Ələkbərov və Rokfellerlər niyə narahatdır?

25-09-2014, 13:53   
Ələkbərov və Rokfellerlər niyə narahatdır?“Rusiyanın “Lukoyl”, Amerikanın isə “Rokfeller” neft nəhənginin fəaliyyət istiqamətində yeni addımların atılmasının altında tədbirləyici məqamlar yatır”.
Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov “Lukoyl” və “Rokfeller” neft şirkətlərinin yeni fəaliyyət istiqamətini şərh edərkən deyib. Ekspertin sözlərinə görə, neft şirkətləri, xüsusilə də mavi qazın istehsalı ilə məşğul olan bu şirkətlər öz istehsal coğrafiyasını diversifikasiya (şaxələnmə) etməyə çalışırlar:
“Əsas məsələ ondan ibarətdir ki, investisiyanın diversifikasiya olunması birmənalı şəkildə həmin şirkətlərə daha dayanıqlı gəlir imkanı verir . Bu da bir sektordan asılılığı aradan qaldırır. Hər iki dünyaca məhşur şirkətin enerjidən kənar sektorlara vəsait yönəltməsi investisiyaların diversifikasiyası ilə bağlıdır ki, bu da həmin şirkətə gələcəkdə neft bazarında qiymət azalmasından sığortalanmaq imkanı verəcək. “Lukoyl”un enerjidən kənar sferaya investisiya yönəltməsi onu göstərir ki, şirkətin gələcəkdə neftin qiymətində kəskin azalmaların olacağı ilə bağlı müəyyən narahatlığı var. İkincisi isə bu azalmanın baş verməsi zamanı şirkətin investisiya imkanlarının ciddi şəkildə məhdudlaşacağı ilə bağlıdır. Buna görə də “Lukoyl” öncədən qabaqlayıcı tədbirlər həyata keçirir. Nəzərə alaq ki, şirkət Rusiyanın ən böyük neft şirkətlərindən biridir, Rusiya isə hazırda sanksiyalara məruz qalan ölkədir. Hələlik sanksiyalar Rusiyada neft ixracatına təsir göstərmir, amma İran, İraq kimi ölkələrin timsalında sanksiyaların artırılması coğrafiyasına diqqət yetirsək görərik ki, Rusiyanın neft ixracatına müəyyən sanksiya və kvotaların tətbiqi və belə olan halda ölkənin gələcəkdə nefti yalnız mübadilə yolu ilə sata biləcəyi istisna deyil. Bu da “Lukoyl”un gələcəkdə Rusiyanın neft ixracının kəskin aşağı düşməsi ilə gəlirlərinin azalmasından dolayı yaranan narahatlığını əsaslandırır. Buna görə də şirkət sanksiyalar daha geniş hal almadan başqa sektorlara investisiya qoymaqla özünü sığortalamağa çalışır”.
Ekspertin fikrincə, ikinci bir məsələyə - alternativ enerji mənbələrinin kəşfinə gəldikdə isə bu, Rusiya-Qərb qarşıdurması üçün yeni bir mesajdır:
“Mesaj ondan ibarətdir ki, Qərb artıq birmənalı şəkildə alternativ enerjinin satılması və kəşfi ilə bağlı investisiyaların həcmini artıracaq. Söhbət innovatik olaraq tədqiqat mərkəzlərinə alternativ enerji mənbələrinin tapılmasına görə Qərbin ciddi dəstəyindən gedir. Gözlənilən odur ki, Rusiya- Qərb qarşıdurması və gələcəkdə Rusiyanın iqtisadi baxımdan ciddi şəkildə sıxışdırılması üçün Qərb alternativ enerji kəşfinə daha çox vəsait xərcləyəcək. Bu da praktik olaraq Rusiyanın enerji imkanlarını minimuma endirə bilər. “Lukoyl” isə məhz belə bir təhlükənin yarana biləcəyindən ehtiyatlanaraq bu addımı atıb.
Bu, Azərbaycan üçün də keçərlidir. Bildiyiniz kimi, ölkədə Dövlət Neft Fondu tərəfindən vəsaitlərin diversifikasiyası (şaxələnməsi) həyata keçirilir. Neftdən alınan gəlirlərin qeyri-neft sektorlarına yatırılmasını məqsədəuyğun hesab edirəm. Çünki ancaq belə olan təqdirdə Azərbaycan gələcəkdə alternativ enerji mənbələrinin tapılması və enerji ixracatı ilə bağlı hər hansı regional problemlərdən konpensasiya oluna bilər.
Xatırladaq ki, ötən gün Rokfeller Qardaşları Fondu mətbuat konfransında neft biznesindən çəkilmək barədə düşündüklərini və ekoloji baxımdan daha təmiz sahələrə investisiya yatırmaq istəklərini açıqlayıblar. “Lukoyl” isə Arxangelsdə almaz yataqlarına sərmayə yatırıb və ilk partiya ötən gün tamamilə satılıb. Şirkət prezidenti V.Ələkbərov bu yeni sahədə uğurları davam etdirmək niyyətini dilə gətirib.
Dünyanın bu iki neft nəhənginin neft biznesindən başqa sahələrə də yatırım qoyması birmənalı qarşılanmır. Bəzi mütəxəsislərin fikrincə, artıq alternativ enerji qaynaqları yaxın on ildə çıxa və neft biznesi tədricən süquta uğraya bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.