Türkiyə və Azərbaycanın vahid hava komandanlığı idarəetmə sisteminin yaradılması Ermənistanda ciddi təşviş yaradıb. Yerli media, habelə, Rusiyanın “Sputnik Armeniya” agentliyi bu layihəyə geniş diqqət yetirir.
Xatırladaq ki, vahid hava idarəetmə sisteminin yaradılmasını bu yaxınlarda Türkiyənin müdafiə sənayesi naziri Haluk Gurgun bəyan edib. İki ölkənin Hərbi Hava Qüvvələri bu sistemin köməyi ilə birgə əməliyyatlar həyata keçirə, eləcə də Azərbaycanın hava məkanına nəzarət edə bilər. Nazir deyib ki, ki, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər ərazini əhatə edəcək.
Politoloq, regional təhlükəsizlik sahəsində ekspert David Arutyunov agentliyə müsahibəsində iddia edib ki, Bakı və Ankaranın bu addımı Ermənistanla yanaşı İrana qarşı yönələ bilər.
Arutyunovun sözlərinə görə, bu sistemin parametrləri və alqoritmi barədə hələ heç kim danışa bilməz. “Xüsusən, Ermənistanda praktiki olaraq pilotlu operativ-taktiki aviasiya yoxdur, birgə hava komandanlığı sistemi ilk növbədə buna qarşı ola bilər. Digər tərəfdən, artıq iki ölkənin hərbi-hava qüvvələrinin birgə iş təcrübəsi var və bu işin nəticələri Qarabağda 44 günlük müharibənin nəticəsini böyük ölçüdə əvvəlcədən müəyyən edib”, - o qeyd edib.
Politoloq əlavə edib ki, hərbi əməliyyatlar zamanı Türkiyə Hərbi Hava Qüvvələrinin Erkən Xəbərdarlıq Təyyarəsi (HHQQ) ölkənin şərqində patrul xidməti həyata keçirərək, erməni tərəfdə qüvvə və xüsusi texnikanın hərəkəti barədə lazımi məlumatları müttəfiqinə ötürüb. “Beləliklə, faktiki olaraq hava komandanlığının funksiyalarını yerinə yetirir. İndi, güman edildiyi kimi, Türkiyə və Azərbaycan hava qüvvələrinin inteqrasiyasının daimi əsasda qurulmasını istəyir. Və bu hal Ermənistan üçün təhlükə və problem yaratmaya bilməz”, - o vurğulayıb.
"Ermənistanın hava məkanında hərəkətləri izləmək üçün Azərbaycan əsasən yerüstü radiolokasiya stansiyalarından istifadə edir. İndi buna hava izləmə komponenti də əlavə olunur və Türkiyənin hərbi-texniki imkanları nəzərə alınmaqla Azərbaycana ciddi dəstək veriləcək”, - David Arutyunov qeyd edib. Onun sözlərinə görə, Türkiyə-Azərbaycan sistemi İran üçün də müəyyən problem yaradır: “Ankara və Bakı Tehrana mesaj verir, İranla Azərbaycan arasında münaqişə olacağı təqdirdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələri birgə hərəkət edəcək. Həmçinin hava komandanlığı sisteminin yaradılması ilə Türkiyə Xəzər regionu haqqında məlumat alacaq, türk hava “əli” müəyyən qədər Xəzərə çatacaq”.
Ekspert deyir ki, Türkiyə və Azərbaycanın addımları Ankaranın Cənubi Qafqazda hərbi mövcudluğunu gücləndirir: “Nəzəri cəhətdən Moskva ilə Ankara arasında rəqabəti artıra bilər. Çünki Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Amma burada iki mühüm aspekti başa düşmək vacibdir: birincisi, istisna etmək olmaz ki, Ermənistanın hazırkı xarici siyasətinin xüsusiyyətləri nəzərə alınmaqla, gələcəkdə Qərbin hava hücumundan müdafiə sistemləri onun ordusunun arsenalına daxil ola bilər”. Ermənistanın üzünü Qərbə çevirməsi ilə bağlı birmənalı fikir söyləməyən politoloq, bununla belə Ermənistan ordusunun arsenalına Qərb silahlarının daxil ediləcəyini ehtimal edir. O, bu fikrə əsaslanaraq, Ermənistan və Rusiyanın birgə hava hücumundan müdafiə sisteminin gələcəyini proqnozlaşdırmağın çətin olduğunu vurğulayıb.
“İkincisi, praktikada çox şey Rusiya-Türkiyə münasibətlərinin inkişafından, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən asılı olacaq: qarşıdurma və ya konsolidasiya. İndi Rusiya və Türkiyə ikitərəfli münasibətlərdə gərginliyin artması və eskalasiyanın qarşısını almaq üçün hər şey edirlər. 44 günlük müharibədə Ankara ilə Bakının sıx əməkdaşlığı, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu Moskvanın heç bir kəskin reaksiyasına səbəb olmayıb. Bunun fonunda çox güman ki, Rusiya Federasiyası indi də Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birləşməsinə sakit reaksiya verəcək”, - David Arutyunov vurğulayıb.
“AzPolitika.info”