Hacı Əbdül: “Mübariz Qurbanlıdan olsa, deyər adam öldü, apar quyula getsin”
Son vaxtlar ölkədə toy və yas mərasimləri ilə bağlı müzakirələr cəmiyyətin demək olar ki, bütün sferalarında aparılır. Sabiq deputat, “Tövbə” cəmiyyətinin sədri Hacı Əbdüllə müsahibəmizdə bu mövzudan bəhs etdik.
- Hacı, yas məclislərində qadağaların tətbiq olunması ilə bağlı təklifləri siz necə qarşılayırsınız?
- Çox mənfi qarşılayıram. Mən qadağalar olmasının əleyhinəyəm. Sovet vaxtı, allahsızların at oynatdığı zamanlarda belə İslami adət-ənənələri sıradan çıxara bilmədilər, yas mərasimləri, Məhərrəmlik ayı oldu. İndi yas mərasimlərinə qadağa qoymaq yaxşı əlamət deyil. Keçən həftə Dini Komitənin sədri Mübariz Qurbanlı Yasamal rayonunda din adamları ilə görüş keçirdi, mən də orda idim. Dedi, rayonlara yas mərasimlərinə getmək, başsağlığı vermək lazım deyil. Mən çox təəccübləndim. Necə yəni, yas uzaq rayondadırsa, getmək lazım deyil? O, bir şeyi bilmir ki, hüzr yerinə getmək, hüzr sahibinin yanında olmaq ona təskinlik verməkdir, arxa-dayaq olmaqdır. Mən təəccübləndim və belə qənaətə gəldim ki, bu adam vəhhabilərin yolunu gedir. Vəhhabilər də deyir ki, adam öldü, dəfn elə, başqa heç nə lazım deyil, nə yas məclisi qur, nə yad elə, nə qəbir üstə get. Bu mənada mən çox təəssüflənirəm ki, dindən başı çıxmayan adamları gətirib rəhbər qoyurlar.
- Siz də həmin tədbirdə iştirak edirdinizsə, nədən fikrinizi ordaca bildirib etiraz etmədiniz?
- Mən orda çıxış etdim, öz sözümü dedim, necə vardı fikrimi bildirdim. Dedim, belə ifadə işlətdilər ki, ölkəmizdə heç bir vəhhabi problemi yoxdur. Bir hadisəni də xatırlatdım. Dedim, Hacı Məhərrəmi vəhhabilər yas mərasimindən qovmuşdu. Onda mən gəldim, hüzr sahibinə dedim ki, bunları niyə yığıbsan bura, nə baş verib. Yas sahibi dedi ki, Hacı Məhərrəm vəhhabilərlə mübahisə etdi, acıq edib getdi. Ona görə də dedim, bu ölkədə vəhhabi problemi necə yoxdu ki, səni məclisdən qovurlar? Bu problem var, özü də çox ciddi şəkildə. Mən komitə sədrinin dediklərinə də münasibət bildirərdim. Sadəcə, Mübariz müəllim sonda çıxış etdi və onunla da iclası bağladılar. Hüzr sahibinə başsağlığı vermə, uzaqdırsa getmə, bu, nə deməkdir? Elə vəhhabilərin liderləri də eyni şeyi təbliğ edir də.
- Mübariz Qurbanlı deyir ifratçılığın əleyhinədir. Məgər siz ehsanda ifratçılığı normal sayırsınız ki?
- Nəinki ehsanda, hətta suyun özünün istifadəsində də ifratçılıq etmək olmaz. Müqəddəs kitabda deyir israf eləmə. Bunun qarşısını almaq üçünsə... Amma qulaq as, kim israfçılıq edir? Hüzr sahibi? Deməli, varıdır ki, israfçılıq edir də. Qoy etsin. Belə çıxır ki, ölkədə bütün sahələrdə israfçılığın qarşısı alınıb, bir yasdakı israfçılıq qalıb? Ölkəmiz bütün sahələrdə israfçılığın içində itib-batır. Bu, bilirsən nə üçündür? Xalqın əksəriyyəti o qədər çətin vəziyyətdə yaşayır ki, heç ehsan verə bilmir. Dövlət xalqa normal yaşayış üçün şərait yaratmalıdır. Yaxşı olar ki, camaatın vəziyyətini yaxşılaşdırın, israfçılığın qarşısı öz-özünə alınacaq. Bu gün 100 minlik maşın sürürlər, 1 milyonluq ev tikirlər, bəs bu israfçılıq deyil?! Xalqın malını, sərvətini dünyaya daşıyırlar, bu, israfçılıq deyil?! Görün qudurğanlıq nə həddədir ki, gəlib xalqın məclisindən aş qazanını götürüb aparırlar, xalqın hüzrünü dağıdırlar! Bu hansı qanunda yazılıb? Xalqın mənəviyyatını alçaldırlar. Buna nə deyirlər?
- Şeyxülislam da bu kimi əməllərə qarşı çıxıb. Deməli, siz nəhayət, şeyxlə eyni mövqeni bölüşürsünüz?
“Abutalıbov o boyda Bakının meridir, oğlu vəhhabiliyə qulluq edir, dövlət bunu görmür?!”
- Mən şeyxin mövqeyindən çıxış etmirəm. Şeyxin nə mövqeyi var ki? Sadəcə, həqiqət budur. Mübariz müəllimdən olsa, deyər adam öldü, apar quyla getsin. Bu da birbaşa vəhhabilərin təbliğidir. Şeyx deməsə də, bu, düzgün deyil. Bizim adət-ənənəmiz Peyğəmbər (s.) vaxtından qalıb.
- Komitə rəhbərliyinin arqumenti budur ki, yas sahibinin onsuz da gərgin vaxtında ehsan məsələləri ilə onu bir az da yükləmək düzgün deyil və buna ehtiyac yoxdur. Məgər doğru demir?
- Deyirlər ehsana ehtiyac toxdur. Necə yəni yoxdur? Ehtiyac olmasa, ehsan elə qalar da stolun üstündə. Yeyirlərsə, deməli, ehtiyac var.
- Görürəm ki, siz təklif olunan qaydalarla heç cür razı deyilsiniz. Fikrinizi əsaslandırmaq üçün görüşlər keçirmək, müraciət etmək niyyətiniz varmı? Vəziyyətlə bağlı din xadimlərinin rəsmi etirazı olacaqmı?
- Bu, yalnız din xadimlərinin deyil, xalqın məsələsidir. Məgər ölənlər ancaq din xadimlərinin adamlarıdır, başqaları ölmür? Bu, bütövlükdə xalqın problemidir. Bu dövlətin işi-gücü qurtarıb ki, indi də xalqın başını ehsan söhbətləri ilə qarışdırır? O qədər vacib məsələlərimiz, problemlərimiz var.
- Amma sizin fikrinizdən fərqli olaraq irəli sürülən təşəbbüslər bəzi yerlərdə normal qarşılanır...
- Onların əksəriyyəti ya vəhhabilərdir, ya da vəhhabi olmağa namizəd olanlardır.
- Çox ağır ittiham oldu...
- Bir söz deyim, yaz. Əgər dövlətimiz vəhhabilərlə mübarizə aparmaq istəyirsə, birinci dövlət başında olanlardan başlasın. Hacıbala Abutalıbovun oğlu vəhhabiliyi təbliğ edir. Abutalıbovun və Hacıbala kimilərin qazandığı pullar hamısı Azərbaycanda vəhhabilərin təbliğinə gedir. O boyda Bakının meridir, oğlu vəhhabiliyə qulluq edir, dövlət bunu görmür? Qoy onu cəzalandırsınlar, o biri dövlət adamları da görsün ki, bu işlə məşğul olanların aqibəti necə olur.
“Bu gün 100 minlik maşın sürürlər, 1 milyonluq ev tikirlər, bəs bu israfçılıq deyil? Xalqın malını, sərvətini dünyaya daşıyırlar, bu, israfçılıq deyil?!”
- Azərbaycanda İŞİD təhlükəsi necə, varmı, bu barədə nə deyə bilərsiniz?
- İŞİD məsələsi Azərbaycan üçün çox böyük təhlükədir. İraqda, Suriyada döyüşən İŞİD-çilər bir gün Azərbaycana da gələcəklər. Bu, yaxşı əlamət deyil. Bunun qarşısını almaq, gec də olsa, məsələyə ciddi nəzarət etmək lazımdır. Bu, ümumxalq işidir. Həm dövlət, həm də xalq bununla məşğul olmalıdır. Peyğəmbər (s.) buyurur ki, işlər şübhəli göründümü, təcili qərar çıxar. Bax işlər şübhəlidir. Onunçün tez qərar çıxartmaq lazımdır. Qərara uyğun olaraq da hərəkət etmək lazımdır. Bu işdə güzəştə getmək olmaz ki, bu, dövlətin, bu xalqın adamıdır.
- Hacı, dediklərinizdən belə başa düşdüm ki, siz dövlət komitəsinin rəhbərliyinə etimad eləmirsiniz...
- Yox, mən heç etimad etmirəm. Xüsusilə də onun çıxışından sonra. O ki çıxışında dedi yasa bir dəfə getdin, bu, kifayət edir, mən daha ona necə etimad edim? Xristianlar, yəhudilərdə də hüzr sahiblərinə qarşı belə hərəkət olmur.... Yaxud niyə ehsan verməyə qoymursunuz. Qoy camaat ehsanını versin də. Nə özün verirsən, nə də başqasını qoyursan...
P.S. Müsahibədə adları çəkilən, ittihama məruz qalan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Elşad PAŞASOY