Nazir Bakı Metropolitenini də inhisara almaq niyyətindədir; stansiya açılsa, avtovağzaldan hərəkət edən “məmmədovçu” avtobusların gəlirləri kəskin düşəcək
Nəqliyyat naziri Ziya Məmmədovun Bakı Metropoliteninə müdaxilə etməsi cəhdləri dəfələrlə mətbuatın əsas mövzularından olub. Nazir vahid kart sisteminə keçid məsələsini zaman-zaman gündəmə gətirməklə, bu sahəni öz monopoliyasına almaq niyyətini də gizlətməyib. Z.Məmmədovun planlarına görə, bu gün ictimai nəqliyyatda istifadə edilən gediş kartları metropolitendə və taksilərdə də istifadə olunmalıdır.
Z.Məmmədovun bu planına qarşı çıxan əsas fiqurlardan biri də Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov idi. Metropolitenin sabiq rəisi kart sisteminə keçidin əleyhinə olduğunu və bunun metropolitenin xidmətlərindən istifadənin bahalaşmasına gətirib çıxaracağını dəfələrlə bildirmişdi. Artıq Tağı Əhmədov vəzifədə deyil və Z.Məmmədovun vahid kart sistemi planının önü açılmış kimi görünür. Gələn məlumatlara görə, hörmətli nazir bu planın gerçəkləşməsi üçün hazırda imkanlarını bir daha səfərbər etmək niyyətindədir. Məlumatın mabədi olaraq yazaq ki, metropolitenin “Avtovağzal” stansiyasının açılışının ləngidilməsi də nəqliyyat nazirinin planının bir hissəsidir. Qaynağımız “Yeni Müsavat”a deyib ki, 2015-ci ildə vahid kart sisteminə keçidlə bağlı hökumətin ilkin qərarı var.
Nəqliyyat naziri bu qərar reallaşana qədər “Avtovağzal” stansiyasının açılmaması üçün əlindən gələni edir. Stansiyanın açılacağı təqdirdə hər gün avtovağzaldan Bakının dörd bir tərəfinə olan marşrutlar üzrə hərəkət edən avtobusların gəlirinin kəskin düşəcəyi şübhəsizdir. Hər avtobusun 1 gün üçün azı 100 manat plan ödədiyini və avtovağzaldan Bakının müxtəlif nöqtələrinə yüzlərlə avtobusun hərəkət etdiyini nəzərə alsaq, nazirin əndişələnməsinin səbəbsiz olmadığını görürük.
Qeyd edək ki, Tağı Əhmədov dəfələrlə “Avtovağzal” stansiyasının 2013-cü ilin dekabrında açılacağını bildirirdi. Sabiq rəis 8 noyabr 2011-ci ildə "APA-Economics"ə verdiyi müsahibədə deyib: “Artıq 2011-ci ildə ”Dərnəgül" stansiyası təhvil verilib. Biz 2013-cü ilin sonuna “Avtovağzal” və “Memar Əcəmi-2" stansiyalarını, 2015-ci ilin sonunadək isə ”Həzi Aslanov-2", “Köhnə Günəşli” və “Yeni Günəşli” stansiyalarını istifadəyə vermək niyyətindəyik".
Bir qədər əvvəl isə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib ki, təmsil etdiyi qurum 2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçidi təmin etmək niyyətindədir.
Onun sözlərinə görə, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər: “Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədilə işlər həyata keçirilir”.
İndilərdə, məlum olduğu kimi, Bakı metrosunda ödəniş yalnız bu məqsəd üçün nəzərdə tutulmuş xüsusi kartlarla həyata keçirilir.
M.Pənahov qeyd edib ki, hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər.
Maraqlıdır ki, M.Pənahov “yaranmış çətinliklər” haqda məlumat verməyib. Bu çətinliklərin illərlə davam etməsinin səbəbinin də üstündən sükutla keçib.