“Aldadıb saxladılar və oğurladılar”: Vaqif Xaçatryanın həbsi barədə Ermənistanda nə danışırlar

21-08-2023, 11:20   



Rəsmi Bakı onu 1991-ci il dekabrın 22-si Azərbaycan kəndinə hücum çəkməkdə ittiham edir

Yuliya Koral, “Mediaşəbəkə”

Avqustun 9-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Ermənistana Vaqif Xaçatryan haqqında Azərbaycandan aldığı məlumatı ötürüb, – bu barədə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsinin ofisi xəbər verib. Vaqif Xaçatryan haqqında məlumatlar onun qohumlarına çatdırılıb. AİHM həmçinin Ermənistana etriraz etməsi üçün avqustun 16-dək vaxt verib.  

Saxlanma

2023-cü il iyulun 29-da Azərbaycan sərhədçiləri 68 yaşlı Vaqif Xaçatryanı – Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın dəhlizi ilə Ermənistana müalicəyə apardığı xəstələrdən birini saxlayıb.   

Azərbaycanın Baş Prokurorluğunda Xaçatryanın saxlanma səbəbinin cinayət işi olduğunu söyləyiblər – Xaçatryan Ermənistana getməyə cəhd edərkən saxlanıb, belə ki, o, 1991-ci il dekabrın 22-si Azərbaycan kəndinə hücum etmə ittihamına görə axtarışda olub.  

“Müəyyən edilib ki, həmin gün Azərbaycan Respublikasının vətəndaşı, 1955-ci ildə Əsgəran rayonunun Badar kəndində anadan olmuş və yaşamış, Xankəndi şəhərinin avtomobil nəqliyyat müəssisəsində işləmiş Xaçatryan Vaqif Çerkezoviç erməni millətindən olan digər şəxslərlə birgə yalnız azərbaycanlıların yaşadığı Meşəli kənd sakinlərini məhv etmək məqsədilə müxtəlif silah növlərindən, o cümlədən odlu silahlardan və hərbi piyada maşınlarından istifadə etmiş, yuxarıda qeyd olunan kəndə hücum çəkmiş, 25 azərbaycanlını öldürmüş, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmiş, 358 azərbaycanlını beynəlxalq hüquq normalarında və Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş şəkildə yaşadıqları ərazidən heç bir əsas olmadan qovmuşdur”, – prokurorluğun məlumatında deyilir.   

Vaqif Xaçatryan Azərbaycan CM-nin 103-cü (soyqırım) və 107-ci (əhalinin deportasiyası və ya məcburi köçürülməsi) maddələri ilə ittiham olunur, qurum xəbər verib.

“Xaçatryanın harada yerləşdiyi istintaqa məlum olmadığı üçün o, beynəlxalq axtarışa verilib və 2013-cü il noyabrın 12-si məhkəmə ona həbs cəzası kəsib. Vaqif Xaçatryan axtarış tədbirləri nəticəsində 2023-cü il iyulun 29-da Azərbaycan-Ermənistan dövlət sərhədinin “Laçın” məntəqəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. O, həmin gün Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə müalicə məqsədilə Ermənistan Respublikasına getməyə cəhd edib”, – press-relizdə qeyd olunub.

Baş Prokurorluq Vaqif Xaçatryanın Bakıda tibb müəssisəsinə yerləşdirilməsini, ona zəruri tibbi yardım göstərilməsini təmin edəcəyinə, həmçinin BQXK nümayəndələrinin ona baş çəkməsi üçün şərait yaradacağına söz verib.       

Xaçatryanın qızlarından biri, Sovinarın dediyinə görəatası Ermənistana ürəyindən əməliyyat olunmaq üçün gedirmiş. O, sənədləri yoxlanılarkən özünü pis hiss edib, lakin Azərbaycan nəzarət-buraxılış məntəqəsinin əməkdaşları onu söhbət üçün götürüb, sonra naməlum istiqamətdə aparıb. Hüquq müdafiəçiləri Xaçatryanın saxlanmasını “beynəlxalq humanitar hüququn pozulması” adlandırıb.    

Sovinarın sözlərinə görə, Xaçatryanın ittihamı barədə məlumat həqiqətəuyğun deyil – o, həmin illər sürücü olub və həyatı boyu sürücü işləyib, heç vaxt insanlara rəhbərlik etməyib və heç vaxt haradasa komandir olmayıb.

Sovinarın dediyinə görə, atası Ermənistana təcili ürək əməliyyatına getməli imiş. “O, artıq nəzarət-buraxılış məntəqəsində özünü pis hiss edib, ayaq üstə zorla dayanıb”, – qadın qeyd edib.

Ermənistan XİN-i azərbaycanlıların “Dağlıq Qarabağ”ın beynəlxalq humanitar müdafiə altında olan sakinini saxlamasını beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması adlandırıb. “Biz BQXK-nın müşayiəti ilə Arsaxdan (qondarma Dağlıq Qarabağ – redaksiyanın qeydi) Ermənistana müalicə məqsədilə aparılan 68 yaşlı xəstənin qeyri-qanuni şəkildə müəyyənləşdirilmiş nəzarət-buraxılış məntəqəsində Azərbaycan sərhəd xidmətinin əməkdaşları tərəfindən oğurlandığına görə narahatıq”, – Ermənistan XİN-nin mətbuat katibi Ani Badalyan öz “Twitter” hesabında yazıb.     

Ermənistan sabiq ombudsmeni, hüquq müdafiəçisi Arman Tatoyan “Twitter”də qeyd edib ki, azərbaycanlıların Laçın dəhlizində olması aşkar qanuna ziddir. 

Arayış: Laçın dəhlizi 2022-ci il dekabrın 12-dən aprelin 28-dək azərbaycanlı piketçilər tərəfindən mühasirəyə alınıb. Onlar təkcə sülhməramlıların və Qızıl Xaçın maşınlarını buraxıblar. Azərbaycan tərəfi aprelin 23-ü Laçın dəhlizinin girişində buraxılış məntəqəsi qurub. Stepanakert (Xankəndi) bu nəzarət-buraxılış məntəqəsini “Dağlıq Qarabağ”ın mühasirəsinin tərkib hissəsi hesab edir. Yerevanda və Stepanakertdə (Xankəndidə) Ermənistanla “Dağlıq Qarabağ” arasındakı yolun mühasirədən azad olunması tələbi ilə etiraz aksiyaları keçirilir.    

İyunun 15-də “Dağlıq Qarabağ” hökuməti bəyan edib ki, Azərbaycan Laçın dəhlizi ilə bütün humanitar sərnişin və yük daşımalarını qadağan edib. “Dağlıq Qarabağ”da ictimai nəqliyyatın işi tamamilə dayandırılıb, ərzaq, sənaye malları, nağd pul qıtlığı yaşanır.

İyunun 14-ü Azərbaycan XİN-i bəyan edib ki, ölkə hakimiyyəti BQXK maşınlarının “Laçın” buraxılış məntəqəsindən keçməsini yalnız bir şərtlə bərpa etməyə hazırdır: buradan qaçaq mallar keçirilməyəcək. Qızıl Xaç elə həmin gün ağır xəstələrin Laçın dəhlizindən keçirilməsini bərpa edib.  

“Dağlıq Qarabağ Səhiyyə Nazirliyi” avqustun 8-i xəbər verib ki, Laçın dəhlizinin mühasirəsi və dərmanların yoxluğu səbəbilə ölüm və xəstəlik halları artıb, ərzaq qıtlığı və stres hamilələrdə düşüşün, həmçinin qan azlığının çoxalmasına gətirib çıxarıb.   

Tatoyanın dediyinə görə, mövcud təcrübəyə uyğun olaraq, BQXK insanları Ermənistana köçürməzdən əvvəl bu barədə Azərbaycan tərəfini məlumatlandırır və ona siyahı təqdim edir. O cümlədən, Xaçatryan barədə məlumat da təqdim olunub. “Azərbaycanlı hərbçilər bilərəkdən yalan vasitəsilə Arsax (tanınmamışa Dağlıq Qarabağ belə adlanır) sakinini yanlarına gətirib və onu oğurlayıblar. Onun həyatının təhlükə altında olması aşkardır və bu oğurluq siyasi hesabla gerçəkləşdirilib”, – Tatoyan bəyan edib.

Hüquq müdafiəçisi əlavə edib ki, bu cür əməllər qeyri-beynəlxalq hərbi münaqişələrin qurbanlarının müdafiəsini nəzərdə tutan Cenevrə konvensiyasının 12 avqust 1949-cu il tarixli Əlavə protokolun 37-ci maddəsi ilə qadağandır (8 iyun 1977-ci il tarixli II Protokol).

“Xaçatryanın başına gələnlər bir daha təsdiqləyir ki, azərbaycanlı hərbçilərin Laçın dəhlizində olması aşkar qanuna ziddir”, – Tatoyan qeyd edib. “Bu, yeni cinayətlərin, zorakı yoxolmaların, insanların oğurlanmasının mənbəyidir. Söhbət erməni yaşayış məntəqəsinə yaxın ərazidə istənilən azərbaycanlının mövcudluğundan gedir”, – o qeyd edib.  

İctimai reaksiya və Azərbaycana qarşı cinayət işi

İyulun 29-da “Dağlıq Qarabağ”dan olan tələbələr Yerevanda Qızıl Xaçın binasının qarşısında müddətsiz etiraz aksiyası elan ediblər. Onlar Azərbaycan nəzarət-buraxılış məntəqəsində saxlanılmış Vaqif Xaçatryanın azad olunması üçün ölçü tədbirlərinin görülməsini tələb ediblər.   

Elə həmin gün Stepanakertdə (Xankəndində) BQXK ofis binasının qarşısında etiraz aksiyası keçirilib. Aksiyada 500-dən çox adam iştirak edib. Aksiya iştirakçıları Xaçatryanın evə qaytarılmasını tələb ediblər. BQXK-nin əməkdaşları, həmçinin Xaçatryanın qohumlarının müraciət etdikləri rus sülhməramlıları bunun üçün əllərindən gələni edəcəklərini söz veriblər.

Daha sonra BQXK “Twitter”də xəbər verib ki, təşkilat nümayəndələri, o cümlədən həkim Vaqif Xaçatryana baş çəkib və ona ailəsi ilə əlaqə saxlamağa imkan yaradıb.

Həmçinin iyulun 29-da “Dağlıq Qarabağın Baş Prokurorluğu” Vaqif Xaçatryanın oğurlanması faktı üzrə Azərbaycana qarşı cinayət işinin qaldırılması barədə bəyan edib:

“Baş verən olayla bağlı Arsaxın (Dağlıq Qarabağın) MTX-i “Dağlıq Qarabağ”ın CM-nin 418-ci maddəsinin 1-ci hissəsi üzrə (insan təhlükəsizliyinə qarşı cinayət) cinayət işi açıb (…) iş üzrə məhkəmə öncəsi cinayət icraatının qanuniliyinin nəzarətini prosessual rəhbərliyi Arsax Respublikasının Baş Prokurorluğunun baş prokuroru həyata keçirir”, – qurum həmçinin xəbər verib. 

İyulun 31-də onlarla tələbə Qırmızı Xaçın Yerevan ofisini mühasirəyə alaraqtəşkilatın sakin Xaçatryanın azad olunmasında iştirakını tələb edib.

Bu aksiyada həmçinin Xaçatryanın qızı Sovinar iştirak edib. O, eyni zamanda BMT-ni atasının azad olunmasına kömək etməyə çağırıb.

Sovinar əlavə edib ki, ailə üzvlərindən heç biri indiyədək atası ilə əlaqə saxlaya bilməyib. “Atamız haqda heç bir məlumatımız yoxdur. Onun sadəcə Bakı xəstəxanalarından birində olduğunu oxumuşuq”, – o deyib.     

AİHM-yə müraciət

İyulun 30-da Ermənistan Vaqif Xaçatryanın işi üzrə AİHM-ə müraciət edib və Azərbaycana münasibətdə aralıq ölçü götürülməsini tələb edib. Bu haqda Ermənistanın beynəlxalq məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan “Facebook”da rəsmi səhifədə xəbər verib.

“Vaqif Xaçatryanın müdafiəsi ilə bağlı AİHM-ə Azərbaycana münasibətdə aralıq ölçü götürülməsi tələbi ilə ərizə verilib”, – o yazıb və əlavə edib ki, daha sonra vəziyyətin gedişatı haqda əlavə olaraq xəbər verəcək.     

“Dağlıq Qarabağ ombudsmeninin ofisi” xəbər verib ki, şahidlərin söylədiyinə görə, nəzarət-buraxılış məntəqəsində sənədlər yoxlanıldıqdan sonra azərbaycanlı sərhədçilər Xaçatryana pasportunu qaytarmayıb.

Hüquq müdafiəçisinin, “Dağlıq Qarabağ dövlət naziri köməkçisi” Artak Beqlaryanın dediyinə görə, “Azərbaycan hakimiyyətinin Vaqif Xaçatryana qarşı sürdüyü ittihamlar yalandır”.

“Vaqif Xaçatryan 1955-ci ildə Arsaxda (Dağlıq Qarabağda) anadan olub, Patar kəndində yaşayır. O, bütün kişilər kimi, 1991-1994-cü illərdə öz ölkəsini qoruyub. Bu gün onu qızının və BQXK nümayəndələrinin gözü qarşısında oğurlayıblar. Ona qarşı kökündan yalan olan ittihamlar irəli sürülüb. Azərbaycanın ittihamları yalandır, belə ki, Meşəli kəndində belə bir cinayət baş verməyib”, – Artak Beqlaryan “Twitter”dəki mikrobloqunda yazıb.    

Elə həmin gün, iyulun 30-da “Dağlıq Qarabağ” beynəlxalq strukturlardan Azərbaycanın Vaqif Xaçatryanı saxlaması və Laçın dəhlizini mühasirəyə alması ilə bağlı əməllərinə hüquqi qiymətləndirmə verməsini tələb edib.   

“Dağlıq Qarabağın ombudsmeni” Xaçatryanın hüquqlarının müdafiəsi üçün “BQXK-nin mandatına uyğun olaraq, Vaqif Xaçatryanın Arsaxa (Dağlıq Qarabağa) qaytarılması ilə bağlı bütün ölçü tədbirlərinin görülməsini, o, geri qaytarılanadək hüquq müdafiəsinin təmin edilməsini, ona işgəncələr verilməsi və onunla qeyri-insani davranılması hallarının istisna olunmasını tələb edib”.  

Dağlıq Qarabağın XİN-i həmçinin Xaçatryanın saxlanılmasını şərh edib. Qurumun bəyanatında deyilir ki, “Arsax (Dağlıq Qarabağ) Azərbaycanın nəzarətinə keçirildiyi halda Arsax (Dağlıq Qarabağ) erməniləri yaşamaq şansından və layiqli davranışdan məhrum olurlar”. 

“Dağlıq Qarabağın prezidenti” Araik Arutyunyan beynəlxalq hüquq sahəsində aparıcı mütəxəssis, Beynəlxalq cinayət məhkəməsinin sabiq baş prokuroru, Harvard və Yel universitetlərinin müəllimi Luis Moreno Okampoya “Dağlıq Qarabağın mühasirəsinin dərinləşməsinin soyqırım cinayətinin əlamətlərinə uyğun olub-olmaması barədə ekspert fikri” təqdim etməsi xahişi ilə məktub göndərib. Bu barədə “Dağlıq Qarabağ” hakimiyyətinin mətbuat xidməti xəbər verib.  

Bakı isə Xaçatryanın saxlanılması ilə bağlı Yerevanın ittihamlarını rədd edir – Azərbaycan XİN-i Vaqif Xaçatryanın saxlanılması ilə bağlı Ermənistanın XİN-nin Azərbaycan tərəfini beynəlxalq humanitar hüququn pozulmasında ittiham etməsini əsassız adlandırıb. Bildirib ki, Azərbaycan hərbi cinayətlərdə iştirak etmiş şəxslərin cəzalandırılmasına davam edəcək.     

Qurum qeyd edib ki, Vaqif Xaçatryan Ermənistana müalicə üçün getdiyinə görə, “onun Bakıda tibb müəssisəsinə yerləşdirilməsi təmin olunub və ona zəruri tibbi yardım göstərilib”, – dərcdə deyilir.


Sonrakı hadisələr

Bakı hüquq müdafiəçiləri Xaçatryanın saxlanmasını şübhəlilərin açıq olmayan reyestri ilə bağlayırlar. Azərbaycanın Baş Prokurorluğu uzun illərdir ki, ehtimal olunan hərbi cinayətkarların ictimaiyyətdən qapalı siyahısını tərtib edib, – hüquq müdafiəçisi, Azərbaycan Qadın hüquqlarının müdafiəsi cəmiyyətinin nəzdində “Qadın, sülh və təhlükəsizlik” mərkəzinin rəhbəri Dilarə Əfəndiyeva “Kavkazski uzel”in müxbirinə belə deyib.    

Onun fikrincə, siyahı “Laçın” buraxılış məntəqəsindəki sərhədçilərə məlum olub, elə bu səbəbdən də Vaqif Xaçatryanı saxlayıblar. Əfəndiyevanın düşündüyünə görə, bu siyahıda qeyd olunan adlar həmçinin terror əleyhinə beynəlxalq təşkilatlara və İnterpola çatdırılıb. 

“Xaçatryana vəkili dövlət təyin edəcək, amma hələlik bu hüquqşünasın adı məlum deyil”, – o xəbər verib. Əgər azərbaycanlı hüquq müdafiəçilərindən kimsə həmçinin Xaçatryanın müdafiəsində iştirak etməyə qərar verərsə, Baş Prokurorluq “onu bu cür funksiyaları yerinə yetirməsi ilə təmin edəcək”, – Əfəndiyeva qeyd edib. “Biz onun saxlanılma şəraiti və müalicəsi ilə maraqlana bilərik, lakin Xaçatryanı müdafiə etməyəcəyik. Eyni zamanda xidməti vəzifəsinə görə ombudsmen və dövlətin təyin etdiyi vəkil Xaçatryanın işi ilə məşğul olmalıdır”, – hüquq müdafiəçisi deyib.   

Avqustun 1-də AİHM Azərbaycandan Vaqif Xaçatryanın harada yerləşməsi, saxlanma şəraiti, sağlamlıq vəziyyəti, aldığı tibbi yardım və avqustun 8-dək geri qaytarılma ehtimalı barədə məlumat verməsini tələb edib.

Avqustun 3-də Azərbaycanın ombudsmanı Səbinə Əliyeva Vaqif Xaçatryana baş çəkməsi barədə hesabat verib. “O, saxlanıldığı gündən etibarən humanist davranış və keyfiyyətli tibbi yardımla bağlı razılığını bildirib və qeyd edib ki, sağlamlığında müsbət dəyişikliklər baş verib”.  

Elə həmin gün Yerevanda tələbələr etiraz aksiyasına çıxaraq, Vaqif Xaçatryanla videoəlaqənin təmin olunmasını tələb ediblər. Onlar bəyan ediblər ki, bu, Xaçatryanın sağlam olduğuna inanmağa imkan yaradacaq.

Avqustun 8-də Vaqif Xaçatryanın qızı xəbər verib ki, Qızıl Xaç avqustun 7-si atasına baş çəkib. Onlar Xaçatryana dərman verildiyini deyiblər, lakin saxlanılanın qızı Vera Xaçatryan israrla atasına əməliyyat edilməli olduğunu deyir. 

Bundan başqa, Xaçatryanın qızının dediyinə görə, ona atasının məktubunu çatdırıblar. Orada yazılır: “Mənimlə hər şey qaydasındadır, elə-hey sizi düşünürəm, əgər hər şey qaydasında olarsa, qayıdacam”, – “Artaskh Daily” “Telegram” kanalı xəbər verir.

Avqustun 9-da məlum olub ki, AİHM Ermənistana Vaqif Xaçatryan haqqında məlumat verib.

Bu məlumat onun qohumlarına çatdırılıb.

Məhkəmə Ermənistana  etiraz bildirməsi üçün avqustun 16-na kimi vaxt verib.

Meydan.TV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.