Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Surət Hüseynovun ölümündə ŞÜBHƏLİ MƏQAM: "Cəsədi..."

1-08-2023, 12:22   


1959-cu ildə Gəncə (o vaxt Kirovabad adlanırdı) şəhərində doğulmuş, Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynov 64 yaşında İstanbulda vəfat edib.

Hüseynovun köməkçisi Könül Rafiqqızı BBC-yə açıqlamasında Surət Hüseynovun “tədricən zəhərləndiyini” iddia edib. Onun sözlərinə görə, keçmiş Baş nazirin heç bir xəstəliyi olmayıb, amma bir il öncə Sürət Hüseynov Türkiyədə “taqətdən düşəcəq qədər zəifləməyə” başlayıb.

BBC Azərbaycanca İstanbulda səhhəti pisləşən Surət Hüseynovun ilk gətirildiyi Arnavutköy Dövlət Xəstəxanasından öyrənə bilib ki, təcili yardım hadisəsi ilə bağlı "intihar, zəhərlənmə və ya zərbə şübhəsi" olduğu üçün Surət Hüseynovun qeydiyyatı "adli durum" kimi aparılıb.

"Şəxsin sağlamlığının pisləşməsinə səbəb olan vəziyyətə görə şəxsin özünün və/və ya digər şəxslərin məsuliyyət daşıya biləcəyinə dair şübhələrin olduğu hallar" "adli durum" kimi qiymətləndirilir.

Bazar ertəsi yaxınları onun komaya düşdüyünü və İstanbulda xəstəxanaya aparıldığını demişdi.

BBC-nin əldə etdiyi məlumata görə, o, əvvəlcə İstanbuldakı Arnavutköy Dövlət xəstəxanasına, ordan isə Medipol Mega Üniversitetinin xəstəxanasına aparlıb.

Türkiyənin Cümhuriyyət qəzetinin Medipol Mega Üniversitetinə istinadən bildirir ki, Surət Hüseynov bu gün səhər saatlarında İstanbul hava limanında şüurunu ani itirməsi və ürəyinin dayanması səbəbi ilə xəstəxanaya gətirilib, “bütün müdaxilələrə baxmayaraq” həyatını itirib.

Medipol Mega Üniversitetinin yaydıdğı açıqlamada bildirilir ki, Surət Hüseynov əvvəlcə Arnavutköy Dövlət xəstəxanasına aparılmış, sonra isə üçüncü səviyyədə reanimasiyası olan Medipol Mega Üniversitetinə gətirilmişdi. “İlk müayinədə onun huşsuz olduğu, təbii tənəffüsü və ürək döyüntüsü olmadığı məlum olub. Bu vəziyyətdə reanimasiya müdaxiləsi davam etdirilib və lazımi tibbi müalicələr aparılıb. Lakin bütün cəhdlərə baxmayaraq, onu geri qaytarmaq mümkün olmayıb”, - Cümhuriyyət qəzeti universitetin açıqlamasına istinad edib.

“Cümhuriyyət” Surət Hüseynovun nəşinin tibbi ekspertizaya göndərildiyini yazıb.

"Şam kimi əridi"

Surət Hüseynovun köməkçisi Könül Rafiqqızı bildirib ki, bir il əvvəl Surət Hüseynov müayinə olunmaq üçün Türkiyədə bir xəstəxanaya müraciət edib, ona öd kisəsində daş olduğu deyilib, buna inanmadığı üçün o, başqa xəstəxanaya müraciət edib və əvvəlki diaqnoz burda təsdiqlənməyib.

Onun dediyinə görə, Türkiyədə müalicəni dayandırandan sonra tədricən səhhəti qaydasına düşsə də tam sağala bilməyib: “Bizə məlum olmayan səbəbdən 1 il ərzində zəiflədi və şam kimi əridi. İstər Türkiyədə, istər Rusiyada analizlər heç bir ölumcül xəstəlik üzə çıxarmadı. Mən onun qidayla ardıcıl zəhərləndiyi düşüncəsindəyəm”, o deyib.

Könül Rafiqqızı bildirib ki, Surət Hüseynov Azərbaycana qayıdaraq siyasi fəaliyyətə başlamağa qərar veribmiş:

“Onun siyasətə qayıtmaq məqsədi hər kəsə aydın idi və 2019-dan başlayan müsahibələri, bəyanatları bunu açıqca ortaya qoyurdu”, - Könül Rafiqqızı deyib.

Surət Hüseynov 2020-ci il sentyabrın 7-də BBC Azərbaycancaya verdiyi müsahibəsində Əliyev hakimiyyətini sərt tənqid etmişdi.

Surət Hüseynov kim idi?

“Qiyamçı polkovnik” kimi tanınan Surət Hüseynovun adı daha çox 1993-cü il iyun ayında Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinə qarşı Gəncə qiyamında və dövlət çevrilişində hallanır.

Surət Hüseynov 1993-cü ildə həmin vaxt Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Heydər Əliyev tərəfindən Baş nazir təyin olunub.

Bundan əvvəl o, Azərbaycan Ordusunun korpus komandiri, Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi və Azərbaycan Milli Qəhrəmanı olub.

1994-cü ildə o vaxt Prezident olan Heydər Əliyev onu oktyabrın 4-də Gəncə şəhərində baş vermiş dövlət çevrilişi ilə əlaqəsi olmaqda ittiham edərək Baş nazir postundan azad etmiş, bir neçə gün sonra başqa bir sərəncamla onu Azərbaycanın Milli Qəhrəmanı adından məhrum etmişdi.

1985-ci ildən işlədiyi Yevlax yun fabrikində direktoruvəzifəsinə qədər yüksələn Surət Hüseynov 1990-cı illərin əvvəlində Qarabağ münaqişəsi başlayanda könüllü batalyon yaratmış və döyüş əməliyyatlarına ciddi maddi dəstək vermişdi.

Onun bu fəaliyyəti tezliklə Surət Hüseynovu nüfuzlu bir şəxsə çevirmiş və o, Baz nazirin müavini və Prezidentin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi postuna qədər qalxmış, eyni zamanda milli orduda korpus komandiri olmuşdu.

1992-ci ilin iyun-oktyabr aylarında Qarabağ ərazisində gedən döyüşlərdə Surət Hüseynovun rəhbərlik erdiyi hərbi qüvvələr müəyyən uğurlar əldə etdiyi üçün Prezident sərəncamı ilə Milli Qəhrəman adına layiq görülmüşdü.

Amma az sonra onun həmin vaxt hakimiyyətdə olan AXC rəhbərliyi ilə münasibətlərində yaranmış ziddiyyətlər sonradan Surət Hüseynovun tabesizliyinə gətirib çıxarmış, “4 iyun qiyamı” kimi xatırlanan Gəncə hadisələri baş vermişdi.

1993-cü ildə baş vermis Gəncə hadisələri nəticəsində Surət Hüseynova tabe olan hərbi hissəni tərk-silah etməyə getmiş Prezident Qvardiyası ilə hərbi hissə arasında atışma baş vermis, hər iki tərəf itki vermişdi.

Hadisələrin ölkədaxili qarşıdurma nöqtəsinə doğru inkişafı fonunda o vaxtkı Prezident Əbülfəz Elçibəy Naxçıvan Ali Məclisin sədri olan Heydər Əliyevi Bakıya dəvət etmiş və o, Surət Hüseynovla danışıqlar aparmağa başlamış, iyunun 15-də Ali Sovetin o vaxtkı sədri İsa Qəmbər istefaya getmiş, onu Heydər Əliyev əvəzləmişdi. İyunun 17-nə keçən gecə isə Əbülfəz Elçibəy paytaxtı tərk edərək Naxçıvana, doğulduğu Kələki kəndinə getmişdi.

Sonradan Ali Sovet onun Prezident səlahiyyətlərini ləğv edərək Heydər Əliyevə vermişdi.

Surət Hüseynov BBC Azərbaycancaya müsahibəsində AXC rəhbərliyi ilə arasındakı ziddiyyətlərin birincinin Qarabağ müharibəsində atəşkəsə razılaşmasından doğduğunu, sonradan qışda hücuma keçmək əmri aldığını və hava şəraitinə görə buna etiraz etməsindən qaynaqlandığını bildirmişdi.

O, müsahibəsində Gəncə hadisələrində təqsiri olmadığını demiş, “4 iyun qiyamı”nda AXC hakimiyyətində təmsil olunan bəzi şəxsləri günahlandırmışdı.

BBC-yə müsahibəsində Surət Hüseynov demişdi ki, o, Prezident Elçibəyin istefasını tələb etməmiş, əksinə, Əbülfəz bəyin Kələkiyə getməsinin onun üçün gözlənilməz olduğunu bildirmişdi.

Bu müsahibəsində Surət Hüseynov iyun hadisələrinə görə özünü günahkar bilmədiyini demiş və buna görə “xalqdan üzr istəmək niyyətində” olmadığını vurğulamışdı.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Surət Hüseynov Baş nazir vəzifəsinə gətirilmiş, amma 1994-cü ilin oktyabrında baş vermis, Əliyev hakimiyyətinin dövlət çevrilişinə cəhd kimi qiymətləndirdiyi hadisələrdən sonra vəzifəsini, Milli Qəhrəman adını itirmiş, sonradan həbs olunmuş və ömürlük həbsə məhkum edilmişdi.

2004-cü ildə o, Prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunmuş və uzun illər sükunətini qorumuşdu.

Surət Hüseynov 2020-ci ildə BBC Azərbaycancaya müsahibə verib. Həmin müsahibəyə buradan baxa bilərsiniz.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar