«Pulumuzu istəyirik, deyir ki, rədd olun, kimə istəyirsiz şikayət edin...»
Dövlət sifarişilə həyata keçirilən layihələrə cəlb olunan usta və fəhlələrin pulunu bəzi hallarda tam vermirlər. Bu barədə ara-sıra “Azadlıq” qəzetinə şikayət məktubları daxil olub. Bu qəbildən olan daha bir məktub Əvəz Nəcəfov, Eldar Abbasov, Isa Alıyev və Elşad Vəliyevdən gəlib.
Onlar bildirir ki, “Azəri Sənaye Inşaat” MMC-nin sahibi Əlzamin Bayramovun rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi tikintisi, binaların üzlənməsi kimi işlərdə iştirak ediblər. Lakin onlara veriləsi zəhməthaqqı ödənilmir: “Səngəçal qəsəbəsindəki ”Müasir Tikinti Materialları" zavodunda, Göygöl Olimpiya Idman Kompleksində, Naxçıvani küçəsində və Biləcəri qəsəbəsində, Ziya Bünyadov prospekti 48/54 ünvanında işləmişik. Bizi şirkətə işə çağıran Əlizamin Bayramovun orada direktor vəzifəsində çalışan oğlu Rüfət olub. Heç bir əmək müqaviləsi bağlamadan qara qul kimi işlədiblər. Aylardır ki, pulumuzu da vermirlər".
Şikayətçilər deyir ki, problemlə əlaqədar Əmək Müfəttişliyinə də müraciət ediblər. Lakin adıçəkilən qurumun müfəttişi Tahir Sədrəddinov şikayətlərinə baxmaqdan yayınır: “Hər dəfə ”bu gün gecdir, sabah gəlin; gedin, birisi gün gəlin" deməklə şikayətimizə baxmır".
“Azadlıq” vasitəsilə aidiyyəti dövlət strukturlarına müraciət edən şikayətçilər onlardan kömək istəyir: “Səlahiyyəti olan hər kəsdən kömək istəyirik. Eşitdiyimizə görə, Əlizamin Bayramov bu yaxınlarda oğlu Rüfətə 200 min manata maşın alıb, Bilgəhdə özünə milyonlarla dəyəri olan villa tikdirib. Ancaq fəhlələrin, ustaların pulunu vermir. Əgər bunu halal pulla əldə edibsə, Allah daha da var etsin, bizə veriləcək maaş hesabınadırsa, haqqımızı halal etmirik”.
Şikayətçilərin sözlərinə görə, Əlizamin Bayramovun pulunu ödəməkdən imtina etdiyi fəhlə və ustaların sayı yüzlərlədir: “Qapısına gedirik, deyir ki, ”von otsyuda" (“rədd olun”-red.), gedin, kimə istəyirsiz şikayət edin. Baş Prokurorluğa, Əmək Müfəttişliyinə də şikayət etmişik. Hələlik nəticə yoxdur. Əlizamin Bayramov bizə xəbər göndərir ki, sizləri adam yerinə saymıram, pulunuzu da verən deyiləm. Şikayətləriniz də əbəsdir, hər yerdə adamım var. Sizə verəcəyim pulun bir hissəsini Əmək Müfəttişliyinə verib sizi küçələrdə qoyacağam".
Şikayətçilərin söylədiklərilə əlaqədar Əlizamin Bayramovun da dövqeyini öyrənməyə çalışsaq da, cəhdlərimiz nəticə vermədi. Onu da dinləməyə hazırıq.