Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçındakı müfəttişlərinə qarşı ittiham irəli sürülüb

7-07-2023, 10:38   



İstintaq dövrü üçün onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Laçın rayon şöbələrində iyulun 4-də keçirilmiş əməliyyatlar nəticəsində saxlanılan şəxslərin kimliyi açıqlanıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Əməliyyatları Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirib. Əməliyyat nəticəsində həm Cəlilabad, həm də Laçın şöbələrində  müfəttişlər Ramil Həsənov və Rəşad Rəşidli saxlanılıb.

Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə-nüfuz alveri) maddəsilə ittiham irəli sürülüb.

Rəşad Rəşidli və Ramil Həsənovun işlədikləri tabe qurumların çağırış və hərbi-həkim komissiyalarının vəzifəli şəxslərinin qərarlarına təsir imkanlarından istifadə edərək, vətəndaşların hərbi xidmətə yararsız hesab edilməsinə nail olmaq müxtəlif məbləğlərdə pul  almalarına əsaslı şübhələr müəyyən edilib”, – Baş Prokurorluğun məlumatında belə deyilir.

Lakin onlar həbs edilməyib. İstintaq dövrü üçün onların barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İyulun 4-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz rayon şöbəsində də əməliyyat keçirilib. Həmin əməliyyat nəticəsində isə Xaçmaz rayon şöbəsinin rəisi Rahim Ağayev həbs olunub.

Rahim Ağayevə qarşı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları çəkilən şəxslərin özlərini təqsirli bilib-bilmədiyi məlum deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.