“BUTA AİRWAYS” AZAL-a BİRLƏŞİR: Bu qərar aviabiletlərin qiymətinə necə təsir edəcək?

29-07-2023, 15:11   



Bu ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” QSC (AZAL) və onun aşağı büdcəli törəməsi - “Buta Airways”-in vahid brend altında birləşəcəyi bildirilir.

AZAL-dan verilən məlumata görə, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

““Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək. Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq”,-deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, “Buta Airways” Azərbaycanın ilk kiçik büdcəli aviaşirkətidir və AZAL-ın tərkib hissəsidir. Şirkət 2016-cı ilin dekabrında yaradılıb və 2017-ci ilin sentyabrından fəaliyyətə başlayıb. Hazırda Bakıdan Gəncəyə və doqquz beynəlxalq istiqamətdə - Rusiyaya, Türkiyəyə, Ukraynaya, Gürcüstana və İrana reyslər həyata keçirir. “Buta Airways” aviaşirkəti uçuşları Braziliyanın Embraer E190 təyyarələri ilə reallaşdırır. Əksər istiqamətlərdə təyyarələr 85 faizdən az olmayaraq dolmuş vəziyyətdə uçur. “Buta Airways” AZAL-la müqayisədə nisbətən ucuz aviaşirkət kimi tanınır. Ona görə də, bu aviaşirkətin monopolist və inhisarçı mövqeyi ilə bilinən AZAL-la vahid brend altında birləşəcəyi xəbəri vətəndaşlar arasında fikir ayrılıqlarına səbəb olub. Ötən gündən bəri əksər sosial şəbəkə istifadəçiləri AZAL-ın onsuz da kifayət qədər yüksək olan bilet qiymətlərinin bir qədər də bahalaşacağını iddia edirlər.

Bəs AZAL-ın bu addımı aviabiletlərin qiymətinə necə təsir edəcək?


İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, AZAL "Buta" loukosteri yaratmaqla öz istəyinə nail ola bilmədi: "Ola bilsin ki, komandaları bacarmadı, ya da istəkləri və təcrübələri kifayət etmədi. Amma faktiki olaraq, "Buta Airways" loukosteri "WizAir" və "Pegasus" kimi aşağı büdcəli aviaşirkətlərlə rəqabət apara bilmədi. "Buta" artıq uğursuz bir layihəyə çevrilmişdi. Bu layihənin heç bir əhəmiyyətli rəqabət gücü yox idi və əvəzində xərcləri artırdı. Əlbəttə, loukosterin yaradılması yaxşı addım idi. Amma təəssüf ki, istənilən nəticə əldə olunmadı".

Ekspert sosial şəbəkələrdə yazılan fikirlərlə razı olmadığını deyir: "Faktiki olaraq "Buta Airways" heç də ucuz aviaşirkət deyildi. Digər loukosterlər kimi yaxşı şərtlər irəli sürmürdü. AZAL-ın açıqlamalarından belə nəticəyə gəlmək olar ki, onlar xidmətlərini diversifikasiya edəcəklər, yəni, seçimləri artıracaqlar. "Buta" paketi müəyyənləşdiriblər. Yəni, siz AZAL-ın xidmətini seçəndə artıq nisbətən aşağı ekonomik variant kimi bu paketdən istifadə edə biləcəksiniz. Düşünürəm ki, "Buta Airways"-in ləğvi bir qədər xərcləri aşağı sala bilər".

"Burada əsas problem hava limanlarının və hava xətlərinin AZAL-ın idarəetməsində olmasıdır. Bu zaman digər aviaşirkətlər bazara buraxılmırlar və nəticədə monopoliya yaranır. Amma hava limanı ayrıca qurum tərəfindən idarə olunsa, belə bir hal yaşanmaz. Hava limanları rentabelli şəkildə fəaliyyət göstərməlidir. Yəni, bazarda müxtəlif aviaşirkətlər olmalı, aviaxidmətlərin sayı artırılmalıdır. Bu zaman qiymət rəqabəti yarana bilər. İkinci bir məsələ odur ki, AZAL işin gəlirli tərəfini, yəni yük daşımaları "Silk Way" şirkətinə verib. Özü isə yalnız sərnişindaşıma xidməti ilə məşğul olur. Bu da AZAL-ın imkanlarını məhdudlaşdırır. Bu cür olanda xərclər AZAL-da toplanır, "Silk Way" isə ancaq xeyir götürür. Fikir versək görərik ki, AZAL hər il zərər etdiyinə dair hesabat paylaşır. Şirkət təkcə 2022-ci ildə quru sərhədləri bağlı olduğu üçün mənfəətlə işləyib. "Silk Way" isə hər il çox böyük mənfəət əldə edir. Belə olan halda AZAL ağlı kəsən qiymət siyasətini tətbiq edir və insanlar da məcburən bu xidmətlərdən istifadə etməli olurlar",-deyə ekspert bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.