Gəncədə direktorlara ağ qaimə imzalatdırılıb
24-09-2014, 02:01
Zakir Hüseynov yeni gələcək idarə rəisindən öz yeyintilərini gizlətmək üçün tədbirlər görməyə başlayıb
Məlum olduğu kimi bir müddət öncə ölkə təhsilində zəlzələ sayılacaq sərəncam imzalandı. Söhbət Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında sərəncamda qeyd olunan kardinal dəyişikliklərdən gedir. Həmin sərəncama əsasən rayon təhsil şöbələri ləğv olunur və onların bazasında regional idarələr yaradılır.
Dəyişiklik Azərbaycan təhsilində irəliləyişə səbəb olacaqmı, ümumiyyətlə rayon təhsil şöbələrinin ləğvi lazım idimi, formalaşdırılacaq regional idarələr tərkiblərinə veriləcək rayonların təhsil müəssisələrinə tam və etibarlı nəzarəti həyata keçirə biləcəkmi, son dəyişiklik kimlər üçünsə "korrupsiya qapısı” açmır ki – təbii ki suallar kifayət qədərdir. Amma hələ sərəncam real həyat vəsiqəsi qazanmamış baş verənlər təhsil sistemindəki real durumu açıb göstərdi. Gəncə Təhsil Şöbəsində baş verənlər isə öz korrupsiya dərəcəsinə görə xüsusilə diqqət çəkir. Ölkənin ikinci böyük şəhərindən anaxeber.info-a daxil olam məlumata görə Gəncənin bütün məktəb direktorları bu günlərdə təhsil idarəsinin mühasibatlığına cəm olublar. Mənbənin sözlərinə görə Gəncə Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynovun göstərişi ilə məktəb direktorları mühasibatlıqda onlara təqdim olunan boş qaimələri imzalayaraq möhürləmişlər. Gəncə Təhsil İdarəsindən sızan məlumata görə bu proses yanvar ayının 1-dən formalaşdırılacaq Gəncə və Naftalan şəhər, Samux, Göygöl, Goranboy, Kəlbəcər və Xocalı rayon təhsil şöbələrinin bazasında yaradılanGəncə Regional Təhsil İdarəsi ilə bağlıdır. Belə ki, Z.Hüseynov bu quruma rəhbər təyin olunmayacağını öyrəndikdən sonra yeni gələcək idarə rəisindən öz yeyintilərini gizlətmək üçün tədbirlər görməyə başlayıb. Ağ qaimələrin möhürlənməsi də bununla bağlıdır. Z.Hüseynov bu qaimələri sonradan dolduraraq ötən illərdə baş verən maliyyə maxinasiyalarını pərdələmək niyyətindədir.
Yeri gəlmişkən onu da bildirək ki, bir müddət öncə Gəncə Şəhər Təhsil İdarəsinin fəaliyyəti Maliyyə Nazirliyinin xüsusi komuissiyası tərəfindən yoxlanılıb və bu zaman ortaya ciddi maliyyə itkilərinin olması çıxıb. Hələ o zaman, Təhsil İdarəsinin rəhbəri Zakir Hüseynov yoxlama qrupunu "ənənəvi qaydada” yola salmağa çalışsa da onun bu səyləri faydasız qalıb. Belə ki, yoxlama zamanı aşkarlanmış faktlar həm Maliyyə, həm də Təhsil Nazirliyinin rəhbərliyinə təqdim edilib.
Digər xəbərlər