Natiq Əliyedən ağ yalan

24-09-2014, 14:35   
Natiq Əliyedən ağ yalanHansı neft müqaviləsi daha çox milli maraqlara cavab verirdi?

Məhəmməd Talıblı: «Xalq Cəbhəsinin imzalayacağı neft layihəsində Azərbaycanın iştirak payı 30% idi, indiki kontraktlarla isə bu 10% həcmində həyata keçirilir»

Azərbaycan hakimiyyət təmsilçiləri növbəti dəfə tarixi həqiqətləri təhrif edərək özlərini milli maraqların müdafiəçisi kimi qələmə verməyə çalışırlar. Azərbaycanın energetika naziri Natiq Əliyevin məqaləsi bu qəbildəndir. N.Əliyev “Azərbaycan” qəzetində dərc olunan yazısında iddia edir ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu dövrdə imzalanmalı olan neft müqaviləsi Azərbaycanın milli maraqlarına cavab vermirmiş.

O hətta bir qədər də irəli gedərək bəyan edib ki, neft müqaviləsinin imzalanmasının müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus alıblarmış: “Neft müqaviləsi imzalanana kimi 1992-ci ildən başlayaraq əvvəlki hakimiyyət dövründə bp şirkəti ilə ölkəmiz üçün əsla qəbul olunmayan, milli maraqları təmin etməyən səviyyədə danışıqlar gedirdi. ”Azəri", “Çıraq” yataqları, “Günəşli”nin dərinlikdə yerləşən hissəsi haqqında müqavilə bağlamaq niyyətində idilər. Hətta “Şahdəniz” qaz layihəsi ilə bağlı eksklüziv danışıqlar aparılması üçün bp şirkətinə səlahiyyət verilmişdi. Bunun da müqabilində Xalq Cəbhəsinin funksionerləri demokratiyanın inkişafına yardım adı altında 10 milyon ABŞ dolları həcmində bonus almışdılar".

Amma N.Əliyev məqaləsində tarixi kerçəkləri təhrif etməklə hakimiyyətin təbliğatını reallıq kimi qəbul etdirə biləcəyini düşünür. Lakin tarixi faktlar bu məsələdə amansızdır. Və o da bu reallıqdır ki, AXC hakimiyyəti dövründə imzalanmalı neft müqaviləsi hazırkı ilə müqayisədə Azərbaycanın maraqlarına daha uyğun idi. Ən azı Azərbaycanın hər iki müqavilədəki payına diqqət yetirək. Əgər AXCP hakimiyyəti dövründəki layhidə Azərbaycanın payı 30 faiz idisə, hazırkı iqtidar müqaviləyə 10 faizlik payla imza atıb.

N.Əliyevin AXC hakimiyyətinin “korrupsiya” əməli kimi təqdim etməyə çalışdığı 10 milyonluq bonusun taleyi isə çox maraqlıdır. O dövrdə məsul vəzifədə çalışanlar bəyan edirlər ki, bu məbləğ olduğu kimi daha sonrakı iqtidara, yəni hazırkı hakimiyyətə təhvil verilib. Bir sözlə, 10 milyon dollarlıq bonusun taleyini də hazırkı iqtidardan sormaq gərək.

Iqtisadçı Məhəmməd Talıblı bildirdi ki, həmin dövrlə bağlı səslənən ittihamlara məsul şəxs olaraq cavab verə bilməz. Amma həmin dövrdə məsul vəzifələri tutan şəxslər hazırda həyatdadırlar və səslənən fikirləri onlar daha yaxşı cavablandıra bilərlər: “Mənim o dövrün siyasi münasibətlərinə qayıdaraq, kimlərin hansı mərhələdə, hansı addım atmasına və kontraktın hazırlanmasında müəlliflərin kimlər olmasına müdaxilə etməyim qeyri-etik olar. Bu məsələdə o dövrdə strateji məsələlər üzrə müşavir vəzifəsində işləyən, sonradan ARDNŞ-in vitse-prezidenti olmuş Sabit Bağırov o dövrün reallıqlarına dair öz fikirlərini söyləyə bilər. Amma iqtisadçı olaraq mən həmin kontraktların şərtləri və əlverişliliyi ilə bağlı bəzi fikirlərimi bildirə bilərəm. O dövrdə hansı səviyyədə kontraktlarla bağlı bonusun alınması mümkün haldır. Çünki, bütün kontraktlarda bonusun verilməsi bütün ölkələrin təcrübəsində var. Burada qeyri-adi heç bir hal yoxdur. ”Əsrin kontarktı" üzrə Azərbaycan tərəfinə o dövrdə 90 milyon dollar bonus verilmişdi. Bu bonus məhz kontrakt imzalanandan sonra verilib. Amma kontakt imzalanmadan kimlərəsə bonusun verilməsi inandırıcı görünmür. Çünki, əvvəla bonus konkret halda şəxslərə verilmə bilməz. Kontrakt imzalanmadan isə bonusun köçürülməsi baş verə bilməz. Bonus rüşvət deyil. Kontraktın imzalanmasına görə tərəflərdən birinə ödənən birdəfəlik mükafatdır".

M.Talıblı hesab edir ki, kontarkt imzalanmadan tərəflərdən birinin digərinin hesabına pul köçürməsi korrupsiya halı hesab oluna bilər. Ona görə kontarklar imzalanandan sonra bonusun reallaşması baş tuta bilər: “Mənim üçün inandırıcı görünmür ki, kontrakt imzalanmadan tərəflərə bonus verilsin. Nəzərə alaq ki, bu zaman layihə halında olub. Heç bir enerji layihəsi parlamentdə ratifikasiya olunmadan o, qanun qüvvəsində olmur. 1992-ci ildə sadəcə belə bir layihədən söhbət gedirdi. Məsul şəxslərdən öyrənə bilərsiz ki, həmin layihədə Azərbaycanın iştirak payı 30% idi, indiki kontraktlarla isə bu, 10% həcmindədir”.

Məsələ ilə bağlı S.Bağırovun mövqeyini almağa çalışsaq da, gün ərzində göstərdiyimiz səylər bir nəticə vermədi.

AXC hakimiyyətində baş nazir postunu tutmuş Pənah Hüseyn dəfələrlə mətbuata açıqlamasında bəyan edib ki, ilkin neft müqaviləsi Azərbaycanın maraqlarına daha çox cavab verirdi: “AXC hakimiyyətinin hazırladığı layihədə şirkətlər mənfəətin əhəmiyyətli bir hissəsini Azərbaycanın neft-kimya kompleksinə və qeyri-neft sahəsinə yönəldilməsini öhdəlik kimi götürürdülər”.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.