FT: Ermənistandan sanksiyaların təsiri altında olan Rusiyaya yüklər necə daşınır?

20-07-2023, 09:04   


avtomobil, Ermənistan, Rusiya. sanksiya

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Ermənistanın Gümri şəhərinin Avropa və ABŞ bazarlarından Rusiyaya avtomobil daşınması üçün mərkəzə çevrilməsinə dair məlumatlar var.

Avtomobil almaq istəyən gənc ruslar üçün ticarət yolu üzərində yerləşən Qafqaz regionu işlənmiş maşınların Rusiyaya daşınmasında əsas dayanacaqdır, Britaniyanın Financial Times (FT) qəzeti yazır.

"Ermənistanın ikinci böyük şəhəri olan Gümridəki gömrük binası istiqamətində çox sayda avtomobillərin yaratdığı uzun cərgələri görmək mümkündür. Maşınların çoxunun bəzi hissələri əzilmiş vəziyyətdədir və qapıları plastik torbaların köməyi ilə bağlanıb", FT müxbirləri Polina İvanova və Chris Cook-un yazdığı məqalədə qeyd olunur.

Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Qərb dövlətlərinin sərt sanksiyaları ilə üzləşən Rusiyaya bəzi ölkələrdən ixrac edilən yüklərin həcmində artım müşahidə edilib.

FT-nin yazdığına görə, Rusiyaya müxtəlif növ yük ixrac edən ölkələr arasında ən çox artım Ermənistanda qeydə alınıb.

Bu ölkədən Rusiyaya daşınan qeyri-ərzaq malları arasında ən çox gözəçarpan məqam avtomobil ixracında baş verib.

"Hamısı Rusiyaya gedir"

2022-ci ilin yanvarından bəri Ermənistandan Rusiyaya ixrac edilən avtomobillərin ümumi dəyəri 225 dəfə artaraq 800 min dollardan 180 milyon dollara yüksəlib, FT-nin məqaləsində qeyd olunub.

Gümri gömrük məntəqəsinin kənarında brokerlər öz xidmətlərini reklam etmək üçün üzərində “ABŞ auksiyonlarından avtomobil əldə et”, “Qapalı konteynerlərlə Gümriyə çatdırılma”, “Rusiyaya yenidən ixrac” kimi şüarlar yazılmış bilbordları görmək mümkündür, FT müxbiri yazır.

“Burada gördüyünüz avtomobillərin heç biri Ermənistanda qalmır, onların hamısı Rusiyaya ixrac olunur, çox az hissəsi isə Qazaxıstana gedir”, Financial Times-ın müxbirinə danışan biri deyib.

Gümri şəhəri yenidən Gürcüstan vasitəsilə Rusiyaya daşınan avtomobillər üçün əsas qovşaq rolunu oynayır.

“ABŞ-Gürcüstan-Ermənistan-Gürcüstan-Rusiya sxemi yeganə marşrut deyil, digər yollar da mövcuddur”, - əsl adını deməkdən imtina edən və özünü Pavel kimi təqdim edən Sankt Peterburqdan olan avtomobil alverçisi FT-yə danışıb.

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan yerli mediaya verdiyi açıqlamasında ötən il ölkəyə idxal edilən avtomobillərin 6 dəfə artaraq 45 mindən çox olduğunu bildirib.

Ermənistanın Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, 2022-ci ildə Rusiyaya ixrac edilən digər növ malların da ümumi dəyəri üç dəfə artaraq 2.4 milyard dollar təşkil edib. Bundan əlavə, rəsmi qurum ötən il Rusiyadan Ermənistana pul köçürmələrinin də həcminin təxminən dörd dəfə artaraq 3.2 milyard dollara yüksəldiyini qeyd edib.

Avtomobil və digər əsas qeyri-ərzaq mallarının istehsalı üzrə formalaşmayan Ermənistandan bu istiqamət üzrə Rusiyaya ixracın artması Qərb dövlətlərini məyus edib.

ABŞ-ın Ədliyyə, Maliyyə və Ticarət departamentlərinin martda yayımladıqları birgə bəyanatda Ermənistan “qadağan edilmiş malların qanunsuz olaraq Rusiyaya daşınmasında” iştirak edən ölkələr siyahısına daxil edilib.

Bundan əlavə, Rusiyaya Qərbin sanksiyalarında yayınmaqda kömək etdiyi üçün bəzi Ermənistan şirkətləri ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsini Rusiyanın sanksiyadan yayınmasında iştirak etməkdə günahlandıran hesabatların “həqiqəti əks etdirmədiyini” bildirib.

“Sanksiyalar bizim qırmızı xəttimizdir. Bu barədə rusiyalı həmkarlarımıza da məlumat vermişik və bildirmişik ki, Rusiya ilə münasibətlərə baxmayaraq özümüzü sanksiya altına ata bilmərik”, - Nikol Paşinyan yerli medianın sualını cavablandırarkən deyib.

Ermənistan lideri Rusiya ilə ticarət əlaqələrində sanksiyaya daxil edilməyən məhsullar üzrə daşımaların artdığını bildirib. Onun sözlərinə görə, bəzi Qərb şirkətləri istehsal sahələri sanksiya siyahısına daxil edilmədiyi halda Rusiyaya birbaşa məhsul satmaqdan imtina ediblər ki, bu da həmin məhsulların Ermənistandan re-eksportu üçün şərait yaradıb. Paşinyan buna nümunə olaraq içki məhsullarını göstərib.

Bununla belə, Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyan xüsusilə avtomobil ixracı sahəsində gündəlik 200 gömrük izinin itirilməsi prosesinin baş verdiyini bildirib.

Financial Times-ın yazdığına görə, Ermənistanın ikinci böyük şəhəri olan Gümridəki gömrük binası istiqamətində Rusiyaya ixracı nəzərdə tutulan çox sayda avtomobillərin yaratdığı uzun cərgələri görmək mümkündür və həmin avtomobillərin çoxunun qəzalı olması diqqət çəkib.

Gümri gömrüyünün adını açıqlamayan əməkdaşının FT-yə verdiyi müsahibədə qəzalı avtomobillərin üstünlük təşkil etməsinin təsadüf olmadığını bildirib.

Belə ki, Avropa İttifaqı yalnız dəyəri 50 min avrodan və mühərrik həcmi iki litrdən yüksək olan avtomobillərin Rusiyaya ixracını dayandırıb. Buna görə də, ruslar buraxılış ili təzə olan lakin qəzalı avtomobillər sifariş etməklə faktura qiymətini 50 min avrodan aşağı salaraq həmin avtomobillərin Avropa gömrüyündən keçərək Rusiyaya gətirilməsinə nail olurlar.

Mövcud vəziyyət Ermənistana illik ümumdaxili məhsul həcmini 2022-ci ildə 13 faiz artırmağa imkan verib. Bu rəqəm əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Ötən il Rusiyada yeni avtomobil satışı üzrə göstəricilər 60 faiz azalıb. Bu rəqəm 1991-ci ildə Sovet İttifaqı dağıldıqdan bəri qeydə alınan ən aşağı statistikadır, Reuters-in Autostat analizində qeyd olunub.

“1990-cı illərdə dilerlər və brendlər Rusiya bazarına girə bilmirdilər, ona görə də bu cür bazarlar daha məşhur idi. İndi biz həmin dövrə qayıdırıq”, - Yerevanın kənarındakı Erebuni bazarında işlənmiş avtomobil axtaran Aleksandr FT-yə bildirib.

Erebuni bazarı on illərdir mövcud olsa da, ilk dəfədir bu qədər rusiyalı müştərisi var, FT qeyd edir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.