Telli Pənahqızı: “Onu öldürməyə əlim gəlmədi…”

23-09-2014, 16:09   
Telli Pənahqızı: “Onu öldürməyə əlim gəlmədi…”Tanınmış tele-jurnalist Telli Pənahqızıyla İstanbulda Türkiyə-Azərbaycan dərnəyində onun qardaş ölkədə nəşr olunmuş “Yaddaşım qaval daşı” kitabının təqdimat mərasimində görüşdük.



Telli xanımla söhbətimizi Axar.az-ın oxucularına təqdim edirik.



Aktrisa olmaq həvəsi



- Telli xanımla İstanbulda görüşürük və bu dəfə şair kimi…



- Hələ orta məktəbdə oxuyandan yazı-pozuya böyük həvəsim olub. Ancaq bunu da deyim ki, mənim heç vaxt jurnalist olmaq fikrim, həvəsim olmayıb. Bütün gənc qızlar kimi aktrisa olmaq həvəsi ilə yaşamışam. Amma günlərin bir günü oxuduğum kitablar sırasına bir kitab da əlavə olundu və həyatıma yön verdi. Əlfi Qasımovun “Adilənin taleyi” romanı. Əmim Tibb Univerisitetinin professoru idi, istəyirdi, mən də həkim olum. Ömrümdə ilk dəfə qəbahət işlətdim. Əmimdən xəbərsiz sənədlərimi apardım verdim ovaxtkı Azərbaycan Dövlət Univerisitetinə - indiki BDU-ya. İlk imtahanı bizdən Bəxtiyar Vahabzadə götürürdü. İki imtahandan beş aldım. Birinci kursdan qəzetlərdə çıxış etməyə başladım. Unversiteti bitirəndə artıq kəfayət qədər populyar idim. Təyinatımı verdilər Şamaxıya. Demək yolla qanıqara gedirəm, axı necə olacaq - Şamaxıda kimsəni tanımıram, ədəbi mühitdən ayrı düşəcəm. Bu vaxt Xalq rəssamı Kamil Nəcəfzadəylə qarşılaşdım. Bir neçə gün öncə ondan müsahibə almışdım. Kimsəyə problemlərimi danışmağı sevmədiyimdən heç nə bilmirdi. Fikirli olmağım nəzərindən qaçmadı. Soruşdu, israr etdi. Qolumdan tutub düz rəhmətlik Yusif Smədoğlunun yanına gətirdi. Yusif Səmədoğlunun tələbnaməsi ilə “Ulduz” jurnalına təyinat aldım və işə başladım.



“Ulduz”dan TV-yə



- Sonra televizya?

- İlk dəfə telefizya ilə tanışlıgım belə oldu: “Tələbə klubu” verlişində bir blok apardım, amma ondan öncə də Aydın Qaradağlı radioda mənim “Ad günü” hekayəmi oxumuşdu. “Gənçlik” redaksiyasında ştatdankənar çalışırdım. Azərbaycan Televizyasınin “Xəbərlər” proqramında kiçik redaktorluqdan başladım. Müdir mavinliyinə yüksəliş və karyerada son dayanacaq. Amma bizim sənətin pik nöqtəsi olmur. Sadəcə, bütün sahələrdə olduğu kimi, zəhmət və istedad, üstəgəl obyektivlik və savad yaradır jurnalisti. Bir zaman sən imzan üçün çalışırsan, sonra imzan sənə şöhrət gətirir. Bu özünü sənətində tapmış insanların həyatında baş verir. Bir də jurnalistika yalanı sevmir. Çünki söz müqəddəsdir.





Gülcamalın bağçası



- Sizin “Xəbərlər”dəki sujetlər də ən çox bədiiliyi ilə yaddaşlara köçürdü.

- Xəbərlər proqramının pozulmayan qaydaları var - hər süjet 2 dəqiqədən çox çəkə bilməz. Mən sujetləri bədiilik üzərində qurudum. Məsələn, Şəkiyə gedirdim, soruşurdum ki, burada qeyri-adi qabiliyyəti olan kim var, amma bunun xəbər proqramına dəxli yox idi, biz kənd təsərrüfatıyla baglı süjetlər hazırlayırdıq. Mən isə mədəniyyət şöbəsinə rəhbərlik etdiyimə görə həmişə çalışırdım ki, bir mədəniyyət xəbərini də xəbərlərin gözünə qatım. Nəysə, dedilər ki, burada Gülcamal adında bir kişi var. Mən də bu Gülcamalın gül bağçasına getdim, çəkdim və baxdım ki, bu bağçada qızılgülün ağı, qırmızısı, sarısı, qarası var. Mən çox qəribə şey yazırdım, məsələn, Şəkidə Camal adında onlarla insan tapmaq olar, amma Gülcamalın gül bağçasını kimdən xəbər alsan, bu ünvanı nişan verəcək. Bax belə bir söz oynatmasıyla bunu təqdim edirdim, sonra ikinci dəfə o Gülcamalla görüşü fərqli təqdim elədim və dedim ki, qızılgülün ağını dərmişik, qırmızısını sevgilimizə vermişik, qarasını isə Gülcamalın bağçasında gördüm, yəni bütün bunların hamısının içində bir bənzətmə, bir bədiilik vardı… Bizim baş redaktorumuz vardı - Ənvər məllim. Mənə həmişə deyirdi ki, bəsdir sən bu bədiiliyi gətirdin bura, axı bu, sırf xəbər proqramıdır, mənsə dedim, başqa cür yaza bilmirəm. Bax mənim bədii yaradıcılıqla məşğul olmagımın mayası məhz burdadır ki, adi sözü də çalışıram ki, insalara gözəl çatdırım.





Daha çox kədər



- Şeirlərinizdən qüssə yağır...

- Acı hər kəsin həyatında var. Bəzən bir nəslin, millətin tale payına da heç vaxt keçib getməyən bir qüssə düşüb. Zamanla ölkəmizin başından gəlib keçənlər, torpaqlarımızın bölünməsi, yaşadığımız faciələr taleyimizə təsirsiz ötüşməyib. Qüssədən payımız biçilib, şirinimiz acımıza qatılıb və bunlar yaradıcılığımızda əksinin tapıb. İnsan yalnız xoşbəxtlikdən şeir yaza bilməz. Ədəbiyyat, şeir daha çox kədərin ifadəisidir.



Bundan belə qismətinə acıma





Əslində xoşbəxtlik nisbi anlayışdır, bəlkə də bizim köks ötürdüyümüz o şey bizim xoşbəxtliyimizdir, amma hər bir şeirin mayasında bir dərd, bir əlçatmazlıq var. Söhbət konkret mənim sevgi şeirlərimdən gedirsə, onların ünvanı yoxdu. Hətta ünvan olsa belə, bu artıq maddi, mənəvi olmaqdan çıxmış, ilahiləşdirilmiş hisslərin tərənnümüdür ki, bu sətirlərdə sevənlər özlərinin tapırlar. O şeirlər hər kəsin könül çırpıntısına çevrilir, dillər əzbəri olur və sənin həsrətinin şeiri səni xoşbəxt edir.



- Məsələn, Türkmənbaşı bir şeirinizə yazılmış mahnını oxuduğu zaman olduğu kimi, eləmi?



- Əlbəttə. Bu mənim “İnanımmı” şeirim idi. Bizim qəzet və televiziyalar bu məsələni şouya çevirmək istədilər. Ona görə mən heç bir münasibət bildirmədim. Mənə şou gərək deyil. Mən Azərbaycan tamaşaçısının tanıdığı və sevdiyi Telli Pənahqızı imicini dəyişmək istəmirəm. İllərlə xidmət etdiyim, zəhmətimin və sevgimin hesabına qazandığım bir obrazı hay-küyçü şou atəşfəşanlığına dəyişmək mənə lazım deyil.





Kişilər xanım kimi…



- Siz də bugünkü şou hay-küyünün əlyhinəsiniz?



- Əlbəttə. Televiziya, ümumilikdə media böyük bir qüvvədir. Millətin təfəkkürünün yuyulması, zövqünün aşılanması, tarixinə istehaza ilə yanaşması, tabularının dağıdılması yönündə yarışa giriblər sanki bizim televiziyalar. Şou prqoramları sirk oyunbazlarının meydanına çevrilib. O çığır-bağırdan, hoqqabazlıqdan nə götürür tamaşaçılar?

Vəziyyət ağlamalıdır. Kişi aparıcılarımız özlərini xanım kimi aparmaga çalışır. Sanki kişiliklərini unudublar. Xanım aparıcılar da maniken kimi soyunublar. Bu, dogurdan da biabırçılıqdır.



- Telli xanım, “Nə mən bağışladım, nə o qayıtdı” - bir şeirinizdə belə bir misra var.



- Bilmirəm... Səni anlamayan, duymayan insanla ailə qurulmaqdansa qurmasan daha yaxşıdır. Axı bu müqəddəs ocaq yalnız dünyaya uşaq gətirmək və bir süfrə başında əyləşmək üçün qurulmur. Bu iki könlün bir düşünməsi, bir döyünməsidir.



- Televizyada çalışanların çoxu sonradan millət vəkili oldu. Siz niyə kənarda qaldınız?



- Mənim içimdə bir qızcığaz var. Məsum, gələcəyə inanan, xəyal quran və arzu edən. Düşünürəm ki, bu böyüməyən körpə hər kəsin içində var. Amma insanlar addım-addım irəlilədikcə, mərtəbələri qalxdıqca, cəmiyyətin arasından sıyrılıb çıxdıqca o körpəni bir az daha öldürürlər. Mən içimdəki qızcığazı öldürmədim, onu öldürməyə əlim gəlmədi. Onu incitmədim belə. Nail olduğum hər şeyi özüm qazandım və bu gün mənim ən böyük uğurum içimdəki o qızcığazın yaşamasıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.