Yaxud bir neçə il əvvəlin problemi indi daha aydın görünməyə başlayıb
ANS-in vitse-prezidenti Mirşahin Ağayev müəllifi olduğu “Hesabat” verilişində son dövrlər cəbhədə baş verən hadisələr və bunun fonundakı informasiya siyasəti barədə fikirlərini bildirib. O, bir sıra məmurların fəaliyyətini də tənqid edib.
Mirşahin bildirib ki, bəzi məmurlar cəbhə xəbərlərinin verilməsi ilə bağlı məhdudiyyətlərin tətbiq edilməsi məsələsinin gündəmə gəlməsindən öz maraqları naminə istifadə edirlər: “Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaqardına vururlar. Hətta rəsmi şəkildə bildirirlər ki, bundan sonra vəziyyət dəyişib, jurnalistlərə ancaq mətbuat xildmətləri və özü də yalnız lazım biləndə və rəhbərlikləri icazə verəndə cavab verəcəklər.
Əziz belə nazirlərimiz, hörmətli belə komitə sədrlərimiz! Söhbət hərbi xəbərlərdən, cəbhəyanı rayonlarda baş verənlərin işıqlandırılmasından gedir. Biz razıyıq ki, tələb edirik ki, cəbhə xəbərləri, müdafiəmizin təşkili ilə bağlı məlumatlar Müdafiə Nazirliyinin konkret qurumunda təsdiqləndikdən sonra yayılsın.
Amma bu heç də o demək deyil ki, nazirlik və komitələrimiz öz peysərinə qırmızı yasaq birkası yapışdırmalıdır. Unutmayın. Senzura ləğv edilib. Və məhdudiyyətlər yalnız ordu və hərbi təyinatlı xəbərlərin verilməsinə tətbiq edilməlidir. Başqa məhdudiyyəti biz heç kəsə arzulamırıq".
Qeyd edək ki, ölkə başçısı Ilham Əliyevin hakimiyyətinin ilk illərində nazirlər növbə ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında mətbuat konfransı keçirirdilər. Bu həmin vaxtlar idi ki, hələ mətbuat tam olaraq iqtidarın nəzarətində deyildi. Müstəqil qəzetlərin sayı indikinə nisbətən daha çox idi. Ilham Əliyev hakimiyyətini möhkəmləndirdikdən sonra təzyiq və şirnikləndirici vasitələrlə bir-iki media quruluşu istisna olmaqla mətbuat nəzarətə götürüldi. Az sayda müstəqil media orqanları isə sıradan çıxmaq həddinə qədər sıxışdırıldı. Məhz bu mərhələdən sonra nazirlər də YAP-ın qərargahından “itdilər”. Mətbuat konfransları unuduldu, media məmurlar üçün əhəmiyyətini itirdi və s. Yəni, Mirşahinin qaldırdığı məsələ əslində bir neçə il əvvəldən baş verib. Sadəcə vaxt keçdikcə bu özünü daha qabarıq şəkildə biruzə verməyə başlayıb.Azadlıq.info