“Bizi Mirdamət Sadıqovun ümidinə qoymayın”

25-09-2014, 10:34   
“Bizi Mirdamət Sadıqovun ümidinə qoymayın”Bu, Qarabağ veteranının dövlət başçısından xahişidir

Ismayıllı rayon icra hakimiyyətinin başçısı, Mirdamət Sadıqovun fəaliyyətindən narazı olan 2-ci qrup Çernobıl əlili, Qarabağ müharibəsi veteranı, əli hər yerdən üzülən Süleyman Ilyasov problemlərini mətbuat vasitəsilə dövlət başçısı Ilham Əliyevə çatdırmağı xahiş edir. Əlil məktubunda yazır:

“Illərlə evsiz olmuşam. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərov yaşadığım Cülyan kəndində mənə fərdi ev tikib verdi. Artıq 2 ildir bu ünvanda yaşayıram. Tikintidən anlayışım yoxdur, indi bəlli olub ki, tikinti zamanı evin altından havalanma üçün yer qoyulmayıb. Buna görə də evin döşəməsi çürüyüb yararsız hala düşüb. Əlilliyə görə aldığım aylıq məvacib 167 manatdır. Üç azyaşlı övladım var. Məndə olan şüalanma irsən övladlarıma da təsir edib və onlar da hər ay müalicə olunurlar. Öz iynə-dərmanlarım, uşaqlarımın müalicəsi və evin ərzağını heç cür çatdıra bilmirəm. Yarıac-yarıtox yaşayırıq. Nə edək, bu bizim qismətimizdir. Çernobil Əlilləri Birliyinin üzvüyəm. Dəfələrlə həm birliyin mərkəzi ofisinə, yerli cəmiyyətə müraciət etmişəm, heç bir nəticəsi olmayıb. Onu da qeyd edim ki, evi tikən ”Improteks" şirkəti bu günə kimi evimin sənədlərini mənə verməyib.

Cənab prezident! Çarəm hər yerdən üzüldükdə mən Ismayıllı rayon icra hakimiyyətinin başçısı Mirdamət Sadıqovun qəbuluna getdim. Mirdamət müəllimdən xahiş etdim ki, evimin təmiri üçün kömək etsin. Başçı məni aşağılayıcı sözlərə qonaq etdi. Sonradan, demək olar, bütün orqanlara yazılı müraciətlər, teleqramlar göndərmişəm, məktublarımı rayon icra hakimiyyətinə göndəriblər. Rayon icra hakimiyyətindən mənə cavab yazıblar ki, büdcəmizdə kifayət qədər maliyyə vəsaiti olmadığına görə evinizi öz daxili imkanlarınız hesabına təmir edin. Cənab prezident, mənim hansı daxili imkanlarım var ki, icra hakimiyyəti bunu mənə rəva bilib?

Cənab prezident! Mirdamət Sadıqov rayona başçı təyin olunandan bütün görüşlərində, tədbirlərində milyonlardan danışır ki, rayonumuza bir belə pul ayrılıb. Ancaq bizlər bu milyonlardan heç bir fayda görə bilmirik. Ancaq başçının bütün yaxın ətrafı az müddətdə varlanıb, yüksək imkan sahibi olub. Mirdamət Sadıqovdan soruşuram: bu milyonlar ayrılıbsa, hanı, ayrılmayıbsa, bu yalanları kimə deyirsiniz? Mirdamət müəllimə deyirəm ki, evim uçur, o da yanında oturan məmurlara göz vurub mənə bankada dərman təklif edir. Ona söz deyən kimi deyir ki, tez-tez qəbula gəlməyin, ürəyim xəstədir. Xəstəsinizsə, bu vəzifədə nə işiniz var? Işləyə bilmirsiniz, əl çəkin, qoyun bacaranlar işləsin. Insanların qarnı yalanla doymur, onlara iş, çörək, dərdinə əlac edən rəhbər lazımdır, ay hörmətli müəllim.

Cənab prezident! Sizə müraciət edirəm, inanın, Mirdamət Sadıqov bizləri dinləmir, heç bir dərdimizə kömək etmir. Danışdıqları və əməlləri arasında yer və göy qədər fərq var. Sizdən artıq dərəcədə xahiş edirəm ki, mənə köməklik göstərəsiniz. Sizdən ailəmiz adından xahiş edirik ki, bizi Mirdamət Sadıqovun ümidinə qoymayın".

Rayon icra hakimiyyətindən heç bir mövqe öyrənə bilmədik. Icra hakimiyyətindən bildirdilər ki, bu məsələ ilə bağlı şikayətçiyə cavab verilib.
Azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.