Ibtidai siniflərdə dərslərin başlama vaxtı dəyişə bilər

24-09-2014, 10:55   
Ibtidai siniflərdə dərslərin başlama vaxtı dəyişə bilərSəhər tezdən məktəbə getməyin azyaşlıların orqanizminə bir sıra mənfi təsirləri var

Tədrislə bağlı problemlər günün aktual mövzuları sırasındadır. Ibtidai sinif şagirdlərinin səhər saatlarında dərsə getmələri və vaxtaşırı rast gəlinən gecikmələr ilk baxışdan ciddi problem kimi nəzərə çarpmır.

Amma səhər saat 8-də dərsə başlayan məktəblərdə oxuyan azyaşlılar bu adətə vərdiş edə bilmir, ya dərsə gecikir, ya da dərsdə ən azı, yuxulayırlar. Daha çox 1-ci sinif şagirdlərində rast gəlinən bu hal valideynləri məktəb rəhbərliyilə ortaq bir məxrəcə gəlməyə məcbur edib. Bu xüsusda Təhsil Nazirliyi də problemi həll etmək məqsədilə müvafiq təklif verib. Nazirlikdən ibtidai siniflərdə dərslərin başlanma saatının valideynlərin ümumi razılığıyla nəzərə alınaraq, dəyişdirilməsinin mümkünlüyü bildirilib. Nazirliyin 19 noyabr 2010-cu il tarixli müvafiq əmrilə təsdiq edilmiş Əsasnaməyə görə, orta məktəbin pedaqoji şurası müəssisənin iş rejimində dəyişiklik edə bilər.

Ümumiyyətlə, səhər tezdən dərsə başlamaq nə dərəcədə doğru və ya zərərlidir? Bu məsələni hansı formada tənzimləmək qənaətbəxş olar?

Uşaq Hüquqlarını Müdafiə Liqasının sədri Yusif Bəkirov deyir ki, ibtidai siniflərin dərsə saat 8-də başlaması təcrübəsi sovet dövründən qalıb: “Dərsə tez başlamaq onu tez də qurtarmaq deməkdir. Səhər saatlarında dərsə başlanması müəllim və şagirdlərin vaxt məfhumuyla bağlıdır. Onun dərsin keyfiyyətinə heç bir təsiri yoxdur. Əksinə, şagirdin məktəbə tez gedib-qayıtması onun istirahəti və əlavə olaraq müəllim yanında hazırlaşması üçün vaxt qazanmasına imkan verir”.

Tibb sahəsi üzrə ekspert Rasif Bağırov isə tamam fərqli fikirdədir. Ekspert deyir ki, Azərbaycanda vaxt məfhumu dünyada müəyyən olunmuş saat qurşağıyla eyni olmadığından insan orqanizminə təsirsiz ötüşmür. Yəni, saatların irəli-geri çəkilməsi, qış-yay vaxtına keçid istər-istəməz insan səhhətinə təsir edir: “Bu, beynin inkişafına mənfi təsir etməklə yanaşı, uşağın normal yuxu yatmamasına, tam oyanmamış beyinlə məktəbə gəlməsinə səbəb olur. Bir müddətdən sonra beyin işlək formaya gəlib çatır. Bütün bunlar təsir etdiyindən insan beyni uyğunsuz şəkildə fəaliyyət göstərir. Çoxları yuxu prosesinə adi bir proses kimi baxır. Lakin elmdə serkal ritmi deyilən bir anlayış var ki, bu da gecə-gündüz ritminin tarazlanmasıdır. Insan beynində gecə-gündüz ritminin tarazlanmasında hansısa bir pozğunluq baş verərsə, bu, insanda gələcəkdə hər hansı bir xəstəliyin meydana gəlməsinə səbəb olar. Insan sağlamlığının əsas şərtlərindən biri həmin ritmin normal olmasıdır”.

Ekspert qeyd edir ki, hər saatda orqanizmdə müəyyən fermentlər, hormonlar ifraz olunur və bu mərhələnin hamısı baş verməlidir. Lakin saatın irəli-geri çəkilməsi insan səhhətinə hədsiz dərəcədə mənfi təsir edir: “Cavan orqanizm çox vaxt bunu büruzə vermir. Uşaqların gec yatması, bunun əksinə olaraq, səhər saatlarında dərsə getməsi orqanizmdə bir sıra proseslərə səbəb olur. Nəticədə müəyyən problemlər yaşanır ki, bu da dərslərin düzgün mənimsənilməməsinə və başqa hallara yol açır. Bu məsələ orqanizmin müqavimət prosesindən tutmuş, normal inkişaf prosesinə qədər mənfi təsir göstərir. Ona görə də normal saat rejimi və qurşağında yatıb-durmaq, dərsə davam etdirmək daha yaxşıdır. Ümumiyyətlə, aşağı sinif şagirdi 8 saatdan çox, yəni, 8-10 saat arası yatmalıdır. Bu vaxt uşaqların beyni daha çox dincəlməyə ehtiyac duyur. Buna imkan yoxdursa, şagirdin ən azı 8 saat yuxusu olmalıdır. Ibtidai sinif şagirdi olan uşaqlar ən geci axşam saat 11-də yatmalıdır ki, səhər yuxudan problemsiz oyana bilsin”.

Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.