Naxçıvan sakini Ilham Əliyevdən kömək istəyir
«Məmur da onundur, vətəndaş da...»
Naxçıvan şəhər sakini Bəsti Əhmədova dövlət başçısı Ilham Əliyevdən kömək istəyir. O, dövlət başçısına ünvanladığı məktubun surətini “Azadlıq”a da göndərib. Naxçıvan şəhər məhkəməsinin hakimi Hüseyn Məmmədovdan şikayətçi olan Bəsti Əhmədova məktubunda yazır:
“200-dən çox ərizə və şikayətim baxılmaq üçün hakim Hüseyn Məmmədovun üstünə göndərilir. Lakin mən bu şəxsin özündən şikayətçiyəm. Şikayətimin prezidentə çatdırılmasına kömək edin. Həmin hakim məhkəmə istintaqı aparmadan, ifadəmi almadan qardaşımdan miras qalan evimin yarısını keçmiş həyat yoldaşıma verib. Bu ərizəm prezidentə çatdırılmasa, intihar edəcəyəm.
Harada görünüb ki, şikayət ərizəsi şikayət edilən məmurun özünə göndərilsin? Məmur özü özünə cəza verərmi?
Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, bina 27, mənzil 35 ünvanında yerləşən iki otaqlı mübahisəli mənzili sabiq yoldaşımla birgə yaşadığımız dövrdə almışıqsa, onda bəs bacılarımın razılığıyla qardaşımdan mənə miras qalmış iki otaqlı mənzilim hanı? Hakim sabiq yoldaşımla yaxşı anlaşıb. Belə olmasaydı, həmin mənzilin miras olduğunu gizlətməz və onun yarısını sabiq yoldaşıma verməzdi. Mən ailə qurarkən yoldaşımın evinə gəlin getməmişəm. O özü mənim evimdə yaşayıb. Bir müddət orada yaşayandan sonra yoldaşım mənim miras evimi satmağa, ya da başqa evlə dəyişməyə məcbur etdi. Çünki həyat yoldaşımın evə qonaq adıyla gətirdiyi adamlarla işlərini mənimlə birlikdə qızlarım da görmüşdü. Məcbur qalıb uşaqlarım atasız qalmasın deyə, iki otaqlı miras evimi SMU-6 ünvanında yerləşən iki otaqlı mənzillə baş-başa dəyişdim.
Lakin yoldaşım həmin hərəkətlərini davam etdirdiyindən, qonşular içində biabır olduğumuzdan, həmin mənzili yenidən dəyişməyə məcbur olduq. Onun hərəkətləri övladlarımın tərbiyəsinə pis təsir edirdi. Nəhayət, miras evimin hüquqi təmsilçisi olan başa-baş dəyişdiyim iki otaqlı mənzili beş min manata satdım və eyni gündə həmin qiymətə Heydər Əliyev prospekti, bina 27, mənzil 35 ünvanında yerləşən iki otaqlı mübahisəli mənzili aldım. Siz deyin, bu ünvandakı mənzil yoldaşımla birgə yaşadığım dövrdə əldə edilən vəsaitləmi alınıb, ya mənim miras evimdi? Bunu başa düşmək o qədərmi çətindir?
Mənim miras evimin yarısının keçmiş həyat yoldaşıma verilməsi çox böyük ədalətsizlikdir. Onun mənimlə ailə qurmazdan öncə və sonra evi olmayıb. Bu evə bir manat da xərc çəkməyib. Ona ən çoxu bu evdə yaşamaq hüququ verilə bilərdi. Hakim isə sabiq yoldaşıma mülkiyyət hüququ verib. Yoldaşımın hərəkətləri və digər səbəblərdən boşanandan 13 il sonra məni Naxçıvan şəhər məhkəməsinə çağırdılar. Hakim Hüseyn Məmmədov dedi ki, yoldaşın səni boşamaq üçün məhkəməyə iddia ərizəsi verib. Mən isə hakimə ərimdən 13 il öncə boşandığımı, nikahın ləğv edilməsi barədə şəhadətnamə ilə pasportumu da dəyişdiyimi bildirdim. Hakim şəhadətnamənin saxta olduğunu deyəndə, mən həmin sənədlə “pasport-stol”da pasportumdakı “evli” sözünün “subay”la əvəz edildiyini, belə saxtakarlığa gedən dövlət məmurları barədə cinayət işi qaldırılmasını tələb etdim. Lakin hakim bu qurumların heç birinə cinayət işi qaldırmadan məni ikinci dəfə tələsik boşadı. Bunun səbəbi tezliklə mənə aydın oldu. O demək idi ki, mən 13 il öncə deyil, bu gün boşanıram və indiyədək nikahda olduğumdan mübahisəli mənzilin yarısı sabiq yoldaşıma çatır.
Beş uşağımı ac qoyub, mənim də əməkhaqqımı əlimdən alan həyat yoldaşım tüfeyli həyat sürürdü. Hər gün evə sərxoş gəlir, məni döyərək işgəncə verirdi. Uşaqlarım anamın yardımıyla yaşayırdı. Anam öləndən sonra isə yoldaşım məni pis yola məcbur etdi. Hay-küy saldığımdan evdən çıxdı və 13 il sonra ortaya çıxdı və hakimin köməyilə başıma bu oyunu gətirdi.
Bir anlıq təsəvvür edək ki, Naxçıvan şəhər məhkəməsində çıxarılan qətnamə ədalətsiz deyil və mübahisəli mənzili sabiq həyat yoldaşımla birgə yaşadığımız dövrdə əldə etdiyimiz vəsaitlə almışıq. Bəs onda qardaşımdan mənə qalan miras ev hanı?
Cənab prezidentdən xahiş edirəm, ədaləti bərpa etsin. Məmur da onundur, vətəndaş da. Vətəndaşın haqqını qorumaq da, bilə-bilə ədalətsiz qərar çıxaran hakimə cəza vermək də onun səlahiyyətindədir. Çox xahiş edirəm, miras evimin taleyinin araşdırılması və onun mənə qaytarılmasına kömək edin".Azadlıq.info.