Bunu etməyin, molla rejiminin girovu olarsınız! - İrana səfərdən imtina üçün növbəti ŞOK əsas

10-06-2023, 11:55   


Arzu Nağıyev: “Hər bir vətəndaşımız İrana səfər etməmişdən qabaq...”

Adil Qeybulla: “İranda aparılan müalicələrdə xeyli yanlışlıqlar da var”

Azərbaycandan İrana səfər etməmək üçün daha bir ciddi əsas yaranıb. Belə ki, İranda azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Musavat.com xəbər verir ki, bu barədə telegram kanallarında məlumat yer alıb.

Yayılan məlumatlarda qeyd edilir ki, yeni həkimlər azərbaycanlıları “tələyə” salırlar. Bildirilir ki, buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan maksimum diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.

Bu iddialar tələbə Fərid Səfərlinin az öncə İranda oğurlanaraq şərlənməsi və haqqında casusluq ittihamı irəli sürülməsi fonunda xüsusilə diqqət çəkir.

Bəs Azərbaycandan İrana xəstə axını azalıbmı və əsasən hansı xəstələr gedir?

Arzu Nağıyev: “Seçkilərin nəticəsi hakim partiyanın istədiyi kimi olmadı”

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev hər bir Azərbaycan vətəndaşını cənub qonşumuza səfər edərkən ciddi şəkildə düşünməli olduğunu vacib sayır: “Təbii ki, Azərbaycan Xarici İşlər Nazirliyi tutarlı faktlar var deyə, məhz Azərbaycan vətəndaşlarına İrana səfər etməməklə bağlı tövsiyələr verib. Burada əsas məsələ vətəndaşlarımızın təhlükəsizliyinə olan təhdidlərin qarşısının alınmasıdır. Məhz buna görə də, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı İrana səfər etməmişdən qabaq bunun vacibliyini, məram və məqsədini özü üçün ayırd etməlidir.

Təbii ki, İran tərəfi də birmənalı şəkildə belə açıqlama verir ki, İran bu gün turizm üçün açıqdır, hər bir gələn qonağın təhlükəsizliyinə təminat var. Lakin bütün bunlara baxmayaraq, məlum məsələdir ki, Azərbaycanla İran arasında münasibətlər bu gün doğrudan da ən gərgin nöqtədədir. Bu da əsasən qarşı tərəfin bizə qarşı törətdiyi istər terror hadisələri olsun, istər ölkəmizə narkotik vasitələrin qanunsuz keçirilməsi ilə bağlı olsun, istərsə də xüsusi xidmət orqanlarının qanunsuz fəaliyyəti ilə əlaqədar olsun, bunlarla bağlıdır. Həqiqətən də belə faktlar mövcuddur ki, narkotikdən müalicə adı ilə İrana çoxsaylı gənclərimizi İrana aparıblar və orada da onların cəlbetmə fəaliyyəti həyata keçirilib. Sonradan da onları Azərbaycana öz xüsusi xidmət orqanlarının nümayəndələri kimi göndəriblər.

Amma həkimlərin xüsusi xidmət orqanının əməkdaşları olmaları bir az məntiqə sığmayan məsələdir. Sadəcə olaraq həmin həkimlər xüsusi xidmət orqanları ilə əlaqələri ola bilərlər. Yəni bu və ya digər şəkildə kiminsə əməliyyat imkanları geniş olanda məhz həkimlər vasitəsilə onu cəlb etmək üçün müxtəlif formada onların müalicəsinə müdaxilə edə bilərlər, onları gələcəkdə özləri üçün çalışdırarlar. Fərid Səfərlinin İranda oğurlanma məsələsi də çox araşdırılmalı bir məsələdir. Düşünürəm ki, Azərbaycan tərəfi bununla bağlı müvafiq sorğular göndərib. Bu istiqamətdə işlər davam etdirilir. İran tərəfin müalicəsini ucuz edəcək deyə ora səfər etmək bu gün məqsədəuyğun deyil. Bundan başqa əvvəllər İran səhiyyəsində dövlət tərəfindən dotasiyalar var idi, müalicə ümumiyyətlə, çox ucuz başa gəlirdi, indi demək olar ki, o dotasiyalar yoxdur. Sizin dediyiniz kimi, fikirləşilən qədər də ucuz başa gəlmir. Birmənalı şəkildə hər bir Azərbaycan vətəndaşı bunu nəzərə almalıdır. Ehtiyac yaranmadığı şəkildə, eyni zamanda, böyük ehtiyac olmadığı halda ora səfər etməmək haqqında daha çox düşünməlidir".

Tibb elmləri doktoru Adil Qeybulla saxta spirtli içkilərin iki  kateqoriyasının olduğunu deyir - YouTube

Tanınmış həkim, professor Adil Qeybulla isə azərbaycanlıları öz səhiyyəmizə güvənməyə çağırdı: “İran-Azərbaycan münasibətlərində yeni bir situasiya yaranıb desək, səhv etmərik. İran son vaxtlar regionda Azərbaycanın nüfuzunun artmasından, ölkəmizin öz qanuni ərazilərini geri qaytarmasından sonra günü-gündən güclənməyimizdən ciddi narahatdır. İranın bizə səmimi münasibəti heç zaman olmayıb. Bu baxımdan da Azərbaycana sərgilədiyi mövqe başa düşüləndir. Amma bir məsələ də var. Azərbaycan vətəndaşlarının müalicə üçün İrana üz tutmaları, tibbi turizm üçün getmələri daha çox orada müalicə xərclərinin ucuz olması ilə bağlıdır. Amma son vaxtlar sanksiyalar altında İranda bir qədər müalicə xərcləri artıb. Artıq heç də bizdən, digər ölkələrdən geri qalmırlar. Həmçinin, İranda aparılan müalicələrdə xeyli yanlışlıqlar var. Təəssüflər olsun ki, biz sonradan bunları görürük. Xəstələr gedib hər cür həkimin əlinə düşürlər.

Ancaq bir şey var ki, xüsusi xidmət orqanları ilə azərbaycanlı xəstələri müalicə edən həkimlərdən əlaqələri olanlar varsa, əlbəttə, biz əhaliyə müraciət etməliyik. Burada insanlar da diqqətli olmalıdırlar. Bu provokasiyaların qarşısını almaq üçün daim hərəkətdə olmalıyıq. Çünki insanların əməkdaşlığa cəlb olunmaları halları da az deyil. Bu gün Azərbaycan əhalisi icbari tibbi sığorta paketi çərçivəsində xeyli bahalı əməliyyatları pulsuz keçir. Bu sırada ürək, neyrocərrahi və bir sıra əməliyyatların adlarını xüsusi qeyd edə bilərik. Bu da insanlar üçün sosial müdafiə sayıla bilər. Biz öz imkanlarımızdan maksimum yararlanmalı, öz resurslarımızdan daha çox istifadə etməli, özümüzə, öz səhiyyəmizə daha çox güvənməliyik. Hesab edirəm ki, yeni yaranan situasiyada adekvat davranmalıyıq".  

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.