Laçın postunun əks tərəfində Ermənistanın “TIR şousu” davam edir. Aksiyanın 10 gündür davam etməsinə baxmayaraq, rəsmi Bakı qərarlı mövqeyindən geri addım atmır. Bununla belə bir sual diqqət çəkir: TIR-lardakı ərzaq məhsulları xarab olub? Elədirsə, TIR-ların sərhəddə gözləməsi nə ilə bağlıdır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli TIR-ların içərisində nəyin olmağının bizim üçün elə də maraqlı olmadığını deyib:
“Bu günə qədər ermənilərə humanitar yük adı altında dəfələrlə silah-sursat gətirilmə faktı artıq bizə məlumdur. Laçın sərhəd buraxılış məntəqəsinin qarşı tərəfindəki TIR-ların da içərisində silah-sursatın olması mümkündür. Laçında TIR-lar Ermənistan sərhədləri çərçivəsində dayandığı təqdirdə bu bizim üçün risk mahiyyəti kəsb etmir.
TIR-lar Laçın buraxılış məntəqəsindən keçsə idi, onsuz da yoxlanılacaqdı. Bu isə hələlik baş vermir. Rəsmi Bakının məsələ ilə bağlı mövqeyi birmənalıdır. Humanitar yüklər Ağdam-Xankəndi yolu vasitəsilə çatdırıla bilər”.
Politoloq deyib ki, TIR-larda ərzaq məhsulları varsa, onların bəziləri 10 gün ərzində mütləq xarab olmalıdır:
“Düzdür, bəzi TIR-lar ərzaqların xarab olmaması üçün xüsusi soyuducu sistemə malikdir. Lakin biz heç həmin TIR-larda belə avadanlıqların olub-olmadığını bilmirik. Yəni bəzi məhsulların bu 10 gün ərzində xarab olması realdır”.
Q.Hüseynli deyib ki, Ermənistanın humanitar fəlakət şousu iflasa uğrayacaq:
“Bu yersiz bir inaddır. Azərbaycan geri addım atmayacaq. Bu istiqamətdə Bakıya təzyiq etmək üçün heç bir ölkənin səlahiyyəti yoxdur. Bəzi iddialar var ki, məsələ BMT TŞ gündəliyinə daşınacaq. Bu da bizi qorxutmur. Onsuz da adıçəkilən təşkilat illərdir yekdil qərar verə bilmir. Heç qəbul etdikləri 4 qətnamə də 30 il ərzində icra edilmədi”.