Kabab hamıya çatmasa da, ağız sulandırırdı
Dünən bir çox şoularla gündəmi zəbt edə bilən (51 metrdən böyük tort, şəhərdə açıq mikrofon) “Fitri” istedad sahibi IH başçısı E.Əzizov Sumqayıtın “65 il”liyini özünəməxsus qeyd etdi. Bir gün qabaq Sumqayıtda velisoped, atçapma yarışları keçirildi. Bəli, şəhərdə at yarışları. Xüsusi qeyd: Novxanı qəsəbəsində və Masazırda bir çox kəndlilər Masazır gölündən duz daşımaq üçün at saxlayırdı. Artıq “Azərsun Holdinq” Masazır duz gölünü “işğal” edib. Duzu Holdinq özü istehsal edir. Bu təbii sərvəti də camaata çox gördülər.
Indi atlar təyinatı üzrə yox, Novxanı çimərliyinə gələnlərə saatla icarəyə verilir. Çimərlik sezonu bitdiyindən atlar bekar qalıb. E.Əzizov həmin atları Sumqayıtın “65 il”liyi münasibəti ilə şəhərə gətizdirmişdi. 45 at sahibinin hərəsinə razılaşmaya əsasən, 350 manat verməklə, 22 sentyabr saat 10.00-dan 17.00-a kimi şəhərdə qrup şəklində çapmasını əmr etmişdi. Səxavət yiyəsi tək bu atçapmaya 15750 manat xərclədi.
Dünən isə tamam fərqli mənzərə idi. Sumqayıtın bütün kafe, restoran, şadlıq saraylarının sahiblərinə əvvəlcədən tapşırılmışdı ki, hər bir obyekt sahibi 18 kq-lıq qoyun əti, sular, soklar, manqal, kababçı və xidməti işçiləri ilə səhər saat 10.00-dan Kimyaçılar Sarayının qarşısında olsunlar.
Əmrə müntəzir insanlar tapşırığı “can-başla” yerinə yetirirdilər. Onların nə cürəti var ki, E.Əzizovun “əmr”ini yerinə yetirməsinlər. Əks halda onları “cəza” gözləyirdi. Tabe olmayan sahibkarı vergi, Sanitar Epidemioloji Stansiyasının həkimlərinin qapıları möhürləməsi proses baş verəcəkdi.
Əlqərəz, qoca qoyun ətindən kabab bişirilir, ala-çiy də olsa (kabab həsrətli insanlara), ətrafa toplaşanlara paylanılırdı. Bu əttökən kabab qonaqlığı ətrafdan keçən minlərlə Sumqayıt sakininin qəzəbinə səbəb olmuşdu. Ad olmuşdu ki, E.Əzizov sumqayıtlılara kabab yedizdirir. Kabab yeyə bilməyənlər, kabab iyi şəhəri bürüdüyündən, səbəbkarın şəninə “milli sağlıqlar” deyirdi...
Şakir Həsənsu
0 0