Hakimiyyət vəziyyəti düzəltmək üçün Rusiya faktorundan şantaj kimi istifadə etməyə çalışır
“Obamanın Azərbaycanda vətəndaş cəmiyyətinin problemlərinə dair mesajı yaxşı məlumata əsaslanıb”. Bunu ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müşaviri Tomas Melia “Azadlıq” radiosuna açıqlamasında deyib.
ABŞ prezidenti Barak Obama bu günlərdə deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə inanılmaz əngəllər yaradılır.Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə ABŞ prezidentinin tənqidlərinin obyektiv olmadığını bildirib. Onun dediyinə görə, ABŞ prezidentinə doğru məlumat vermirlər.
“Obama həmin bəyanatı verməmişdən öncə yaxşı məlumatlandırılıb. Biz durumu izləyirik və mən tezliklə Azərbaycana səfər edəcəyimi gözləyirəm”, - deyə Tomas Melia bildirib.
Bir il öncə Azərbaycan hökuməti onun səfərindən imtina edib. Tomas Melia həmçinin Senatın Azərbaycanda səfir postuna Robert Cekutanı təsdiqləyəcəyini gözlədiklərini söyləyib.
“Azadlıq”a daxil olan məlumata görə, Azərbaycan hakimiyyəti Barak Obamanın çıxışından ciddi narahatlıq keçirib. Hakimiyyət fərqindədir ki, ABŞ prezidentinin insan haqları məsələsində Azərbaycanın adını çəkməsi ciddi mesajdır. Təsadüfi deyil ki, Əli Həsənov da Barak Obamanın fikirlərini təzyiq kimi qiymətləndirib. Azərbaycan hakimiyyəti hələlik çıxış yolunu Rusiyaya reveranslarda görür. Rusiya hökumət nümayəndələrinin Bakıya gəlişinin iqtidar mətbuatında bəh-bəhlə təqdim olunması, Azərbaycanın sanki şimal qonşumuzla strateji müttəfiq olduğunun nümayiş etdirilməsi məhz Qərbi şantajdır. Iqtidar düşünür ki, bu yolla Qərbi mövqeyindən çəkindirə bilər.
Lakin görünən odur ki, artıq bu üsullar keçmir. Dünya Azərbaycan hakimiyyətindən üz döndərib və ölkəmizdə demokratiyanın bərqərar olunmasında israrlıdır. Barak Obamanın “vətəndaş cəmiyyətlərinin dəstəklənməsi ABŞ-ın milli təhlükəsizlik məsələsidir” fikri də elə buna eyhamdır. Bundan başqa AŞPA prezidenti Ann Broşur da açıq şəkildə bildirib ki, Azərbaycanda sistem dəyişikliyi baş verməlidir. O, siyasi məhbus məsələsi barədə danışarkən deyib: “Burada sistemdəki problemlərə nəzər salmaq lazımdır. 1-2 nəfərin azad olunmasına mən, təşkilatları və ailələri sevinəcək. Əlbəttə, bu yaxşı haldır, ancaq problemin həlli deyil. Ona görə mövcud sistemin özünü dəyişmək çox vacibdir”.
Azadlıq.info