Prokurorluqda intihar etdiyi deyilən qadının hadisədən 2 saat əvvəl prezidentə yazdığı məktubu üzə çıxdı

26-07-2023, 09:52   



“Səsimi heç kimə eşitdirə bilmirəm, yalvarıram sizə…”

İyulun 19-da Mingəçevir Şəhər Prokurorluğunun binasında 32 yaşlı Turalə Aslanovanın ölümüylə bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Bu barədə Meydan TV-yə danışan Natiq Aslanov qızının ölümündə günahkar saydığı şəxslərin hələ də cəzalandırılmamasından narazıdır.

“Qızım saat 7-yə qədər prokurorluqda niyə saxlanmışdı ki, o hadisə də baş verəydi?”

Turalə Aslanovanın Mingəçevir Şəhər Prokurorluğunda 413 min manatlıq dələduzluqla bağlı cinayət işi üzrə dindirmədən sonra ikinci mərtəbədə müstəntiqin otağından özünü atdığı bildirilir. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Həmin gün günorta saat 3 radələrində prokurorluqda Turalə ilə Kəmalə arasında üzləşmə keçirilib. Turalə üzləşmədə açıq-aydın deyib ki, adamların pulları Kəmalədədir. Üzləşmə təxminən saat 4-ə işləmiş bitib. İndi cavab versinlər görüm, mənim övladım saat 7-yə qədər prokurorluqda nə gəzirdi ki, o hadisə də baş verəydi? Onu hansı qərar əsasında o vaxta qədər prokurorluqda saxlamışdılar?”, – Natiq Aslanov bildirib.

Turalə Aslanova polis əməkdaşı olub. O, Gəncədə “ASAN Xidmət”də – Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Gəncə şəhər şöbəsində işləyib. 2022-ci ildə işdən çıxarılıb.

Bu hadisədə adı hallanan Kəmalə Quliyeva da polis əməkdaşı olub. Vaxtilə Gəncədə Turalə Aslanova ilə birlikdə işləmiş Kəmalə Quliyeva intihar olayından sonra işdən çıxarılıb.

Dələduzluqla bağlı cinayət işinin materiallarında müxtəlif şəxslərdən alınan pulların qaytarılmamasından söhbət gedir. Onların bir çoxu pulu Turalə Aslanovaya verdiklərini bildiriblər. Turalə Aslanova da ifadələrində göstərib ki, adamlardan aldığı pulları Kəmalə Quliyevaya çatdırıb. Bunu sübut edən faktlar da var. O vurğulayıb ki, adamlar pulları sələmlə veriblər, buna görə Kəmalə Quliyeva onlara faiz ödəyib. O isə sadəcə, vasitəçilik edib.

Pul verdiyini iddia edən şəxslərin də əksəriyyəti polis əməkdaşlarıdır.

İyulun 19-da hadisədən əvvəl üzləşmədə də Turalə Aslanova pulların Kəmalə Quliyevada olduğunu deyib və adamların pullarının qaytarılmasını tələb edib.

Kəmalə Quliyeva isə üzləşmə zamanı Turalə Aslanovanın onun ünvanına səsləndirdiyi ittihamlara etiraz edib. O, müxtəlif adamlardan alınmış pulların onda olması haqda deyilənləri qəbul etməyib.

“Bizə deyirlər ki, guya təcili yardım prokurorluq işçisi üçün gəlib”

Turalə Aslanovanın atası deyir ki, iyulun 19-da ölümündən təxminən 2 saat əvvəl qızı prezidentə şikayət məktubu yazıb. Həmin məktub telefonunda da qalıb:

“Turalə bir müddət əvvəl Baş Prokurorluğa məktub yazmışdı ki, bu iş doğru-düzgün araşdırılmır, Mingəçevir Şəhər Prokurorluğundan alın. Fikir vermədilər. Həmin gün də onu hədələyiblər. Bu da üzləşmə qurtarandan sonra prokurorluqda ola-ola elə internet vasitəsilə prezidentə məktub yazıb. Orada günahkarların da kim olduğunu açıq şəkildə göstərib. O məktubda da göstərib ki, səsini heç kimə eşitdirə bilmir. Yalvarır ki, bu iş düzgün araşdırılsın”.

Turalə Aslanova prokurorluqda olduğu zaman atası və anası da onu çöldə gözləyib. Valideynləri deyir ki, prokurorluğa Təcili Tibbi Yardım çağırılsa da, onlara övladlarının başına gələnlər haqda heç bir məlumat verilməyib:

“Çox narahat idik ki, Turalə niyə çıxmır axı bayaqdan, hava qaralır. Qapıda bizə deyirlər ki, guya prokurorluğun işçilərindən birinə görə gəlib təcili yardım. Sonradan öyrənmişik ki, sən demə, mənim qızım üçünmüş…”.

Turalə Aslanovanın pəncərədən özünü atdığı deyilən vaxt otaqda müstəntiq və vəkil Emin Kiçibəyov olub. Valideynlər vəkildən də narazıdır. Deyirlər ki, vəkil onlara bu hadisə barədə heç bir məlumat vermədən çıxıb gedib:

O bilirdi ki, biz valideynləri oradayıq, niyə bir xəbər vermirdi? Bizə heç nə demədən qaçıb çıxıb gedib. Ümumiyyətlə, bizə çox qaranlıqdır ki, o boyda müstəntiq, o boyda vəkilin yanında Turalə kiçik bir pəncərədən necə atdı özünü?”.

Vəkil Emin Kiçikbəyov isə deyir ki, hadisə ani baş verib. Müstəntiq Turalə Aslanovanın tutulmasına qərar veriləcəyini bildirib. Vəkilin sözlərinə görə, həmin vaxt pəncərənin qarşısında dayanıb ağlayan Turalə Aslanova qəfildən özünü atıb.

Baş Prokurorluqdan bildirilib ki, Mingəçevir Şəhər Prokurorluğunda baş vermiş hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.