«Deputatımız Ilham Əliyev də bura gəlmir ki, dərdimizi ona deyək...»
Xudat şəhər ağsaqqalları adından “Azadlıq”a məktub göndərənlər onları narahat edən məsələdən bəhs edir. Ağsaqqallar Şurasının üzvü Kazım Cəfərov yazır: “Məlumat üçün bildirək ki, Xaçmaz şəhərinin adını Heydər Əliyevin şərəfinə ”Heydərabad" qoymaq istəyirlər. Quruculuq və abadlıq işi, yeni iş yerlərinin açılması Xaçmazda baş verir. Xudata isə ögey və biganə münasibət göstərilir. Xudat əhalisi bu gün ən kasıb günlərini yaşayır. Burada mənim iştirakımla salınmış park baxımsızlıqdan məhv olub. Avqust ayında səhiyyə naziri Oqtay Şirəliyev Xaçmaza gəlsə də, Xudata ayaq basmadı. Çünki o bilirdi ki, Xudatdakı xəstəxana bərbad vəziyyətdədir. Milli Məclisə deputat seçdiyimiz Ilham Əliyev də bura gəlmir ki, dərdimizi ona deyək.
Yada salaq ki, Xruşşovun qərarıyla 1959-cu ildə Xudat, Samux, Siyəzən və Xızı rayonları ləğv edildi. Xudat rayonu Xaçmazla birləşdirildi. Rayonun bədbəxt günləri də bundan sonra başladı. Xruşşov erası bitəndən sonra Xudatdan savayı, adları çəkilən rayonların hamısı yenidən rayon statusu aldı. Əhalisinin sayına və ərazisinə görə həmin rayonlardan bir neçə dəfə böyük olan Xudat isə yox. Xudatda hazırda 65 mindən çox əhali yaşayır. Təkcə Xudat ərazisində çıxan şollar suyundan ölkə büdcəsinə hər il milyonlarla vəsait daxil olur. Xudat, Yalama, Nabran, Müqtədir qəsəbələrində demək olar ki, heç bir abadlıq işi aparmır. Nabran və Müqtədir bələdiyyələri ərazilərində ən səfalı və məhsuldar torpaqları Bakıdan, Sumqayıtdan gələn iş adamlarına satırlar.
Bütün bu səbəbləri nəzərə alaraq, dövlət başçısından xahiş edirik ki, ölkənin sosial-iqtisadi inkişafına dair planlar Xudata da aid edilsin. Həmçinin Xudat şəhərinin Xaçmaz rayonundan asılılığını ləğv etsin.
Prezidentdən bir xahişimiz də odur ki, bizi bu ilin sonuna kimi beş dəqiqəlik olsa da, qəbul etsin. Ona deyiləsi sözümüz çoxdur..."
Azadlıq.info