Epidemiyanın qarşısının alınmasının 3 əsas şərti
Çərşənbə günü Avropa Komissiyası xəbərdarlıq edib ki, Afrikiada Ebola virusu epidemiyasının inkişafı 2015-ci ilin ən azı əvvəlinə kimi davam edəcək.
“İlin sonunadək əlimizdə olan yeganə ümidimiz epidemiyanın yayılmasını stabilləşdirməyə çalışmaqdır ki, buna hadisələrin optimal gedişatı olduqda nail ola bilərik” – deyə Avropa Komissiyasının humanitar yardım üzrə rəhbəri Filip Moqan deyib.
O bildirib ki, bunun üçün 3 əsas şərti yerinə yetirmək lazımdır. Birincisi xəstəliyi əhatə edən ölkələr olan Qvineya, Liberiya, Siyerra-Leon eləcədə qonşu ölkələrdə epidemiyanın yayılması hallarına qarşı effektiv reaksiyanı təmin etmək. İkincisi Afrikanın problemli ölkələrinə, əsaslı beynəlxalq yardımı yönəltməyə nail olmaq. Üçüncüsü bu ölkələrin əhalisinə ehtiyat tədbirlərini, xəstələrin təcrid olunmasını və fərdi şəkildə tibbi yardım müraciətinin vacibliyini başa salmaq lazımdır.
Ebola virusu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən “bəşər tarixinin ən qəddar virus xəstəliyi” adındırılıb. Bu virusun 5 müxtəlif tipləri var və yoluxanların həyatda qalma şansı 25 faizdən 90 faizədək dəyişir. Ebola virusuna qarşı hələ ki, heç bir təsdiq edilmiş peyvənd növü mövcud deyil.
İnfeksiyaya yoluxmanın ilk əlamətləri bədən hərarətinin qəfil yüksəlməsi, əzələ ağrıları, ümumi halsızlıq, başağrısı və boğaz iltihabıdır. Növbəti mərhələdə xəstədə qusma, ishal, bədəndə səpki, böyrək nasazlığı və qara ciyər fəaliyyətində problemlər müşahidə olunur. Bəzi hallarda xəstədə daxili və xarici qanaxmalar baş verə bilər. Hələ ki, bu infeksiyanın qarşısını ala biləcək heç bir müalicə və vaksin yoxdur.
Hazırda bir neçə vaksin üzərində tədqiqat işləri görülsə də hələ ki, heç biri dəqiq müalicə üçün təsdiqini tapmayıb.
“Zmapp” adlı vaksin iki amerikalı xəstə üzərində sınaqdan keçirilib və onların vəziyyətində yaxşılaşma müşahidə olunub. Lakin, həmin vaksin ispaniyalı xəstə üzərində təsirsiz olub və onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən bu vaksinin effektivliyi dəqiq təsdiqini tapmayıb. Buna baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) eksperimental dərmanların istifadəsinə icazə verib.
Xəstəliyin kritik mərhələsini yaşayan xəstələr intensiv nəzarət altında saxlanılır. Sürətlə maye itirən xəstələrin orqanizminə elektrolit və damardaxili injeksiya yolu ilə maye daxil edilir. ABŞ dərman şirkəti tərəfindən inkişaf etdirilən “Zmapp” vaksinləri artıq qərbi Afrikaya göndərilib. Şirkət bildirib ki, dərmanlardan istifadə pulsuzdur.
Qeyd edək ki, ÜST hər hansı bir müalicə üsulu sübut olunmayan və peyvəndi olmayan Ebola epidemiyasıyla mübarizə üçün fövqəladə vəziyyət elan edib.