrılıqları yoxdur. Hətta Nikol Paşinyan anklavlar barədə dedi ki, Ermənistan bu məsələnin bütün vaiantlarına hazırdır”, – o xatırladıb.

Politoloq Fərhad Məmmədov qeyd edib ki, İspaniyada oktyabrda nəzərdə tutulan görüşdə mütləq Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan da iştirak edəcək.

Kişinyovla bağlı əvvəldən bilinirdi ki, sadəcə, bir görüşdür və Şoltsa Makronu məlumatlandırmaq məqsədi daşıyır. Türkiyə Prezidenti iştirak etmədiyi üçün beştərəfli oldu. Amma İspaniyadakı sammitə Türkiyə Prezidenti də qatılacaq. Tam əminəm ki, Azərbaycanın tələbi ilə Ərdoğan da masada oturacaq, çünki o, birbaşa prosesin iştirakçısıdır”, – Fərham Məmmədov deyib.

Onun sözlərinə görə, Qərb məkanında sülh müqaviləsinin imzalanması Rusiya və İranı narahat edə bilər.

“Yaxud Rusiyada imzalanması Qərbi narahat edə bilər. Ermənistan və Azərbaycan üçün də beynəlxalq fonun sülh prosesini üstələməsi gərəkli deyil. Daha məntiqlisi iki ölkənin sərhədində çadır qurub sülh müqaviləsini orda imzalamaqdır. Yaxud heç kəsin iştirak etmədiyi Tbilisidə ancaq region ölkələrinin iştirakıyla imzalamaqdır. Yəni beynəlxalq fonun ona daha çox önəm verməsi prosesə ziyan verir, nəinki imkanlar yaradır”, – Fərhad Məmmədov deyib.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar