Hakimiyyət komandasında dağınıqlıq

26-09-2014, 14:12   
Hakimiyyət komandasında dağınıqlıqYaxud xarici siyasətin «Jirinovski uğur»u

Təəccüblənməmək mümkün deyil. Hakimiyyətin bir-birinə zidd addımları o qədər sürətlə baş verir ki, heyrət hissi bizi bürüyür. Dünən söydüklərini, bu gün tərfiləyirlər. Dünən aldıqlarını, bu gün satırlar. Dünən alqışladıqlarını, bu gün “vətən xaini” elan edirlər.

Xatırlayırsınızsa, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Morninqstar “Azərbaycan hakimiyyəti monolit deyil” söyləmişdi. Bu ifadə hakimiyyəti elə qəzəbləndirmişdi ki, Morninqstarı “ruhi xəstə”, ABŞ-ı “terrorçu” adlandırdılar. Ancaq sonrakı dövrlər də sübut etdi ki, Morninqstar tam haqlı imiş. Həqiqətən də hakimiyyət komandası o qədər dağınıqdır ki, eyni məsələyə müxtəlif münasibətlər sərgiləyirlər.

Bu dağınıqlıq Jirinovskinin Bakı səfərinə münasibətdə də ifadə olundu.

Heç kimə sirr deyil ki, Jirinovski türklərə nifrət edir, Azərbaycan xalqını qoyun adlandırıb, Qarabağı Rusiyaya birləşdirmək təklifi verib və son olaraq Qafqaza hücum təklifini irəli sürüb. Sadəcə olaraq, bir müddət öncə Jirinovskinin Ilham Əliyevi tərifləməsi kifayət etdi ki, keçmiş unudulsun və Jirinovski “sevimli qonağ”a çevrilsin.

Amma bütün bunlara baxmayaraq, YAP funksionerləri özündə cəsarət tapıb Jirinovskinin Bakı səfərinə etiraz etmişdi. Siyavuş Novruzov isə, daha aqressiv münasibət sərgiləyərək, Jirinovskidən üzr istəməyi tələb etmişdi: “Jirinovski nəinki, Azərbaycan, ümumiyyətlə, Qafqaz xalqları, türk soyları, Orta Asiya xalqları haqqında ağlına gələn-gəlməyən fikirlər söyləyib və bütün hallarda da çalışıb ki, bu xalqları aşağılasın, onları təhqir etsin. Qaldı Jirinovskinin Azərbaycana gəlmək məsələsinə, istəyirsə, gəlsin. Təbii ki, hər bir vətəndaş Azərbaycana səfər edə bilər. Burada elə bir qəbahət yoxdur. Jirinovski isə Azərbaycan xalqından, azərbaycanlılardan üzr istəyəndən sonra ölkəmizə gələ bilər” - deyə Siyavuş Novruzov bildirmişdi.

Sözümüzün canı odur ki, hakimiyyət sözçüləri Jirinovskinin Bakı səfərini süngü ilə qarşılasalar da, Azərbaycan xalqından üzr istəməli olduğunu vurğulasalar da, onların fikirləri heç bir əhəmiyyət kəsb etmədi. Məlum oldu ki, “mehriban düşmən”in Bakı səfəri qüvvədədir və onu hörmətlə qarşılamaq lazımdır. Yəni hakimiyyət “cəngavər”lərinin günlər əvvəl səsləndirdikləri fikirlər, PA-nın mövqeyini əks etdirmədi. Əvvəl, “pauza” vermək qərarına gəlsələr də, sonradan Jirinovskinin məlum təriflərini qəribçiliyə salmaqdan vaz keçdilər.

Baş verənlərin bu hissəsi onu göstərdi ki, hakimiyyət təmsilçilərinin fikirlərini ciddiyə almaq, buna əsasən fikir yürütmək sadəlövhlükdür. Çünki, bu adamlar ağıllarına gələni yox, ağızlarına gələni danışırlar. Başqa bir tərəfdən məlum olur ki, bu komandanın üzvləri bir-birinin fikirlərinə hörmətlə yanaşmır və səslənən fikirlərə görə məsuliyyət daşımırlar.

Uzun tərəddüddən sonra Jirinovskinin Bakı səfərinə müsbət cavab verilməsi, hakimiyyətin son vaxtlar “tərif”ə tamarzı qalmağı ilə bağlıdır. Uzun illər “kürü diplomatiyası” hesabına Qərbdən “tərif mükafat”ı alan hökumətimiz, indi quru “sağ ol”a da həsrət qalıb. Üstəlik, son günlər Avropa Parlamentində qəbul olunmuş qətnamə, ABŞ prezidentinin Azərbaycanla bağlı tənqidi çıxışı, bütün ümidləri kəsdi.

Ümid ona qalıb ki, Jirinovskini Bakıya gətirib, hakimiyyətin şəninə mədhiyyələr dedizdirələr. Bu yalnız Azərbaycan xalqına qarşı hörmətsizlik deyil, həm də hakimiyyətin xarici siyasətdəki iflasıdır. Məlum olur ki, bunların uğurlu xarici siyasətinin bəhrəsi, bizi qoyun hesab edən Jirinovskinin nümunəsində təcəssüm edir.

Bəlkə də bu təbiidir. Bütün dünyanı “ermənipərəst” edəndən sonra, “Azərbaycanpərəst” də Jirinovski olmalı idi.

Bir sözlə, hörmətli deputatlarımızın tənqid sədaları altında Jirinovski Bakıya gəldi.
Aazdlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.