İkinci Surət Hüseynov vaqiəsi - Priqojinin qiyamının pərdəarxası

24-06-2023, 11:24   





Hədəf  “Vaqner” rəhbərinin neçə vaxtdır açıq didişdiyi müdafiə naziri Sergey Şoyqu olsa da, bu, əlbəttə ki, birmənalı Putinə qarşı silahlı təhdiddir; artıq xəyanətkarlar siyahısına düşən Priqojinin həbsi və ya fiziki məhvi gün, bəlkə də saat məsələsidir...

Putin hakimiyyətdə olduğu 2000-ci ildən bəri ilk dəfədir ki, özündən olan biri ona qarşı silah çevirdi. O, ən yaxınında olmuş adamlarını- qorumalarını (cangüdənləri)  ya nazir, ya qubernator təyin edib. Məsələn, əvvəl Kalinqradın, sonra isə Prezident Qvardiyasının rəhbəri Mixail Zolotovu, iş başında həlak olan fövqəladə hallar naziri Yevgeni Ziniçevi, indi onun yerinə təyinat almış  Aleksandr Kurenkovu, uzun illərdir Tula vilayətinin qubernatoru olan Aleksey Dyumuni(onu adı tez-tez Putinin varisi kimi də hallanır) yada salmaq kifayətdir. Onların sayı az olmayıb və Putin ən yaxın qorumalarını təqaüd yaşı gələndən sonra işsiz qoymayıb, ən vacib postları etibar edib. “Putinin aşpazı” kimi tanınan, əvvəllər qida sənayesi sahəsində məşhurlaşmış iş adamı Yevgeni Priqojinin adı son  24 saatda dünyanın bütün xəbər kanallarında çəkilir.  

İyunun 23-də axşam saatlarında “Vagner”in qurucusu Priqojin Rusiya hərbçilərinin onun muzdlular dəstəsinin düşərgəsinə hücum etdiyini, nəticədə "çox sayda döyüşçünün öldüyünü" iddia edərək, əlavə edib ki, “qisas almaq və Rusiyada ədaləti bərpa etmək” niyyətindədirlər. Bu da təbii ki, dərhal  Putinə qarşı qiyam havası yaradıb. 

 

Hədəf Priqojinin neçə vaxtdır açıq didişdiyi müdafiə naziri Sergey Şoyqu olsa da, bu əlbəttə ki, birmənalı Putinə qarşı silahlı təhdiddir. Putin də dərhal hadisələri nəzarətə götürüb. Öncə Milli Antiterror Komitəsi Priqojinin iddialarının heç bir əsası olmadığını bildirib və qanunsuz hərəkətlərin dərhal dayandırılmasını tələb edib.

Ardınca Federal Təhlükəsizlik Xidməti  silahlı üsyana çağırış maddəsi ilə cinayət işi açıb.  FTX bəyan edib ki, Priqojinin sözləri və hərəkətləri əslində, Rusiya Federasiyası ərazisində silahlı vətəndaş münaqişəsinin başlanmasına çağırışdır. FTX-nın bəyanatında son aylar qızışan Şoyqu-Priqojin davasında Putinin kimin “qələmini  qırdığını” bəyan edən o cümlə də var: “FTX “Vaqner” döyüşçülərini Priqojinin cinayətkar əmrlərini yerinə yetirməməyə, həmçinin onun saxlanılması üçün tədbirlər görməyə çağırıb. Rusiya hüquq-mühafizə orqanları Priqojinin açıqlamalarını rus hərbçilərinin “kürəyinə bıçaq zərbəsi” adlandırıb.

 

Aydındır ki, Priqojin qiyamı heç bir real hakimiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Yalnız indi ağlını itirən və qeyri ciddi adam bu cür bəyanatlar verə  bilər. Əslində, Priqojinin heç vaxt hakimiyyətdə ciddi ağırlığı olan birisi də deyildi. Putin xeyir-duası ilə yaratdığı “Vaqner” Kremlin daha çox uzaq Afrika ölkələrində silahlı gücü idi və Müdafiə Nazirliyinin srukturlarına aid deyildi. “Vaqner” yalnız Ukrayna müharibəsi başlayandan sonra şirkət səviyyəsindən çıxmağa başladı. Bununla da onun Şoyqu və digər güc strukturları ilə çəkişməsi başladı, gərginlik ictimailəşdi. Priqojin başa düşürdü ki, indi Putinin onun “gözüqara” muzdlularına  ehtiyacı var və bu xidmətini təklif etdi. “Vaqner”çilərin ilk və hələ ki, son uğurlu əməliyyatı Baxmut döyüşləri oldu. Bu şəhərə nəzarət uğrunda 10 aya yaxın davam edən döyüşlərdə “Vaqner” adını ön plana çıxarmaq üçün Priqojin xeyli itkilər də verdi, bunu açıq rəqəmlərlə bəyan etməkdən də çəkinmədi. Priqojin anladı ki, indi siyasi ambisiyalarını ortaya qoymasa, ona bir daha belə şans verilməyə bilər. O səbəbdən ardıcıl olaraq Müdafiə Nazirliyi rəhbərliyini hədəf alan açıqlamalar verdi. Müharibənin əsas yükünü və məsuliyyətini üzərinə götürmüş Şoyqunun və Baş Qərargahın prinsipcə, qanunsuz ordu ilə “dil tapması” getdikcə daha da mümkünsüz  görünürdü.  O zaman Kremlə yaxın təhlilçilər belə çıxışları “ciddi təhlükə siqnalı” kimi dəyərləndirmişdilər. Onlar bu açıqlamalar dayanaraq deyirdilər ki, Priqojin artıq Rusiya hakimiyyəti ilə ortaq komandada deyil. 

Putin isə nədənsə, bu açıqlamaları görməzdən gəlirdi. Ya  Priqojinin Baxmutda işinin tamamasını gözləyirdi, ya da bəlkə də Şoyqu üzərində bu cür təzyiq və təhdidin qalmasında maraqlı idi.  Baxmutun Rusiyanın nəzarətinə keçməsi “Vaqner” rəhbərinə özünüreklam etmək üçün fürsət verdi, amma bu dəfə də Şoyqu onun xidmətlərini sıfırladı. Baxmutun “azad edilməsidə” “Vaqner”in rolu kiçildildi, hətta vəd edilən dövlət mükafatları da verilmədi. Priqojin son açıqlamasında elə-belə demir ki, Şoyqu ikinci dəfə Rusiya Qəhrəmanı olmaq istəyir. Priqojin də şübhəsiz ki, “Axmat” dəstəsinin rəhbərləri kimi sinəsində Rusiya Qəhrəman ulduzu görmək istəyirdi. Putin isə ona və “Vaqner”ə vəd edilən heç nəyi vermədi.    

Priqojin nədənsə, düşünürdü ki, o necə döyüşmək lazım gəldiyini, müharibədə necə qalib gəlmək formulunu hamıdan yaxşı bilir. Bunu da ara-sıra verdiyi açıqlamalarda dilə gətirirdi. Bu iddiaları vaxtilə Sürət Hüseynovun siyasi ambisiyalarına bənzətmək də olar. Sürət Hüseynovun əlində girinc qalan səriştəsiz hakimiyyət sonda mərhum Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldı. Putinin isə belə bir seçimi yoxdur, artıq xəyanətkarlar siyahısına düşən Priqojinin həbsi və ya fiziki məhvi gün, bəlkə də saat məsələsidir.   

 

Bəzi KİV-lər səs yazısındakı səsin Priqojinin səsinə bənzəyə biləcəyini, saxta və ya süni intellektdən istifadə etməklə yaradıldığını irəli sürürlər, Priqojinin Rostovdakı “Vaqner” qərargahında deyil,  Sankt-Peterburqda olduğu deyirlər. Amma bunlar artıq əhəmiyyətsiz detallardır. 

Bu gün Rusiya Baş Prokurorluğu da Priqojin barədə bir neçə maddə ilə cinayət işi açıb. “Vaqner”in Rostovdakı qərargahı mühasirədir, vilayət qubernatoru əhalini ehtiyac olmadığı halda küçəyə çıxmamağa çağırıb. Moskva meri isə paytaxtda antiterror əməliyyatlarının başladığını bəyan edib. 

Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatının komandirlərindən biri, ordu generalı Sergey Surovikin “Vaqner” özəl hərbi şirkətinin komandirləri və döyüşçülərinə müraciət edib.  

“Biz sizinlə birlikdə çətin, çətin yol keçmişik. Biz birlikdə vuruşduq, risk etdik, itkilər verdik, birlikdə qalib gəldik. Biz eyni qandanıq. Biz döyüşçüyük” deyən ordu generalı həmçinin “vaqnerçilər”i dayanmağa çağırıb və Kiyev rejiminin Rusiya daxilində vəziyyətin daha da pisləşməsini gözlədiyini xatırladıb. O, “ölkə üçün bu çətin günlərdə düşmənin əlinə oynamamağa” çağırıb: “Çox gec olmadan xalq tərəfindən seçilmiş prezidentin iradəsinə və əmrinə tabe olmaq lazımdır. Bütün problemləri yalnız sülh yolu ilə Ali Baş Komandanın rəhbərliyi ilə həll edin”.

 

Müharibə başlayandan Rusiya daxilində elitalar arası münaqişə və mübarizənin güclənəcəyi gözlənilən idi. Priqojin də hakimiyyətdən özünə daha böyük “piroq”  istəməsi də əslində, bu daxili mübarizənin göstəricididir. Onun hakimiyyət daxilində kimlərlə işbirliyində olduğu haqda hələ heç bir bilgi yoxdur, amma bu təkcə bir adamın üsyanına da bənzəmir. Görünür ki, Rusiya “dərin dövlətində” Priqojini qiyama həvəsləndirənlər olub.  

Putinin rəhbərliyi ilə iki gün əvvəl keçirilən Təhlükəsizlik Şurasının iclasında Şoyqu çox ilginc bir məlumat verdi. Dedi ki, artıq 150 min adamla müqavilə imzalanıb, orduya cəlb edilib, daha  50 min könüllü isə ordu sıralarına yazılıb. Bu, həm də daha “Vaqner”ə ehtiyac olmadığının mesajı idi. Bəlkə də Priqojin hadisələri qabaqladı, onu həbs etmədən, ya öldürmədən özü qiyama cəhd etdi.

Priqojinin silahlı üsyan çağırışının və ya hansısa silahlı qarşıdurmanın Putinin hakimiyyətdən sala biləcəyini gəzləmək sadəlövhlük olardı, ən azında o səbəbdən ki, ordu rəhbərliyi Ali Baş Komandana sadiqdir. Amma bu olayın sonda nə ilə nəticələnəcəyindən asılı olmayaraq, Putin ciddi zərbə aldı. Bunun nəticələri Putin üçün heç də ağrısız olmayacaq…  

 

Nazim SABİROĞLU,
Musavat.com 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.