Yaqub Eyyubovdan fərqli olaraq Vahid Ələkbərov sanksiyaların Rusiyaya vurduğu zərərlərdən danışır
Azərbaycan hakimiyyətinin “Rusiya sevgisi” heç kimə sirr deyil. Təcrübə də göstərib ki, həlledici məqamlarda Kreml “ata ocağı” rolunu oynayıb. Amma bədbəxtlik burasındadır ki, bunlar sevdiklərini müdafiə edəndə də ifrata yol verirlər. Yəni müdafiə taktikasında da sünilik notları parıldayır.
Xatırlayırsınızsa, bir müddət əvvəl Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfər etdi. Bu səfər zamanı Azərbaycanın baş nazirinin müavini Yaqub Eyyubov çıxış edərək, Rusiyaya qarşı sanksiyaların mənasız olduğunu bildirmişdi: “Biz Avropa Birliyi, ABŞ və Rusiya arasında yaranmış situasiyanı başa düşürük. Heç kim Rusiyanı sındıra bilməz, o, heç vaxt diz çökməyəcək, sanksiyalar onu daha da möhkəmləndirəcək” - deyə Yaqub Eyyubov bildirmişdi.
Yəqin Roqozon karyerası ərzində bundan ucuz təsəlli, bundan bayağı müdafiə görməmişdi. Çünki, Yaqub Eyyubov “Roma papasından daha çox kotolik olmaq” həvəsinə düşmüşdü.
Nazir müavini elə əminliklə danışmışdı ki, guya Rusiya iqtisadiyyatını kurasiya edən də, Avropanın siyasətini müəyyənləşdirən də bizim hakimiyyətimizdir.
Bütün bunları ona görə xatırlatdıq ki, artıq Rusiyanın neft şirkətləri etiraf edirlər ki, ABŞ və Avropa Birliyinin (AB) sanksiyaları Rusiyada hasilatın inkişafına böyük təsir göstərəcək.ÿYəni Yaqub Eyyubovun “polad vədlər”i Rusiyanı xilas etmək gücündə deyil.
“Kommersant” qəzeti yazır ki, Rusiyanın iri neft şirkətləri arasında ilk dəfə “Lukoyl” Qərbin sanksiyalarının “dəhşətli nəticələri” barədə həyəcan təbili çalıb. Şirkətin prezidenti Vahid Ələkbərov ötən cümə günü Rusiyanın baş naziri Dmitri Medvedevin iri biznesin təmsilçiləri ilə Soçidə keçirdiyi görüşdə bildirib ki, “Lukoyl”a qarşı Qərb maliyyə deyil, yalnız texnologiya sanksiyası tətbiq etsə də, xarici kapital bazarı bu şirkətin də üzünə bağlanıb: “Biz (Qərbdən - red.) hansısa pul alacağımıza, özəlliklə də bunun ortavədəli müddətdə olacağına bel bağlamırıq, ümidimiz yalnız öz vəsaitlərimizədir.
Neft şirkətinin başçısı xəbərdarlıq edib ki, rusiyalı neftçilər xarici istiqraz və Qərb texnologiyalarının olmamasına artıq uyğunlaşmalıdırlar. Ələkbərov Rusiyanın neft sektoru üçün ən ağrılı yer kimi Amerikanın plastin hidroparçalama texnologiyasından istifadə edilə bilməyəcəyni qeyd edib.ÿ
Qərbin sanksiyaları daha çox “Rosneft”ə zərbə vuracaq. Neft şirkətinin baş direktoru Aleksandr Dyukov ötən həftə “Rossiya 24" kanalına müsahibəsində deyib ki, ”üç-dörd tərəfdaşımız" əməkdaşlığı dayandırır.ÿ
Yaqub Eyyubov isə, mütəxəssislərdən artıq bilicilik nümayiş etdirərək Rusiyanı “gücləndirir”.
Bütün bunlar onu göstərir ki, hakimiyyət təmsilçilərinin daxili və xarici siyasət haqqında söylədikləri boğazdan yuxarı sözlərdi.
Necə ki, Roqozinə “sanksiyalar Rusiyanı çökdürə bilməz” deyirdilər, eləcə də Azərbaycan xalqına “bizim öz yolumuz var”, “bütün dünya bizimlə əməkdaşlığa can atır”, “Qərb bizə heç nə edə bilməz” deyirdilər.
Amma reallıq onu göstərir ki, Rusiya sanksiyaların təsirindən geriyə gedir, Azərbaycanın isə “öz yolu” sanksiyalara aparır.
Bir sözlə, nə xaricdəki dostunuza verdiyinz “təsəlli”, nə də daxildə xalqa söylədiyiniz yalanlar işə yarayır.
Akif