AB-nın Azərbaycana böyük diqqəti nədən irəli gəlir?

24-09-2014, 11:54   
AB-nın Azərbaycana böyük diqqəti nədən irəli gəlir?Regionda böyük maraqları olan Qərb demokratik prinsipləri güzəştə getmək niyyətində deyil

Azərbaycan hakimiyyəti ənənəsinə sadiq qalaraq ondan demokratik islahatlar, insan haqlarına hörmət, azad və ədalətli seçki tələb edən hər bir beynəlxalq təşkilatı, dövləti hədəf almağa hazırdır. Nəzarətində olan KIV-lərdə ondan demokratiya tələb edənlərə qarşı kampaniyaya başladan hakimiyyət təmsilçiləri bununla onlara sarsıdıcı zərbə vurduqlarını düşünür. Azərbaycan hakimiyyətindən demokratik prinsiplərə hörmət tələb edənlər ən yaxşı halda Azərbaycanın yürütdüyü müstəqil siyasəti qəbul etməməkdə ittiham olunurlar.

Ikinci və hakimiyyətin arsenalında olan ən mühüm ittiham “ermənipərəst” siyasət yürütmək ittihamıdır. Bu damğanın yapışdırıldığı təşkilat və ya ölkə hər vəchlə Azərbaycan ictimaiyyətinin gözündən salınmağa çalışılır.

Nəhayət hakimiyyətin təbliğatında daha bir nüans Qarabağ problemi və qaçqınlar mövzusu ilə bağlıdır. Bir qayda olaraq Azərbaycanda insan haqlarının acınacaqlı durumda olduğunu bəyan edən təşkilatlara iqtidarın cavabı sadə olur. “Bəs Qarabağ və qaçqın mövzusundan niyə danışmırsız?”.

Hakimiyyətin beynəlxalq təşkilatları, aparıcı dövlətləri bu cür təbliğata tuş gətirməsi son zamanlar daha da artıb. Buna səbəb hakimiyyətin son zamanlar yürütdüyü repressiv siyasətin istər Avropada, istərsə də ABŞ-da birmənalı qarşılanmamasıdır. Azərbaycanda baş verənlər dünya tərəfindən kəskin tənqid olunaraq hakimiyyətdən yürütdüyü repressiv siyasətə son qoyması tələb olunur.

Amma Qərbin reaksiyasında maraq doğuran bir sıra məqamlar var. Açıq şəkildə görünür ki, Avropa Birliyinin Azərbaycan hakimiyyətinə qarşı yürütdüyü siyasətlə ABŞ-ın reaksiyası tam fərqlənir. Avropa Birliyinin daha sərt mövqe tutduğunu Avropa Parlamentində Azərbaycanla bağlı qəbul olunan sərt qətnamə də sübut edir. Bundan başqa, Avropa komissarları səviyyəsində Azərbaycandakı durumla bağlı iki sərt bəyanat səslənib.

Avropanın bu mövqeyi ilə müqayisədə isə ABŞ-dan gələn bəyanatlar bir qədər zəif görünür.

Ekspertlərin fikrincə, bu fərqin ortaya çıxması təsadüfi deyil. Avropa Birliyi ilə Azərbaycan arasında müxtəlif sahələrdə ciddi əmakdaşlıq münasibətləri mövcuddur. Bu münasibətlər ilk növbədə siyasi və iqtisadi sferaları əhatə edir. Iqtisadi baxımdan Avropa Birliyi Azərbaycanın böyük biznes tərəfdaşıdır. Azərbaycanın enerji daşıyıcılarının ən böyük bazarı məhz Avropadır. Bu baxımdan Azərbaycanın Avropadan kifayət qədər ciddi asılılığı yaranıb. Siyasi cəhətdən Azərbaycanla Avropa Birliyi arasında ciddi münasibətlər formalaşıb. Bir tərəfdən Azərbaycan Avropa Şurasının üzvüdür. Bu təşkilatın üzvü kimi üzərinə insan hüquq və azadlıqları ilə bağlı ciddi öhdəliklər götürüb. Digər tərəfdən, Azərbaycan Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində ciddi əməkdaşlıq edir. Bütün bunlar Avropanın Azərbaycana xüsusi önəm verməsinin göstəricisidir.

Avropa Birliyi Azərbaycanla dərin əməkdaşlıq prosesində maraqlıdır. Avropa Birliyi rəsmiləri açıq şəkildə bildirirlər ki, insan hüquq və azadlıqlarına hörmət AB-Azərbaycan münasibətlərində çox mühüm əhəmiyyət kəsb edir. Və təsadüfi deyil ki, bu məqam Avropa Parlamentinin qətnaməsində də öz əksini tapıb. Azərbaycanı beş keçmiş respublika ilə yanaşı Avropa Birliyinin üzvü kimi görmək istəyən Avropa strukturları bunun yalnız demokratik islahatlar nəticəsində mümkün olacağını dəqiq şəkildə müəyyənləşdiriblər. Avropa ilə Azərbaycanın münasibətləri çox böyük əhəmiyyət kəsb etdiyindən bundan sonra da Avropa Birliyinin Azərbaycandakı mövcud problemlərin həllini təmin etmək üçün daha genişmiqyaslı fəaliyyət göstərəcəyi, insan hüquq və azadlıqlarının pozulmasıyla bağlı daha sərt münasibət sərgiləyəcəyi labüd edir.

ABŞ-ın Azərbaycanla bağlı siyasətinə gəlincə, ekspertlər hesab edir ki, bu tipli problemlərin həllində Vaşinqtonla Brüssel arasında koordinasiya olunmuş bir proses var. Azərbaycanın Avropa Birliyinin üzvü olmaq perspektivləri təşkilatı Azərbaycana daha böyük diqqət yetirməyə sövq edir.

Xəyal
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.