Erməni gülləsi altında oxuyan məktəblilər

24-09-2014, 12:29   
Erməni gülləsi altında oxuyan məktəblilər«Bəzən atışma olanda uşaqları məktəbdən çıxarıb, cığırlara tərəf aparırıq ki, «val»ların arxasında gizlənsinlər»

Gəncləri hərbçi və xilasedici olmaq istəyən kəndlərdən reportaj...

Tərtər rayonunun Həsənqaya kəndində 22 şagirdlik birmərtəbəli məktəbdə 4-6 nəfərlik 3 sinif otağı var. Məktəbdə nə müəllimlər otağı, nə kitabxana, nə idman zalı... heç ayaqyolu da yoxdur. Sinif otaqlarındakı partalar sıra ilə düzülüb. Qışda soyuqdan donmamaqdan ötrü soba quraşdırılıb, divarlarda isə ana dili və riyaziyyat fənlərinə aid lövhələr asılıb.

Tədris ocağı 15 sentyabr bilik gününə hazır vəziyyətə gətirilib. Hazırda bu kənddə 24 ailə yaşayır. Onlar Kəlbəcər rayonundan gəlmiş məcburi köçkünlərdir.

Həsənqaya kəndi Azərbaycan və Ermənistan cəbhə xəttində yerləşir. Bu kənd döyüş bölgəsinə ən yaxın - 2 kilometr məsafədə yerləşdiyinə görə infrastruktur yox səviyyəsindədir. Durbinlə baxdıqda qarşı tərəfin postları aydın görünür. Kənddə nə uşaq bağçası, nə xəstəxana, nə də ictimai-iaşə obyektləri var. Ötən əsrin 90-cı illərinin əvvəllərində müharibə nəticəsində dağıdılmış evlərin xarabalıqları olduğu kimi qalmaqdadır. Vaxtilə qəmbər daşlardan tikilmiş evlərin qalıqları ətrafa səpələnib. Xarabalıq arasında kortəbii formada bərpa olunmuş bir neçə ev və müasir üslubda tikilmiş ümümi hamam var. Hamamı Beynəlxalq Qırmızı Xaç Komitəsi əhalinin ümumi istifadəsi üçün tikib.

Yeni tikilən yaşayış evlərinin kölgəsində qalan, daxmanı xatırladan məktəb də var. Məktəb kəndin inzibati ərazisində olsa da, üzərində “Kəlbəcər rayon 127 saylı orta məktəb” yazılıb. Kəlbəcərdən olan məcburi köçkün 32 yaşlı Zabil Həsənovun övladı burada ikinci sinifdə təhsil alır: “Uşaqlar ibtidai sinfi başa vuranadək burada oxuyurlar, yuxarı sinfə keçəndə başqa məktəblərə getməli olurlar”.

Kənd cəbhə bölgəsində yerləşdiyindən ara-sıra Ermənistan Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Zabilin qardaşı Qələndər deyir ki, bu məktəb də bəzi hallarda atəşə tutulur: “Deyə bilmərəm ki, qarşı tərəf məqsədli şəkildə kənd məktəbinə güllə atır, amma bizim uşaqlarımızın həyatı təhlükədədir. Elə vaxt olub ki, dərs zamanı kənd atəşə tutulub, uşaqlar da məktəbdə olublar”.

Digər kənd sakinləri də övladlarının bu şəraitdə təhsil almasından narahatdırlar: “Atəş səslərini eşidən kimi birtəhər uşaqlarımızın yanına qaça bilirik, gördüyünüz kimi, burada o qədər də çox insan yaşamır”.

Müharibəyə qədər bu kənddə azərbaycanlılarla yanaşı, ermənilər də yaşayıb.

Ermənistan Silahlı Qüvvələrinin hədəfində olan kəndlərdən biri də Tərtərin Qapanlı kəndidir. Kəndin məktəbi də qarşı tərəfin postundan aydın müşahidə olunur. Çünki bu post Seysulan kəndində yerləşir. Bu kənd əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayəti Ağdərə rayonunun inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Seysulan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Seysulan Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır. Ermənistan Silahlı Birləşmələrinin postu ilə Qapanlı arasındakı məsafə 150 metrdir. Iki ölkənin postları arasındakı məsafələr isə çox yaxındır.

Seysulan kəndi ilə Qapanlı arasında buldozerlərin köməyi ilə torpaqdan istinad divarı çəkilib. Yerli sakinlər bu qazmaları “val” adlandırırlar. Sakinlər deyir ki, “val” müəyyən mənada təhlükənin qarşısını alır. Cəbhə xəttinə yaxın yerləşən yaşayış evlərinin qarşısına həm də istinad divarları çəkilib. Amma elə ərazilər var ki, onların istinad divarları və “val”larla mühafizəsi mümkün deyil.

Tərtər rayonu Qapanlı kənd məktəbinin direktoru Fitat Əliyeva deyir ki, məktəb cəbhə xəttindən bir qədər aralıda yerləşsə də, qarşı tərəfdən atılan atəş onlardan da yan keçmir. Buna əyani sübut olaraq, məktəb binasının üzərindəki güllə izlərini göstərir. Eyni zamanda, məktəbin ikinci mərtəbəsi də qarşı tərəfin döyüş postuna baxır: “Bəzən atışma olanda uşaqları məktəbdən çıxarıb, cığırlara tərəf aparırıq ki, ”val"ların arxasında gizlənsinlər".

Valideynlər də narahatlıqlarını ifadə edirlər. Onlardan biri Sovet istehsalı olan sarı rəngli “Paz” avtobusunu göstərərək deyir: “Böyüklər dərsə özləri gedir, amma balacaları bu avtobus aparır. Vaxtilə bu avtobus da atəşə tutulub. Bu şəraitdə uşaqlarımızı oxuduruq”.

10-cu sinif şagirdi Elçin Əsgərov deyir ki, atışma olanda kolların, kiçik təpələrin arxasında gizlənə-gizlənə dərsdən evə gəlirik.

“Məktəbə də əyilə-əyilə gedirik”, - deyə Elçin əlavə edir.

11-ci sinif şagirdi Elnur Məmmədov deyir ki, dərs zamanı sonuncu dəfə bu ilin mayında məktəb binası da atəşə məruz qalıb.

“Dərsimiz ikinci mərtəbədə olanda atışma səsləri eşidən kimi aşağı əyilirik. Qorxsaq da, öyrəşmişik”, - deyə sinif yoldaşı Pünhan Quliyev əlavə edir.

Elçin hərbçi olmaq, Elnur və Pünhan isə fövqəladə hallar sahəsində təhsil almaq istədiklərini deyirlər. Bu zaman söhbətə qoşulan yaşlı kənd sakini əlavə edir: “Nə etsinlər, gözlərini açıb ancaq müharibə görüblər...”

(civil-forum.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.