126 nüfuzlu islam alimi İŞİD liderinə bəyanat ünvanlayıb.
Fərqli ölkələrdən 126 islam aliminin imzası ilə İŞİD lideri Bağdadiyə xitabən bəyanat yazılıb. Müsəlman alimlərin yayımladıqları bəyanatda İslamı təmsil edən şuranın razılığı olmadan xilafət elan etməyin caiz olmadığı bildirilib.
Bu barədə bəyanata imza atanlardan biri olan iordaniyalı moizəçi Əli əl-Xaləbi “Anadolu agentliyi”nə açıqlama verib.
Nəsihət məqsədilə və Allahın İŞİD silahlılarına hidayət etməsi ümidi ilə yazılan bəyanatda Səudiyyə Ərəbistanı, İordaniya, Fələstin, Misir, Tunis, İraq, Sudan, Yəmən, Türkiyə, İngiltərə, Fransa, ABŞ, İsveç, Bosniya və Hersoqovina, İtaliya, Belçika, Bolqarıstan, Arggentina, Kanada, Hindistan, Çin, Malayziya, İndoneziya və Nigeriyadan olan 126 islam aliminin imzası yer alıb.
“İslamda günahsız insanı öldürmək, səfirləri və dolayısı ilə jurnalistləri öldürmək, küfr etməyənləri kafir adlandırmaq, xristianlara və əhli-kitaba pis davranmaq, insanları müsəlman olmağa məcbur etmək, qadın və uşaqların haqlarını əllərindən almaq, ölülərin cəsədlərinə zərər vermək, işgəncə etmək, peyğmbərlərin və səhabələrinin məzarlıqlarını dağıtmaq caiz olmadığı kimi, islam ümmətini təmsil edən şuranın razılığı olmadan xilafət etmək də caiz deyil” – deyə bəyanatda bildirilir. (ans)